Prezidentdən dövlət şirkətlərinin rəhbərlərinə xəbərdarlıq: "Kim yeni qaydada vicdanla, şəffaf işləməyi bacarmırsa..." - "Onlar daim büdcədən dotasiyalar tələb edirlər"

img

27-02-2021 [15:18]


Xəbər verdiyimiz kimi, fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirib.

Mia.az xəbər verir ki Prezident Böyük Britaniyanın “Reuters” İnformasiya Agentliyinin SOCAR və digər iri dövlət şirkətlərinin özələşdirilməsi barədə sualına da cavab verib.

 Sual belə olub: "Cənab Prezident, Siz indi investisiyalar, Qarabağın bərpasına investisiyaların qoyulması barədə danışdınız. Mən soruşmaq istərdim, Qarabağda möhkəm sülh üçün, onun bərpasına əcnəbi investorları və kreditorları cəlb etmək üçün kifayət qədər zəmanət varmı? Ümumiyyətlə, təqribən hansı həcmdən söhbət gedir? Bildiyim qədər bu il büdcədən 2,2 milyard manat ayrılıb. Bu, böyük məbləğ deyil, orada bərpa işləri çox böyükdürmü? Özəl investisiyalar cəlb ediləcəkmi? Rəsmi Bakı bütövlükdə bu prosesə necə baxır? Bir də onu soruşmaq istərdim. Sizin Fərmanınızla Azərbaycan Dövlət Neft Şirkəti Azərbaycan İnvestisiya Holdinqinə verilib və onun səhmləşdirilməsi prosesi gedir. Bu, o deməkdirmi ki, rəsmi Bakı artıq ölkənin bir sıra iri dövlət şirkətlərinin özəlləşdirilməsi üçün onları açıq elan etməyə hazırlaşır? Demək olarmı ki, bu, əcnəbi investorlara mesajdır? Siz giriş sözünüzdə çox yaxşı qeyd etdiniz ki, işğaldan azad edilmiş bir sıra ərazilərə əcnəbi jurnalistlərin səfəri təşkil olunub, Sizin Administrasiyanız bu işi çox peşəkarlıqla, yüksək səviyyədə həyata keçirib. Lakin, yəqin ki, həmkarlarım da məni dəstəkləyər, biz hamımız Şuşa şəhərinə səfər etmək, onun indi nə vəziyyətdə olduğunu, onun nə dərəcədə dağıdıldığını, orada hansı işlərin aparıldığını, hazırda bu şəhərin əhvalını görmək istərdik. Mən risk edib bu səfərin təşkilinə kömək göstərməyinizi Sizdən xahiş edirəm. Çox sağ olun, cənab Prezident".

Prezident İlham Əliyev isə sualı belə cavab verib: 

"Sağ olun. Əcnəbi investorlara gəlincə, düşünürəm ki, müharibənin başa çatmasını nəzərə alsaq, indi əcnəbi investorlar Azərbaycana daha fəal şəkildə sərmayə qoyacaqlar. Hamı başa düşür ki, hərbi əməliyyatların yenidən başlanması riski praktik olaraq, sıfra endirilib. Azərbaycana gəlincə, bizim tərəfimizdən heç bir təcavüzkar hərəkətlər olmayacaq.

Ermənistana gəlincə, onların, sadəcə olaraq, buna imkanları yoxdur və fikirləşirəm ki, mənim barəsində danışdığım və sitat gətirdiyim özünəqəsd hətta onların vəziyyətində belə ən yaxşı çıxış yolu deyil. Ona görə də əminəm ki, investisiyalar olacaq.

Mən sizə deməliyəm ki, biz hələ müharibədən əvvəl bərpaolunan enerjiyə investisiyalar cəlb etməyə nail olmuşuq. İki iri beynəlxalq şirkət ümumi həcmi 440 meqavata bərabər günəş və külək elektrik stansiyaları tikintisinə sərmayə yatırmaq arzusunda olduqlarını bildirib. Dünyanın aparıcı enerji şirkətləri arasında tender keçirilib və iki şirkət ən yaxşı təkliflər irəli sürüb. Lakin mən o vaxt dedim, bu, o demək deyil ki, uğur qazana bilməyən digər şirkətlər kənarda qalacaq. Buna görə də biz indi bu sahəyə sərmayə yatırmaq istəyən şirkətləri cəlb edirik. Məhz azad edilmiş ərazilərdə bunun üçün yaxşı imkanlar mövcuddur. Kəlbəcər-Laçın zonasında külək stansiyaları, çünki orada çox güclü küləklər olur, Zəngilan-Cəbrayıl zonasında isə günəş stansiyaları, çünki orada günəş şüalarının il ərzində miqdarı da çox böyükdür və əgər belə demək olarsa, günəş şüalarının keyfiyyəti də buna imkan verir. Beləliklə, bu gün Azərbaycanın müvafiq strukturlarına əcnəbi tərəfdaşlarla bu məsələlər üzərində işləmək tapşırığı verilib. Yəni, bu, çox böyük perspektivə malikdir. Üstəlik, dediyim kimi, biz artıq Qarabağı “yaşıl enerji” zonası elan etmişik və bunun üçün, ilk növbədə, investorları gözləyirik.

Dövlətin 2,2 milyard manat investisiyasına gəlincə, fikrimcə, bu, başlanğıc üçün məqbul məbləğdir. Onu da deyim ki, Qarabağın bərpası barədə mənə təklif edilmiş investisiya proqramından bu il həyata keçiriləcək layihələrdən təxminən bir milyard manatı praktik olaraq paylanıb. Yəni, bu, nə deməkdir? Bu, o deməkdir ki, hələ layihələr yoxdur. Çünki layihələr infrastruktur layihələridir, biz onlara vəsait ayırırıq. Bu, elektrik enerjisi, yollar, dəmir yolları, minalardan təmizləmə və sairə sahələrdir.

Tikintinin özünə gəlincə, buna hələ heç nə ayırmırıq, çünki bu layihələr hələ mövcud deyil. Biz şəhərsalmada, hətta Bakı şəhərinin tikintisi zamanı buraxılan səhvlərə yenidən yol verməməkdən ötrü hər şeyi düzgün planlaşdırmaq istəyirik. Tikintinin xaotik, nəzarətsiz, əksər hallarda belə adi və aydın olmayan sxemlər üzrə getdiyi digər şəhərlərdə. Qarabağ zonasında belə olmamalıdır. Təkcə Qarabağ zonasında deyil, bu artıq təcrübə olacaq, həmin təcrübə paralel olaraq Azərbaycanın bütün başqa ərazilərində də tətbiq ediləcək. Buna görə də hər şey düzgün planlaşdırılmalıdır. Harada nə yerləşdirilməlidir, hansı infrastruktur layihələri həyata keçirilməlidir ki, hər şey plan üzrə getsin. Əlbəttə ki, dövlət bütün infrastruktur sahəsini, üstəlik mənzil fondunun böyük hissəsini də öz üzərinə götürəcək. Lakin şəhərsalmanın və ekologiyanın bütün normalarına riayət olunmaqla razılaşdırılmış layihələr üzrə xüsusi ayrılmış yerlərdə özəl şirkətlər də investisiya qoymaq imkanına malik olacaqlar. Bax, təxminən yanaşmanı belə görürük. Kəndlərə gəlincə, bu ərazilərdə yüzlərlə kənd azad edilib. Bəzi kəndlərdə əvvəllər 5 ev, 6 ev, 7 ev olub. Yəqin ki, onlar prioritet olmamalıdır.

Buna görə də biz indi, ilk növbədə, hansı kəndlərin bərpa olunacağını və bundan ötrü nə etmək lazım olduğunu müəyyən edirik. Həmçinin mənim tapşırığımla, artıq keçmiş köçkünlər arasında sorğuya başlanıb ki, biz kimin oraya getməyə hazırlaşdığını dəqiq bilək. B

ilirsinizmi, mən də əminəm ki, Allahın izni ilə hamı getmək istəyir, amma ola bilsin, kimsə getmək istəməyəcək. Əgər o getməyəcəksə və ya oraya həftəsonu gedəcək, özü isə Bakıda və ya Sumqayıtda yaşayacaqsa, nə üçün xərc çəkməliyik. Məgər bu, vəziyyətdən çıxış yoludurmu? Xeyr. Biz o yerlərdə kim yaşayacaqsa onları yerləşdirməliyik. Bax, buna görə biz sorğu keçirməliyik, özü də elə-belə, soruşmaq və unutmaq üçün yox. Xeyr. İmza etsin ki, mən filankəs filan rayonun filan kəndinə köçüb getməyə və orada yaşamağa hazırlaşıram. Buna uyğun olaraq, biz maliyyə məsələlərini və bütün digər məsələləri həll edəcəyik. Əks halda, mən öncəgörənlik etmək istəmirəm, lakin bilirəm ki, işğaldan azad edilən ərazilər Bakıda yaşayanlar üçün bağ sahəsi deyil. Biz, ümumiyyətlə, kimin orada yaşayacağına ciddi nəzarət edəcəyik və məhz oraya getmək istəyənlər üçün hər cür şərait yaradacağıq.

İnvestisiya holdinqinə gəlincə, mən çox danışmayacağam, fikrimcə, onun nə üçün yaradıldığını hamı bilir və mənim Fərmanımda bu barədə dəqiq göstərilib. İlk növbədə, idarəçilik sistemini təkmilləşdirməkdən ötrü. Dövlət şirkətlərində idarəçilik sistemi axsayır. O, müasir tələblərə cavab vermir. Bu, ləngidici amildir və büdcədən vəsaitlərin sovrulması üsuludur. Bizdə praktik olaraq, heç bir dövlət şirkəti, az istisnalar olmaqla, özünü dolandıra bilmir. Deməli, daim büdcədən dotasiyalar tələb edirlər. Bu, nəyə lazımdır?

Buna görə də daha belə davam edə bilməz. Digər tərəfdən, bu mərhələdə strateji infrastruktur, özü də Qarabağın bərpası nəzərə alınmaqla, dövlətin əlində qalmalıdır. Bu, birmənalıdır, əks halda, biz, sadəcə olaraq, ərazini bərpa edə bilməyəcəyik. Əgər bu gün fərz etsək ki, bizim bütün dövlət şirkətlərimiz bir növ özəl Qərb şirkətlərinin korporativ idarəçilik üsulu ilə işləyir, o halda onlar, sadəcə, ərazilərin bərpası üçün lazım olan layihələrə sərmayə yatırmayacaqlar. Buna görə də bu mərhələdə məqsəd dövlət şirkətlərinin korporativ idarəçiliyini beynəlxalq normalara uyğun şəklə salmaq, lazımi nəzarəti təmin etməkdir. Bundan ötrü Müşahidə şuraları yaradılır. Müşahidə şuralarına Administrasiyanın, nazirliklərin, hökumətin nümayəndələri daxil ediləcək ki, nəzarətsizlik, israfçılıq olmasın. Ona görə ki, bu gün dövlət şirkətləri bir çox məsələlərdə dövlətin boynunda ağır yükdür. Hətta vergiödəyicisi olan Dövlət Neft Şirkəti də dövlətdən pul alır. Bu yaxınlaradək qazlaşdırma üçün büdcədən pul alırdı. Belə iş olarmı? Mən hələ başqalarını demirəm. Cüzi istisnalar olmaqla, bizim dövlət şirkətləri səmərəsizdir. Buna son qoyulacaq, həm rəhbərliyin möhkəmləndirilməsi, həm də idarəçiliyin təkmilləşdirilməsi planında. Kim yeni qaydada vicdanla, şəffaf işləməyi bacarmırsa və ya bunu istəmirsə, o, məsuliyyətə cəlb ediləcək, özü də təkcə inzibati məsuliyyətə yox.

Dövlət şirkətlərinin özəlləşdirilməsinə gəlincə, hər halda bu il bu, dəqiq baş verməyəcək. Lakin dövlət şirkətlərinin bəzi fəaliyyət sahələri, əlbəttə ki, o cümlədən dövlət kapitalı hesabına inkişaf etdirilməlidir. İlk növbədə, mən enerji sahəsini nəzərdə tuturam. Biz bu sahəni əcnəbi və Azərbaycan özəl kapitalı üçün artıq açmışıq. Bizim günəş, külək stansiyalarını tətbiq edəcəyimizi dedim. Bizdə Laçın-Kəlbəcər zonasında hidroenergetika üçün böyük potensial mövcuddur. Niyə də Azərbaycan şirkətləri layihələrdə iştirak etmək üçün təkliflər verməsinlər? Oraya o qədər də böyük vəsait tələb olunmur. Bu hidroelektrik stansiyaları kifayət qədər kiçik həcmdədir. Bu, yaxşı addım olacaq, biz bunun necə işləməsini, bizim ümumi enerji təminatı sisteminə necə inteqrasiya edəcəyini testdən keçirəcəyik ki, bu şirkətlər fəaliyyət göstərsin, hələlik bu mərhələdə dövlətin üzərinə az yük düşsün.

Şuşaya səfərə gəlincə, mən göstəriş verərəm ki, jurnalistlər oraya getsinlər. Oraya gedişlə bağlı çətinliklər vardı, çünki orada praktiki olaraq yol yox idi. Hətta mən getdiyim zaman, sadəcə, bəxtim gətirdi ki, hava günəşli və yol quru idi. Əks halda, mən də yarı yolda qalardım. Buna görə Hikmət Hacıyevə tapşırıq verirəm ki, yaxın vaxtlarda bu səfər həyata keçirilsin. Yeri gəlmişkən, bu barədə başqa müraciətlər də olub".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR