Vüqar Rəhimzadə: “Şəfəq-Asiman”da aşkar edilən ilk qaz-kondensat ehtiyatı ölkəmizin və dünyanın enerji təhlükəsizliyinə böyük töhfə verəcək

img

26-03-2021 [15:18]


“Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində düzgün seçilən yolun uğurları bügünkü reallıqlarımızda öz aydın ifadəsini tapır. Bunun üçün tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişinin imzalanmasından ötən 27 ilə yaxın dövrdə Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirmək kifayətdir. Çoxlarına əfsanə kimi görünən, regional əməkdaşlığa böyük töhfələr verən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, bu layihələrin davamı olaraq çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin reallığa çevrilməsi deyilənlərin təsdiqidir. Azərbaycanın yanacaq-energetika sektorunda qazanılan uğurlardan söhbət açarkən 2017-ci ildə “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanmasını xüsusi qeyd etməliyik. Artıq bu həqiqət beynəlxalq səviyyədə də etiraf edilir ki, son 27 ildə Azərbaycan Avropanın və Avrasiyanın enerji xəritəsini dəyişdirdi. Bundan sonrakı illərdə Azərbaycan Avrasiyada çox önəmli enerji resurslarını dünya bazarlarına çıxaran ölkə kimi fəaliyyət göstərəcək. Azərbaycanın təşəbbüsçüsü və iştirakçısı olduğu layihələrin gerçəkləşməsi ölkəmizə, o cümlədən digər iştirakçı dövlətlərə əlavə gəlirlər gətirir ki, bu da hərtərəfli inkişafa stimul verir. Ümumiyyətlə, bu gün artıq keçmişə nəzər salsaq qürur hissi ilə deyə bilərik ki, Azərbaycan enerji sahəsində qarşıda duran bütün vəzifələri vaxtında və yüksək keyfiyyətlə icra edib.”

Mia.az xəbər verir ki, bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, 2018-ci ilin mayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu. Həmin ilin iyununda onun əsas seqmentlərindən olan TANAP, ötən il dekabrın 31-də isə layihənin digər tərkib hissəsi olan TAP istifadəyə verildi: “Reallaşan hər bir layihə Azərbaycanın iqtisadi və maliyyə imkanlarının təqdimatında əhəmiyyətli rol oynayır. Eyni zamanda, uğurlu sonluqla başa çatan hər bir layihə yeni layihənin gündəmə gətirilməsini zərurətə çevirir ki, bu da ölkəmizin malik olduğu enerji resurslarının zənginliyinə əsaslanır. Xüsusilə yeni yataqların kəşf

olunması Xəzərin Azərbaycan sektorunun karbohidrogen ehtiyatlarının mənimsənilməsinə geniş yol açır.”

Martın 24-də Azərbaycanın enerji sektorunda növbəti uğura imza atıldığını qeyd edən baş redaktor bildirib ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” blokunda qazılan kəşfiyyat quyusunda 7189 metr dərinlikdə kompleks tədqiqat işləri aparılıb və ilk qaz-kondensat ehtiyatları aşkar edilib: “Məlumdur ki, “Şəfəq-Asiman” blokunda kəşfiyyat işləri SOCAR və BP şirkətlərinin birgə layihəsi çərçivəsində həyata keçirilir. Yataq üzrə hasilatın pay bölgüsü Sazişinin kəşfiyyat proqramına uyğun olaraq qazma əməliyyatı dənizin 623 metr dərinliyində BP şirkətinin operatorluğu ilə aparılıb və SOCAR-ın törəmə şirkəti olan “Caspian Drilling Company” tərəfindən Heydər Əliyev adına yarımdalma qazma qurğusu vasitəsilə yerinə yetirilib. ”

Quyuda qazma işlərinə ötən il yanvarın 11-də başlanıldığını diqqətə çatdıran V.Rəhimzadə onu da əlavə edib ki, bu uğur bir daha sübut edir ki, ulu öndər Heydər Əliyevin yeni neft strategiyası bundan sonra da Azərbaycana nailiyyətlər qazandırmağa davam edəcəkdir: “Xüsusi vurğulamaq istəyirəm ki, 1994-cü il sentyabrın 20-də ulu öndər Heydər Əliyevin şah əsəri olan “Əsrin müqaviləsi”nin imzalanması Xəzər dənizinin karbohidrogen ehtiyatlarının mənimsənilməsi prosesinə dünyanın aparıcı neft şirkətlərinin və xarici investisiyaların cəlb edilməsində çox mühüm siyasi addım olmuş, bu istiqamətdə ilk dəfə olaraq Xəzərin Azərbaycan sektorunda beynəlxalq əməkdaşlığa yol açılmışdır. Dövlətimizin başçısı İlham Əliyev “Şəfəq-Asiman” yatağında ilk qaz-kondensat ehtiyatlarının aşkar edilməsi münasibətilə Azərbaycan xalqına təbrikində də bildirmişdir ki, BP şirkəti ilə SOCAR-ın əməkdaşlıq tarixi 30 ilə yaxın bir dövrü əhatə edir. Bu dövr ərzində qlobal əhəmiyyətə malik bir çox layihələr həyata keçirilib. Əməkdaşlığın məhsulu olan layihələr sırasında “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi, Bakı-Tbilisi-Ceyhan boru kəməri, “Şahdəniz”, Cənub Qaz Dəhlizi və ona tərkib hissələri olan Cənubi Qafqaz, TANAP və TAP boru kəmərləri kimi nəhəng layihələr xüsusi qeyd edilir. Hazırda BP-SOCAR əməkdaşlığı strateji xarakter daşıyır. BP Azərbaycanın neft-qaz sənayesinin ən böyük xarici investorudur. Bundan sonra da BP ilə SOCAR uzun illər ərzində Azərbaycanın neft-qaz yataqlarının işlənilməsinin uğurunu təmin edəcəklər. “Şəfəq-Asiman” yatağında ilk qaz-kondensat ehtiyatlarının aşkar edilməsi bir daha sübut edir ki, SOCAR ilə BP arasında çox yaxşı işgüzar münasibətlər, qarşılıqlı etimad yaranıb.”

“Xəzərin Azərbaycan sektorunda, dənizin dərin hissəsində yeni yataqda ilk qaz-kondensat təzahürü təsdiq edilmiş karbohidrogen ehtiyatlarımızın artmasına, nəticə etibarilə ölkəmizin və dünyanın enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə verəcək” deyən baş redaktor qeyd edib ki, ölkəmizin təsdiq edilmiş təbii qaz ehtiyatları Cənub Qaz Dəhlizi və onun son həlqəsi olan TAP boru kəməri üçün də əlavə resurs mənbəyi ola bilər: “Təbii ki, qeyd edilən, həmçinin qarşıdakı dövr üçün nəzərdə tutulan layihələr Azərbaycanın gücünü daha da artıracaq. Əməkdaşlığın coğrafiyasının genişlənməsi Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirəcək. Ölkəmizin cari ilin ötən dövründə enerji sektorunda qazandığı uğurlardan olan “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu”nun imzalanması da ölkəmizin beynəlxalq əməkdaşlıqda nə qədər maraqlı olduğunu təsdiqləyir. 2021-ci ilin arxada qalan dövründə bu uğurlarımız dövlətimizin başçısı İlham Əliyevin Azərbaycanın neft-qaz hasilatı, nəqli, ölkəmizin enerji potensialının daha da yüksəldilməsi istiqamətində yeniliklərin olacağı ilə bağlı səsləndirdiyi fikirlərin reallıqda təsdiqidir. Ölkə Prezidenti İlham Əliyev hər zaman bu fikri dönə-dönə qeyd edir ki, biz haqlı olaraq neft strategiyamızla fəxr edirik. Çünki Azərbaycanın uğurlu iqtisadi inkişafı, beynəlxalq miqyasda siyasi çəkisinin artması və dünyada gedən proseslərdə fəal iştirakı ölkəmizin iqtisadi imkanları ilə bilavasitə bağlı məsələdir. İqtisadi imkanlarımızı isə məhz neft strategiyamız yaratmışdır. Azərbaycan bu imkanlardan səmərəli istifadə edərək dünya iqtisadi sisteminə inteqrasiyasını sürətləndirir, eyni zamanda, neft kapitalını insan kapitalına çevirərək beynəlxalq aləmə dayanıqlı inkişafın təkmil modelini təqdim edir.”

Ölkəmizin qarşısındakı perspektivlərin ürəkaçan və gələcəyə çox böyük nikbinliklə baxmaq üçün mühüm əsasların olduğunu vurğulayan V.Rəhimzadə bildirib ki, iqtisadiyyatımızın onurğa sütunu olan neft-qaz sənayesində davamlı uğurlar, eyni zamanda, Azərbaycan neftçilərinin gərgin əməyinin bəhrəsinin, fədakarlığının təqdimatıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR