Komitə: 300 hüquqşünas hakim olmaq üçün imtahan verəcək

img

12-02-2021 [15:28]


"Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" dövlət başçısı İlham Əliyevin 03.04.2019-cu il tarixli Fərmanı ilə hakimlərin yüksək iş yükünün azaldılması, işlərə daha tez və keyfiyyətlə baxılması məqsədilə hakim ştatlarının sayı 200 vahid artırılıb.

Hakimlərin Seçki Komitəsindən verilən məlumata görə, həmin ştatların yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünaslar hesabına və çevik komplektləşdirilməsi məqsədilə Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlərin seçilməsi qaydaları təkmilləşdirilib.

İmtahanlarda müasir texnologiyaların tətbiq olunması, sualların kompüter vasitəsilə cavablandırılması və nəticələrin dərhal elanı müəyyən edilib. Həmçinin, hakimliyə namizədlərin sənədlərinin qəbulu davamlı xarakter alıb. 

Hakimlərin Seçki Komitəsi tərəfindən yeni qaydalarla keçirilmiş müsabiqə nəticəsində 200-dən çox namizəddən 44 nəfər bütün imtahanlarda müvəffəqiyyət qazanıb, hakim vəzifəsinə hazırlanmaları üçün uzunmüddətli tədris kursunu uğurla başa vurub və ölkə Prezidentinin 03.02.2021-ci il tarixli Sərəncamı ilə müxtəlif hakim vəzifələrinə təyin ediliblər. 

Eyni zamanda test və yazılı imtahandan uğurla keçmiş növbəti qrup hakimliyə namizədlərlə şifahi imtahanlar keçiriləcək.

300-dən çox hüquqşünas isə test imtahanında iştirak etmək üçün sənədlərini təqdim ediblər. 

Hakimlərin Seçki Komitəsi bildirir ki, karantin rejiminin yumşaldılması ilə əlaqədar həmin namizədlərlə test imtahanı cari ilin mart ayının 3-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcəkdir. Növbəti test imtahanı üçün sənədlərin qəbulu isə fasiləsiz davam etdiriləcək. 

COVİD-19 pandemiyası ilə bağlı xüsusi karantin rejiminin tələblərinə əməl olunmaqla və müasir İKT tətbiq edilməklə keçiriləcək test imtahanının yeri, başlanma vaxtı və s. barədə namizədlərə əlavə məlumat veriləcək 

Eyni zamanda namizədlərə xatırladılır ki, test imtahanı DİM tərəfindən qanunvericiliyə uyğun olaraq ödənişli keçirilir. 

Namizədlərin rahatlığı üçün imtahana görə ödənişin aparılması və “İmtahana buraxılış vərəqəsi”nin əldə olunması DİM tərəfindən fevralın 15-dən etibarən dim.gov.az saytı vasitəsilə həyata keçiriləcəkdir. Müsabiqə ilə bağlı “Yaddaş Kitabçası” isə jlc.gov.az saytından əldə edilə bilər. 


Digər xəbərlər
SON XƏBƏRLƏR