""Nuxa fəhləsi" qəzeti nə vaxtdan "podpolnı qəzet" olub?" - Bəxtiyar Vahabzadənin şairliyə uzanan zəngin həyat yolu...

img

13-02-2021 [15:21]


Bizim sənət dünyasının

Qırıq telli sazıyam.

Bircə ondan razıyam ki,

Özümdən narazıyam

 -  deyən müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq Şairi, dramaturq, ictimai xadim, BƏXTİYAR TALELİ ŞAİR - BƏXTİYAR VAHABZADƏnin xatirə günüdür.

Azərbaycan xalqı, həqiqətən, şair xalqdır. Azərbaycanın şairi də çoxdur. Lakin onların içərisində Bəxtiyar Vahabzadə şeriyyatının özünəməxsus yeri vardır. Bəxtiyar Vahabzadənin müasir Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətləri şəksizdir. 

Ulu Nizamidən, Nəsimidən, Füzulidən, Sabirdən və başqalarından bəhrələnən  Bəxtiyar Vahabzadə müəllimi Səməd Vurğun poeziyasına sığınaraq, qayəsinin əsasını həyata, sənətə fəlsəfi görüş və baxışlar təşkil edən Azərbaycan fəlsəfi şeirini daha yüksək zirvələrə qaldırmışdır.

 Azərbaycan xalqının tarixində zaman-zaman baş vermiş faciələrin əsasını qoymuş, Azərbaycanın ikiyə parçalanmasını təsdiqləyən Gülüstan müqaviləsinə (1813) həsr olunmuş «Gülüstan» poemasında şair belə deyir:

İpək yaylığı ilə o, asta-asta

Silib eynəyini gözünə taxdı.

Əyilib yavaşca masanın üstə,

Bir möhürə baxdı, bir qola baxdı.

Kağıza həvəslə o da qol atdı,

Dodağı altından gülümsəyərək.

Bir qələm əsrlik hicran yaratdı,

Bir xalqı yarıya böldü qılınc tək.

Ötən əsrin 60-cı illərində, kommunist rejiminin kəsə-kəs vaxtında bu mövzuda, bu ruhda poemanı mətbuatda çap etdirmək sənətkardan böyük cəsarət tələb edirdi. O zaman gənc olan Bəxtiyar Vahabzadə həyatının, ailə üzvlərinin, yaxınlarının böyük təhlükə qarşısında qalacağından ehtiyat etməyərək, «Gülüstan» poemasını keçmiş Nuxa (indiki Şəki) şəhər Partiya Komitəsi və rayon Xalq Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin orqanı olan «Nuxa fəhləsi» qəzetində dərc etdirir və poema böyük ictimai əks-sədaya səbəb olur.

Sonralar yüksək rütbəli vəzifəli şəxs Bəxtiyar Vahabzadəni poemanın nəşri ilə bağlı söhbətə çağırır.

Həmin vəzifəli şəxs şairi qəbul edərək deyir:

- Şair, xeyir ola, son vaxtlar «podpolnı poema» (gizli poema) çap etdirirsən?

Şairin cavabı çox qısa və sərt olur:

- Mən bilmirəm, «Nuxa fəhləsi» qəzeti nə vaxtdan «podpolnı qəzet» olub?

Bu poema ilə bağlı həmin vaxt şairi böyük çək-çevirə salırlar.

«Nuxa fəhləsi» qəzetinin redaktoru, II Dünya müharibəsi iştirakçısı olan Məhyəddin Abbasov da ciddi partiya cəzasına məruz qalır. Lakin şairin özünün sonrakı müsahibələrindən aydın olur ki, o zamanlar gözəgörünməz bir qüvvə onu bu bəladan çəkib çıxarır və xilas edir. Bu, ümummilli lider Heydər Əliyev idi.

Bəxtiyar Vahabzadə həmişə məmur özbaşınalığının əleyhinə olmuşdur. Əslində, «məmur» sözü ərəb mənşəli olmaqla, dövlət idarələrində işləyən qulluqçu mənasını verir. Lakin sovet dönəmində «məmur» sözü, əsasən, mənfi mənada işlədilirdi. Bəxtiyar Vahabzadə isə bürokratiyanı, işə bürokratik münasibət bəsləyən məmurları həmişə tənqid atəşinə tuturdu. 

Bəxtiyar Vahabzadə gənc nəslə, yenicə şeir yazmağa başlamış gənclərə qayğı ilə yanaşmış, bununla bərabər, öz nəsihətləri ilə onlara yaradıcılıqlarında istiqamət vermişdir.

Bəxtiyar Vahabzadənimn xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, respublikanın Əməkdar incəsənət xadimi fəxri adına, M.F.Axundzadə adına ədəbi mükafata, keçmiş Azərbaycan SSR-nin dövlət mükafatlarına layiq görülmüş, bir neçə dəfə respublikamızın ali qanunverici orqanına deputat seçilmişdir. 

Onun «Bir gəminin yolçusuyuq» kitabı keçmiş SSRİ-nin Dövlət mükafatına layiq görülmüşdür. O, filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü idi. 

Şairin yaradıcılığı Türkiyədə də, həmçinin, türkdilli ölkələrin hamısında sevilir və yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, Bəxtiyar Vahabzadə təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının böyük, sevimli və əbədiyaşar şairidir.

Qısa arayış:

O, 16 avqust 1925-ci ildə Şəki şəhərində anadan olub. Kiçik yaşlarında ikən ailəsi ilə Bakıya köçüblər. Burada orta məktəbi qurtarandan sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. Bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı ilk şeirini çap etdirdikdən sonra başlayıb. O vaxtdan dövri mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunur. 

"Mənim dostlarım" adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapıb. Müasir Azərbaycan ədəbiyyatının ən parlaq simalarından olan Bəxtiyar Vahabzadə öz yaradıcılığı ilə bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb. Böyük söz ustası xalqımızın yüz illər boyu təşəkkül tapmış yüksək milli mənəvi dəyərlərinin qorunması, adət-ənənələrimizin yaşadılması naminə altmış ildən artıq bir müddət ərzində yorulmadan yazıb, yaradıb. 

O, azərbaycançılıq məfkurəsinə dərindən bağlı olan və özünüdərkə çağıran çoxsaylı əsərləri ilə ədəbiyyatımızın inkişafına töhfələr verib. Azərbaycan xalqının tarixinin qədim dövrlərdən bəri müxtəlif mərhələlərində baş vermiş taleyüklü hadisələr, böyük şəxsiyyətlərin parlaq simaları ustad sənətkarın diqqət mərkəzində olub. Bəxtiyar Vahabzadənin bir alim kimi də Azərbaycan elmi qarşısında xidmətləri danılmazdır. Onun şifahi ədəbi irsimizin, klassik və müasir Azərbaycan ədəbiyyatının öyrənilməsi sahəsində axtarışlarının bəhrəsi olan əsərləri daim elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Bəxtiyar Vahabzadə ədəbi və elmi yaradıcılığı pedaqoji fəaliyyətlə uğurla əlaqələndirərək, uzun illər Bakı Dövlət Universitetinin professoru kimi Azərbaycanda yüksəkixtisaslı kadrların hazırlanmasına töhfələr verib. 1951-ci ildə "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik, 1964-cü ildə isə "Səməd Vurğunun həyat və yaradıcılığı" mövzusunda monoqrafiyasını müdafiə edib, filologiya elmləri doktoru alimlik dərəcəsini alıb.

O, 1980-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.

Yetmişdən çox şeir kitabı ilə böyük oxucu sevgisi qazanan B.Vahabzadə 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin müəllifi olaraq əsl alim kimi öz sözünü deyib. Haqsızlığa, ədalətsizliyə qarşı üsyan Bəxtiyar şeirinin əsas leytmotivlərindəndir. Görkəmli söz ustası hələ ötən əsrin 60-cı illərindən ölkəmizdə sovet imperiyasına qarşı milli azadlıq hərəkatının öncüllərindən biri olub. 1959-cu ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirərək, imperiya pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğurundakı ədalətli mübarizəsinə qoşulub. 

Bəxtiyar Vahabzadə yaradıcılığında baş mövzulardan biri də ana dilidir. Onun qəti qənaətinə görə, dil xalqın varlığının nişanələrindən biri olub, onun ən qiymətli sərvətidir, üstəlik nəsillər silsiləsini birləşdirən, babaların vəsiyyətini nəvələrə çatdıran qüdrətli tərbiyə vasitəsidir. Bəxtiyar Vahabzadənin tariximizin bir çox hadisələrini canlandıran dram əsərləri gənc nəslin tərbiyəsində böyük rol oynayır. 

Onun pyesləri Azərbaycan, eləcə də xarici ölkə teatrlarının səhnələrində uğurla tamaşaya qoyulub, müəllifinə böyük şöhrət gətirib. Onun müasir mövzularda qələmə aldığı "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Hara gedir bu dünya?", "Fəryad", "Cəzasız günah", "Dar ağacı", "Rəqabət" və "Özümüzü kəsən qılınc" kimi lirik-psixoloji pyesləri günün aktual problemlərindən, müasirlərimizin daxili dünyasından, daim təzələnən həyat və insan münasibətlərindən söz açmaqla gerçəkliyin ən müxtəlif tərəflərinə diqqət cəlb edib, layiqli səhnə təcəssümü taparaq, yarım əsrədək bir müddətdə Azərbaycan səhnəsindən düşməyib. 

O, tarixi və müasir mövzuda 20-dən artıq irihəcmli poemanın müəllifidir. Azərbaycan xalqının müstəqilik ideyalarının ilk carçılarından olan Bəxtiyar Vahabzadə 20 Yanvar faciəsi ilə bağlı qələmə aldığı "Şəhidlər" poeması ilə yeni bir tarix yazdı. Bəxtiyar Vahabzadə millətin məhəbbətinə layiq olduğunu təsdiq etmək üçün ziddiyyətlər içində keçən həyatının bütün cəfalarına çəkinmədən tab gətirib, heç vaxt sarsılmayıb. 

Xalq şairi Bəxtiyar Vahabzadə 2009-cu il fevralın 13-də, 83 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat etmişdir.

 ...Bəxtiyar Vahabzadə bu gün də gözəl sənət nümunələri və öz parlaq əməlləri ilə yenə də bizimlədir.

Nurlanə Əliyeva, 

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR