Bakıdakı müəmmalı qəzanın gizlinləri: “Akabe-İnşaat”ın direktorunun adının hallandığı qalmaqal böyüyür

img

19-02-2021 [19:53]


Bakıda lüks avtomobilin iştirakı ilə baş verən qəza ilə bağlı məhkəmə qərar verib, rəsmi sənədlər ortaya çıxıb, maşın iş adamının adına keçirilib.

Musavat.com xəbər verir ki, qəza hadisəsi 2019-cu ilin aprel ayında Binəqədi rayonu ərazisində baş verib. 90 ND 064 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə 10 PP 122 dövlət nömrə nişanlı “Audi” markalı avtomobil toqquşub.

“Mercedes”in sürücüsü Nəriman Hacıyevdir. “Audi”nin sürücüsünün isə Cəfərli Əsəd Vüqar oğlu olduğu bildirilir.

İlkin araşdırmanın nəticəsində göstərilir ki, qəzanın baş verməsinə səbəb Nəriman Hacıyevin yol hərəkəti qaydasını pozmasıdır. Nəriman Hacıyev isə deyir ki, digər sürücü işıqforun qırmızı işığında keçib və qəzanın baş verməsinə səbəb olub.

Hadisə baş verən ərazidə təhlükəsiz şəhər kamerası (TŞK) var. Lakin kamera görüntülərini əldə etmək mümkün deyil. Nəriman Hacıyevin vəkili kamera görüntülərini istəsə də bunu əldə edə bilmir.

Əsəd Cəfərlinin idarə etdiyi lüks avtomobilə 48 min 615 manat maddi zərər dəyməsi ilə bağlı ekspertiza rəyi var. Nəriman Hacıyev isə bu rəylə razılaşmır və zərərçəkənin özü olduğunu bildirir.

ec6270cb-3d6c-4b02-84e8-6d3ac5f9ee6c.jpg (55 KB)

Nəriman Hacıyev qeyd edir ki, qəzanı törədən sürücü gənc və arıq bir oğlan olub. Lakin sonra başqa sürücü ortaya çıxıb. Sonradan hadisəni törədən şəxsin Əsəd Cəfərli olduğu göstərilib.

Nəriman Hacıyev barəsində inzibati tənbeh haqqında qərardan Şəki Apelyasiya Məhkəməsinə şikayət verilib.

N.Hacıyevin vəkili Ziya Ələsgərov bildirib ki, birinci instansiya məhkəməsi işi tam və obyektiv şəkildə araşdırmayıb. Belə ki, məhkəmə öz qərarını yalnız iş materiallarında olan izahatlarla əsaslandırıb və hadisə yerinin sxeminə, hadisə yerinin video müşahidə kameralarına baxış keçirməyib.

“Nə Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin təhqiqatçısı mayor Faiq İsayev tərəfindən, nə də hazırkı şikayəti araşdıran birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən müşahidə kamerasının görüntüləri əldə edilməyib. Görüntü olmadan, izahatlara istinad edilməklə nəticədə yanlış qərar qəbul edilib. Hadisə yerinin müayinəsi aparılarkən və hadisə yerinin sxemi tərtib edilən zaman Nəriman Hacıyevin iştirakı təmin edilməyib”,- deyə vəkil çıxışına əlavə edib.

f045c559-2600-46dc-b7a9-ffdc9a6b0e74.jpg (7 KB)

Şəki Apelyasiya Məhkəməsi şikayəti təmin edib və işin yenidən araşdırılması üçün Şəki Rayon Məhkəməsinə qaytarıb.

Şəki Rayon Məhkəməsinin 2 fevral qərarı ilə Nəriman Hacıyev barəsində olan inzibati qərar ləğv olunub, işə xitam verilib.

Lüks avtomobilə dəyən ziyanı tələb edən tərəf olan “Paşa Sığorta”nın Nəriman Hacıyevə qarşı qaldırdığı pul tələbinə dair Nərimanov Rayon Məhkəməsinin qətnaməsindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsində Şeyda Məhərrəmovanın sədrliyi ilə baxılıb.

Qeyd edək ki, kamera görüntüləri gizlədilib və günahkar kimi Nəriman Hacıyev göstərilib. Bununla da sığorta şirkəti aldadılıb.

Şəki Rayon Məhkəməsinin sonuncu qərarı Bakı Apelyasiya Məhkəməsinə təqdim edilib. Həmçinin Baş Dövlət Yol Polisi İdarəsindən əldə edilmiş 10 PP 122 nömrəli avtomobilin kimin istifadəsində olması ilə bağlı arayış da məhkəməyə təqdim edilib və sübut kimi iş materiallarına əlavə edilib.

Sığorta şirkətinin nümayəndəsi Şəki Rayon Məhkəməsinin qərarından xəbərsiz olduqlarını bildirib.

Hakim Şeyda Məhərrəmova Şəki Rayon Məhkəməsinin qərarından qarşı tərəfin şikayət verib-verməməsinin məlum olmadığını qeyd edib.

Nəriman Hacıyev barəsində inzibati tənbeh verilmə haqqında qərar onun barəsində olan cinayət işinin rədd olunması barədə qərardan doğan inzibati qərar idi ki, həmin cinayət işinin başlamasının rədd qərarı da Binəqədi Rayon Prokurorluğu tərəfindən hadisə baş verəndən iki ay sonra ləğv edilmişdi.

Bu gün Nəriman Hacıyev barəsində onun inzibati məsuliyyətə cəlb olunmasını təsdiq edən hər hansı qərar yoxdur. Belə olan halda şəxs barəsində subroqasiya qaydasında sığorta pulunun tələb edilməsi əsassızdır. Məhkəmə bu halı nəzərə almalıdır.

Məhkəmə işin əlavə detallarının araşdırılması üçün prosesi martın 31-nə qədər təxirə salıb.

Məhkəmə iclasında “Paşa Sığorta”nın nümayəndəsi bildirib ki, avtomobili idarə edən şəxsin kim olmasını göstərən yol vərəqəsi var. Lakin İnzibati Xətalar Məcəlləsinin tələbi var ki, yol vərəqəsi yalnız şirkətin əməkdaşlarına verilir. Amma sürücü Əsəd Cəfərli ifadəsində deyib ki, avtomobili etibarnamə ilə idarə edib. Lakin Baş Dövlət Yol Polisi İdarəsindən alınan çıxarışda aydın olur ki, maşın “Fasad F” MMC-nin balansında olub.

Avtomobilin idarə etmə hüququ rəsmi qaydada heç kimə verilməyib.

O da məlum olub ki, qəzadan sonra avtomobil təmir olunub və Vüqar Cəfərlinin adına keçirilib.

0119695d-aad4-4f84-a28f-24c340a1d3f1.jpg (41 KB)

Vüqar Cəfərli kimdir?

“Fasad-F” MMC adı bir neçə dəfə qalmaqalda hallanan şirkətlərdən biridir. MMC Kənd Təsərrüfatı Nazirliyindən ən çox tender udan şirkətlərdən biri və hətta birincisidir. Qəza hadisəsinin baş verdiyi ildə nazirliyin ümumi dəyəri 30 milyon olan 4 tenderinin qalibi məhz bu MMC olub.

“Fasad-F” Məhdud Məsuliyyətli Cəmiyyəti 7 oktyabr 2016-cı ildə dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 100 manat olaraq göstərilib. Şirkətin qanuni təmsilçisi isə Cəfərov Fəxri Aydın oğludur. Bu da rəsmi olaraq qəzanı törədən şəxsin soy adı ilə üst-üstə düşür.

Qeyd edək ki, “Fasad-F” MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Hüseynbala Əliyev 3 mikrorayon, ev 16, mənzil 57 olaraq göstərilsə də faktiki ünvanı Binəqədi şosesi 12 ünvanında fəaliyyət göstərən “Akabe-İnşaat” şirkətinin ofisi kimi qeyd olunur. Bu şirkət isə Azərbaycanın ən məşhur şirkətlərindən biridir. “Fasad-F” MMC-nin qanuni təmsilçisi Fəxri Cəfərov “Akabe-İnşaat”ın direktoru Vüqar Cəfərovun əmisi oğludur.

Məlumata görə, “Audi A7” markalı avtomobili idarə edən şəxs kimi göstərilən Cəfərli Əsəd Vüqar oğlu “Akabe-İnşaat”ın direktoru Vüqar Cəfərovun oğludur.

İlkin Muradov
Musavat.com

https://musavat.com/news/bakidaki-muemmali-qezada-sirler-acilir-luks-masin-akabe-insaat-in-direktoru-vuqar-ceferovun-adina-kecirildi-qalmaqalli-teferruat_780358.html


Digər xəbərlər
SON XƏBƏRLƏR