İqtisadçıdan komitə sədrinə açıq sual: "Bu məsələdə mübahisəyə yer yoxdur, sual budur ki..."

img

06-03-2021 [12:10]


"Gömrük Komitəsi sədrinin mətbuat konfransındakı çıxışına baxdım. İqtisadi təhlilçiləri aşağılayan ifadələr işlətdi. Açığı, "Komitənin 700 mln. manat kəsiri var, yoxlama gedir" kimi xəbərləri hansı ekspertin səsləndirdiyini ilk dəfə eşitdim - DGK sədri deyəsən bu xəbərlərə çox qəzəbliydi deyə iqtisadçıları hədəfə aldı. Amma orda bir fikir işlətdi ki, bəzi ekspertlər gömrük yığımlarının artımını devalvasiya ilə əlaqələndirir. O, bunu da Komitənin uğurlarını kiçiltmək kimi yozdu".

Mia.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Rövşən Ağayev deyib.

Onun sözlərinə görə, bu, bəlkə başqa təhlilçilərin də analizlərində yer alıb, amma  o da devalvasiyanın gömrük yığımlarına təsiri ilə bağlı bir neçə dəfə yazıb:

"Ona görə bu məsələ ilə bağlı bəzi məqamlara toxunmağa ehtiyac duydum.

Devalvasiyanın gömrük yığımlarına təsirini kimsə dana bilməz - bu məsələdə mübahisəyə yer yoxdur, sadə riyazi hesablamalardı.

Xarici ticarət xarici valyuta ilə (əsas etibarı ilə ABŞ dollar ilə) aparılır, rəsmiləşdirmə gününə Mərkəzi Bankın məzənnəsi ilə milli valyutaya çevrilərək gömrük vergi və rusumları hesablanır. Məsələn, 2014-cü ildə 9.2 mlrd. dollarlıq idxal manat ifadəsində 7.2 mlrd. manat idi, amma tutaq ki, 2018-ci ildə 9.2 mlrd. dollarlıq idxal olur 15.7 mlrd. manat. Aydın məsələdir ki, vergi və rusum dərəcələrinin sabit qaldığı şəraitdə 2014-də 1.5 mlrd. manatlıq yığım 2018-də ən azından 3 mlrd. manat olmalıdır. Amma əlbəttə "ağarma" olduğu halda toplanan gömrük yığımlarının həcmi daha çox artar.

Komitə sədri devalvasiyanın təsirini mümkün saydığı üçün müqayisəni 2015-ci illə yox, 2018-ci illə aparmağı təklif edir. Devalvasiyadan əvvəlki dövrlə müqayisə aparsaq, 2018-ci ildə idxalın ümumi dəyərinin vergiyə cəlbolunma əmsalı ilə 2014-cü ilin göstəricisi eyinidir".

Ekspert bildirib ki, 2014-2018-ci illərdə gömrük yığımlarının artımı birmənalı olaraq manatın dəyərsizləşməsi ilə bağlıdır:

RÖVŞƏ AĞAYEV

"Lakin 2019-cu ildə 2018-ci illə müqayisədə təxminən 1 miyard manatlıq artım təbii ki, devalvasiyanın hesabına deyil. Bəs nəyin hesabınadır?

1-ci amil odur ki, son illər idxal üçün aksiz dərəcələri kəskin artırılır. 2017 ci ilə nisbətən aksizlərdən daxilolmaların 3 dəfəyə yaxın artımı da bunu təsdiq edir.

2-ci bir amil də var, amma DGK 1 suala dəqiq cavab versə, həmin amillə bağlı öz versiyamı yazacam.

Sual budur: niyə 2017-ci ilədək Comtrade bazasına əsasən "güzgü statistikası"nda Azərbaycan tərəfinin göstərdiyi idxal xarici tərəfdaşların göstərdiyindən ən azı 35-40% az olurdu, amma 2018-ci ildən başlayaraq, əksinə Azərbaycan tərəfinin göstərdiyi az qala 25-30% çox görsənməyə başladı?!".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR