Prezidentin köməkçisindən ATƏT və Bayden iqtidarı ilə bağlı mühüm mesajlar: "ABŞ Azərbaycan və Ermənistan arasında sülh prosesinə töhfə verə bilər"

img

25-01-2021 [23:57]


"ABŞ-ın yeni administrasiyasının Cənubi Qafqaz regionu ilə daha aktiv şəkildə əməkdaşlıq edəcəyinə ümid edirik".

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-ın aparıcı beyin mərkəzi "Atlantic Council"in virtual formatda müzakirəsində çıxışı zamanı deyib.

H.Hacıyev bildirib ki, ABŞ Azərbaycan və Ermənistan arasında sülh quruculuğu prosesinə töhfə verə bilər. O deyib ki, ABŞ-ın post-konflikt dövründə quruculuqla bağlı zəngin təcrübəsi və təşəbbüsləri olub və bu istiqamətdə Cənubi Qafqaza da töhfə verə bilər.

H.Hacıyev ABŞ-ın həm ölkə olaraq təktərəfli şəkildə, həm də ATƏT-in Minsk Qrupunun həmsədri olaraq sülh quruculuğu, münaqişədən sonra rekonstruksiya, yenidənqurmada aktiv rol oynaya biləcəyini vurğulayıb.

İşğaldan azad olunmuş ərazilərdə "smart", yaşıl şəhərlərin qurulacağını qeyd edən H.Hacıyev bu prosesdə ABŞ-ın özəl sektoru üçün geniş imkanların olduğunu əlavə edib/APA.

ATƏT-in Minsk Qrupunun Azərbaycandakı reputasiyasına toxunan Hikmət Hacıyev onun aşağı olduğunu, bunun əsas səbəbinin isə təşkilatın 25 ildən artıq bir müddətdə münaqişənin həllinə real töhfə verə bilməməsi ilə bağlı olduğunu vurğulayıb.

Hikmət Hacıyev deyib ki, ATƏT-in Minsk Qrupu yeni reallığa uyğunlaşmalıdır.

O bildirib ki, artıq ATƏT-in Minsk Qrupunun bu münaqişə ilə bağlı keçmiş narrativləri işləmir, çünki regionda situasiya tamamilə dəyişib.

Hikmət Hacıyev ATƏT-in Dağlıq Qarabağın status məsələsini yersiz şəkildə qabartdığını, bunun isə Ermənistanda yanlış və gərəksiz gözləntilər yaratdığını bildirib. 

O, Minsk Qrupunun gələcəkdə müxtəlif layihələr vasitəsilə sülh quruculuğuna töhfə verə biləcəyinin mümkünlüyünü qeyd edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR