Dərdi özündən böyük olan Nailə xanım...

img

13-02-2021 [11:38]


Nailə xanımın vəfat xəbərini eşidəndə çox üzüldüm. Ağlıma ilk gələn fikir: “Əzrail bu ailədən nə istəyir”- oldu? Neçə illər idi ki, onunla bir universitetdə çalışırdıq. 

1981-1985-ci illərdə tələbəsi olduğu ADPU-nun Pedaqoji fakültəsinin Musiqi şö­bə­si­nə Əməkdar incəsənət xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü kimi qayıt­mış­dı.

O, müəllim kimi fəaliyyətə başlayanda  Musiqi şöbəsi yenə də Pedaqoji fakül­tə­nin nəzdində idi. Səkkiz ildən artıq bir müddətdə  onunla  birlikdə işlədim, o,  mü­əl­­lim, baş müəllim, dosent əvəzi və dosent vəzifələrində çalışdı.2015-ci ilin de­kabrın­da  Musiqi və   Təsviri incəsənət şöbələrinin əsasında yeni bir fakültə yaradıldı. Nailə xanım həmin fakültədə fəaliyyətini davam etdirməyə başladı. Çox istiqanlı, mehriban, məsuliyyətli, müəllimlikdən zövq alan xanım idi. Fakültədə mədəni-kütləvi tədbirlərin, musiqili gecələrin təşkilində canı dildən iştirak edirdi.
 

  
2011-ci ildə Pedaqoji fakültənin 50 illik yubileyi ADPU-nun böyük akt zalında keçirildi. Tədbirdə respublikanın Təhsil naziri Misir Mərdanov, nazirliyin struktur rəhbərləri, ali məktəb rektorları, tanınmış elm və sənət adamları, Milli Məclisin deputatları, xarici ölkədən gələn  qonaqlar və universitetin əməkdaşları iştirak edirdi. Tədbirin bədii hissəsinin rəhbəri Nailə xanım idi. Tələbəmiz, Əməkdar artist Ənvər Sa­dıqovun (indi Xalq artistidir) və müğənni  Abbas Bağırovun iştirakı ilə keçən 2 saatlıq konsert proqramını Nailə xanım tərtib etmişdi.Tədbirdən sonrakı banketdə də Nailə xanımın mahnıları ifa edildi. Hətta özü də iki mahnı oxudu. Pedaqoji Uni­ver­sitetdə  yüksək səviyyədə  keçirilən “Məzun günləri”nin bədii rəhbəri, təşkilatçısı Nail xanım idi. O, fakültəmizdə fəaliyyətə başlayandan sonra burada yaradıcılıq mühiti xeyli canlanmışdı, tələbələrin iştirakı ilə tez-tez konsertlər təşkil edilir,  məşhur musiqiçilərin yubiley tədbirləri keçirilir, tələbələrimiz müxtəlif musiqi yarışmalarında iştirak edir, şəhər və respublika  birinciləri kimi diplom və fəxri fərmanlarla təltif olunurdu.Tələbələri Nailə xanımı bir müəllim, bir ana, bir bəstəkar  kimi çox istəyir, onun tələbələri olmaları ilə fəxr edirdilər.



Fakültə dekanı kimi mən və  dekan müavini kimi Afət xanım Nailə xanıma çox böyük hörmət və ehtiram bəsləyirdik. Yaradıcı insanlar üçün səmimi və insani mühit çox mühüm əhəmiyyət  daşıyır.Afət xanım sanki onun qayğısını çəkir, hər vəchlə onun dərdini yüngülləşdirməyə, işləməyə həvəsini artırmağa çalışırdı.  Bir dəfə Nailə xanım  Afət xanıma zəng edib demişdi ki, növbəti həftədəfərdi  dərslərə gələ bilməyəcək, əgər davamlı olsa işdən ümumiyyətlə, ayrılacaq. Onda biz Nailə xanımı həmin tələbə ilə evdə məşğul olmağa, işdən ayrılmamağa razı saldıq.



Nailə xanımla çox səmimi söhbətlərimiz olurdu.Səbirli,təmkinli,Allaha  bağlı, nikbin  insan idi, iman-inam əhli idi, dərdə-qəmə boyun əyməməyə çalışırdı.  Özü deyirdi ki, həyat mənə hər şeyə dözməyi öyrədib, qurban olum Allaha, yəqin məni sınağa çəkir. Nailə xanım öz taleyinin acı günlərini dilə gətirəndə, təsəlli verməyə çalışsam da, ürəyimdə fikirləşirdim ki, İlahi, insanın dərdi özündən nə qədər böyük olarmış? Onun danışığında, çöhrəsində, yerişində, duruşunda  sevinclə kədərin sərhəddini tapmaq çox çətin idi. Hamısı bir-birinə qarışmışdı,hətta övladının toyunda belə.Nə qədər gülərüz görünməyə çalışsa da, şənlənsə də, qol götürüb oynasa da göz yaşları qəlbinə axırdı.Nəğmələri dünyanı dolaşaraq könülləri oxşayan bu zərif xanım gecə-gündüz qəm yükü daşıyıraq, dərdini, qəmini, nisgilini “bəsləyir”, bəstələyir, Yaradana şükranlığını bildirirdi.

Nailə xanımın həyatı dəhşətli sonluqla bitən filmləri xatırladırdı. Təsəvvür edin, iki yaradıcı gənc (Hikmət  və Nailə Mirməmmədlilər) tanış olur, bir-birinə könül verir, ülfət bağlayırlar,  ailə həyatı qururlar, sağlam övladları dünyaya gəlir. Qısa bir zamanda bəstəkar kimi tanınmağa başlayırlar, hər tərəfdən bəxtəvərlik yağır. Dövlət tərəfindən “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülürlər. Elə bu zaman hardansa acı yellər əsir, Mirməmmədlilər  ailəsinin xoşbəxtlik  şamını söndürür. Əvvəlcə Nailə xanımın atası rəhmətə gedir, bir il sonra 14 yaşlı  oğlu dənizdə boğularaq dünyasını dəyişir. 

Dərd gələndə batmanla gələrmiş. 2007- ci ildə həyat yoldaşı, tanınmış bəstəkar  Hikmət Mirməmmədli “Xan bağı” restoranında ad günü keçirərkən qəfildən ürək tutmasından  vəfat edir. Nailə xanım könül sirdaşını, dərd ortağını itirir, ömür bağçasının  gülləri solur.Elə həmin ildə anasını haqq dünyasına yola salır. Ardınca böyük qardaşı rəhmətə gedir. İki il sonra özünə qardaş bildiyi, böyük yeznəsi dünyasını dəyişir. Amma o, bunlara dözərək deyirdi:“Mənim yerimə kim olsaydı dəli də olardı, ağlını da itirərdi. Bəlkə elə düz deyirlər, mən də dəli olmuşam, xəbərim yoxdur”

Dözürdü deyəndə, özünü sındırmırdı, büruzə vermirdi,övladlarının gələcəyi naminə ayaqda durmağa çalışırdı, ammagilə-gilə əriyirdi. Elə bil ki, itirdiklərinə qovuşmaq üçün tələsirdi, saçları vaxtsız ağarsa da, ona rəng vurmağı sevmirdi.

“Bu rəngdən başqa daha heç nə mənə yaramaz və yaraşmaz. Çünki bu rəngi, bəyaz rəngi Allah özü mənə məsləhət bilib, mənə yaraşdırıb”-deyirdi.Sanki o, ikili həyat yaşayırdı, bu dünya ilə haqq dünyası arasında vurnuxurdu. Bir tərəfdən   əcəl həsrətindəydi, digər tərəfdən yaşamaq və yaratmaq eşqindəydi. Azərbaycanın şəhid generalı, Milli Qəhrəman Polad Həşimova həsr etdiyi mahnını(sözləri Baba Vəziroğlu, aranjimanı Rəşad Hüseynov)Aslan Əzimzadənin ifasında yazıya aldırmışdı. Qələbə müjdəli, vətənpərvərlik motivli neçə-neçə əsər yazmağı planlaşdırırdı...

Ölümündən 3 gün qabaq, 2020-ci ilin  dekabrın 31-də kafedra əməkdaşlarını təbrik etmək üçün səsli mesaj göndərmişdi.  Afət xanımın dediyinə görə, çox az hallarda o, mesaj yazarmış. Bu səs yazısı təbrik mesajından daha çox ağbirçək bir xanımın xeyir-duasını, vida sözlərini xatırladır. Danışığında bir kədər, nisgil, kimlərisə  itirmək və anidən  itirilmək   notları var. Elə bil ki, nə isə hiss   edibmiş...  İki dəqiqəlik səs yazısında o nə deyirdi, bizlərə nə  vəsiyyət edirdi, kimlərdən halallıq istəyirdi? Konfusi deyirdi ki, insanın ölüm anındakı sözləri çox qiymətlidir. Diqqət yetirək:

Mənim əzizlərim, axşamınız xeyir olsun. Üzümüzə gələn bu il (2021-ci ili nəzərdə tutur) hamımıza, İnşallah, hamımızın ailəsinə, əzizlərimizə  düşərli olsun.Allah Sizləri əzizlərinizə, əzizlərinizi sizə çox görməsin.İnşallah, bu il hamımıza   düşərli olsun,  cümləmizə düşərli olsun.Allah bütün Kərbəla şəhidlərindən tutmuş, bu gün, bu saata olan şəhidlərimizə qədər hamısının ruhunu şad eləsin. Onların   ruhları bütün  xalqımız üçün duaçı olsun. Al­lah sizləri xətadan-baladan, qəzavi- qədərdən, təbii fəlakətdən qorusun, Allah sizi bü­tün arzularınıza çatdırsın. İnşallah elə cansağlığı olsun ki, xəstəlikdən,  azar-bezardan, keçici xəstəliklərdən, yataq  xəstəlik­lərin­dən uzaq ola­sınız.  Allah bildiyimiz, bilmədiyimiz günaharımızı bağışlasın, hamımı­zın kiçik gü­nahlarını bağışlasın, böyük günahlarımızı pərdələnmiş eləsin. Allah sizə, hamımıza  ruzi-bərəkəti xeyirli halallıqla yetirsin, ruzi-bərəkətimizin xeyrini görək. Bol ruzi-bərəkət görək ki, hamımızın  əzizlərimizlə  bir yerdə   xeyirliyə xərcləyək. Allah sizləri var eləsin. Allar sizləri mənə də çox görməsin, elə məni də sizə çox gör­məsin. Bu il   hamımızın ailəsinə birbəbir düşərli olsun. Hamımızın əzizlərində, özümüzdə artımlar olsun, əskiklik olmasın. Allah bivaxt ölüm, bivaxt xəstəlik heç birimizə qismət eləməsin. Mən sizləri çox sevirəm,çox...çox... çox... istəyirəm.Bir-bir hamınızı əlim də çatmasa da   ürəyim sizinlədir. Allah sizləri var eləsin ki, mənə dərs deyən müəllimlər başdaolmaqla  Sizlərə görəmən Nailəoldum. Öpürəm sizi, bərk-bərk qucaqlayıram.İnşallah, xeyirliklə, sağ-salamatlıqla, müharibəsiz, əskik­siz,  xəta-bəlasız bu ilimizi də, üzümüzə gələn ilimizi də başa vuraq. Həmişə bir yer­­də olaq. Fakültəmizdə  həmişə mehribançılıq olsun, necə ki, var. Sizi bir-bir öpü­rəm, bərk- bərk bağrıma basıram, canlarım mənim.”

Bu səs  yazısından 3 gün sonra Nailə xanımın nəğmə dolu ürəyi qəflətən dayandı, o, 4 yanvar 2021-ci ildə haqq dünyasına qovuşdu, ürəklərə köçdü, xatirələrə çevrildi. Mənim tanıdığım bəstəkar Nail Mirməmmədlinin  59 illik ömür yolu çiçək üzərindəki şeh damlası kimi gün çıxar-çıxmaz  yuvarlanıb yox oldu.59 yaş nədir?

Allah rəhmət eləsin!

Fərrux Rüstəmov,

ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı, 
pedaqoji elmlər doktoru,professor,
Əməkdar elm xadimi


Digər xəbərlər
SON XƏBƏRLƏR