Tofiq Yaqublunun məhkəməsi qeyri-müəyyən vaxtadək təxirə salıb 

img

28-01-2021 [16:37]


Bakı Apellyasiya Məhkəməsi siyasətçi Tofiq Yaqublunun şikayəti üzrə yanvarın 28-nə təyin olunmuş yekun iclası – qərarın elan olunmasını qeyri-müəyyən vaxtadək təxirə salıb. 

Siyasətçi Bakı Apellyasiya Məhkəməsinə şikayətində paytaxtın Nizami Rayon Məhkəməsinin 2020-ci il sentyabrın 3-də ona kəsdiyi 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzasının ləğvini və bəraət istəyib.

Tofiq Yaqublu 2020-ci il martın 22-də tutulub. İttihama əsasən, o, həmin gün öz avtomobili ilə paytaxtın Nizami rayonunda qaydaları pozub, Elxan Cəbrayılovun idarə etdiyi avtomobillə toqquşmadan sonra mübahisə zəminində ona və yoldaşı Cəvahir Cəbrayılovaya xəsarət yetirib.

Siyasətçi ittihamı qəbul etmir, bildirir ki, Elxan Cəbrayılov qəsdən qəza törədib, sonra dava salıb. Onun sözlərinə görə, hadisənin təxribat olduğunu anladığı üçün maşınının qapısını kilidləyib, şüşəni qaldırıb və polis gəlməyənə kimi yerə düşməyib, heç kimi vurmayıb.

İbtidai istintaqı Nizami Rayon Polis İdarəsi aparıb.

Tofiq Yaqublu Nizami Rayon Məhkəməsindəki proses bitməzdən bir gün əvvəl – sentyabrın 2-də Bakının Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasında bəraət və azadlıq tələbi ilə aclıq aksiyasına başlayıb, vəziyyəti ağırlaşdığı üçün sentyabrın 12-də paytaxtdakı “City Hospital” xəstəxanasına köçürülüb.

Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublu haqqında həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib. Siyasətçi həmin gün aclıq aksiyasını dayandırıb və evə buraxılıb.

1961-ci il təvəllüdlü Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Qarabağ müharibəsi veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvüdür.

1998-ci ildə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR