Azərbaycan gündəlik neft hasilatını 25 min barel artıracaq

img

01-04-2021 [21:00]


“OPEC plus” ölkələri nazirlərinin 15-ci iclasında gündəlik xam neft hasilatının növbəti üç ay ərzində tədricən 1,1 mln. barrelədək artırılması ilə bağlı qəbul edilmiş qərara Azərbaycan da öz dəstəyini verib.

Energetika Nazirliyindən Mia.az-a verilən məlumata görə, yeni “Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, Azərbaycan gündəlik xam neft istehsalını mayda 8 min barrel, iyunda 7 min barrel, iyulda isə 10 min barrel artıracaq.

Beləliklə, Azərbaycanın yeni hasilat öhdəlikləri mayda 115 min barrel, iyunda 108 min barrel, iyulda isə 98 min barrel təşkil edəcək. Ölkədə gündəlik xam neft istehsalı müvafiq olaraq mayda 603 min barrel, iyunda 610 min barrel və iyulda 620 min barrel həcmində saxlanılacaq.

İclasda çıxışı zamanı energetika naziri Pərviz Şahbazov qlobal neft bazarının “OPEC plus”un adekvat və çevik qərarlarını inamla qarşılamasını və “Əməkdaşlıq Bəyannaməsi” iştirakçıları arasında həmrəyliyi qeyri-sabit bir dövrdə mühüm məqamlar kimi qiymətləndirib. Nazir tənzimləmə tədbirlərində düşünülmüş, ehtiyatlı davranışın və bütün inkişaf ssenarilərinin nəzərə alınmasının vacibliyini vurğulayıb: “Bizim üçün əsas məqsəd neft bazarında ümumi mənafeyə xidmət edən tarazlığın əldə edilməsidir. Hesab edirəm ki, “OPEC plus”un bu dəfəki qərarı da bazar dinamikasının balanslaşdırılması səylərinə töhfə verəcək”.

Qeyd edək ki, Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin ötən ilin dekabrında keçirilmiş 12-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin yanvar ayında 0,5 mln. barrel artırılması, “OPEC plus” nazirlərinin hər ay keçiriləcək görüşləri vasitəsilə kvotaların qarşıdakı aylarda tədricən 2 mln. barrelədək yumşaldılması razılaşdırılmışdı. Bu çərçivədə 2021-ci ilin yanvarından etibarən hər ay keçirilmiş iclaslarda yanvar ayı üzrə hasilat məhdudiyyətləri fevral, mart və aprel aylarında sabit saxlanmışdır. Yeni razılaşmaya əsasən, “OPEC plus” ölkələri üzrə hasilat öhdəlikləri mayda 6,5 mln. barrel, iyunda, 6,2 mln. barrel, iyulda isə 5,76 mln. barrel müəyyənləşdirilib.

Xatırladaq ki, dünya neft bazarının sabitləşdirilməsi məqsədi ilə OPEC və təşkilata daxil olmayan neft ölkələri arasında koordinasiyalı fəaliyyətə əsaslanan “OPEC plus” formatının yaradılması təşəbbüsü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2016-ci ilin yanvarında irəli sürülmüşdür.


Digər xəbərlər
SON XƏBƏRLƏR