AMEA-nın müxbir üzvü Kamran Əliyev dünyasını dəyişib

img

24-12-2020 [19:28]


Görkəmli folklorşünas alim, Əməkdar elm xadimi, Folklor İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Kamran Əliyev ömrünün 67-ci ilində dünyadan köçüb.

Onun haqqında başsalığımı elmi icimaiyyətə çatdırmaq ehtiyacı hiss etdim.

Bu da bir üzücü xəbər oldu. Bu gün istəkli dostumuz, hörmətli Kamran müəllim dünyasını dəyişib. Onu şəxsən tanıyanlar necə itki olduğunu yaxşı anlayırlar. Onun mənim həyatımda da unudulmaz izi var. Həyatda sadə və təvazökar, şəxsiyyəti, elmi və sənəti bir-birini tamamlayan gözəl insanlardan idi. Mənim ilk elmi məqaləmə də ilk yüksək qiyməti məhz o vermişdi. Çünki hər kəsi oxuyur, hər kəsi dinləyir, hər kəsi eşidirdi. Mövqeyindən istifadə edərək yalnız özü danışmazdı. Hər kəsin üzərində zəhməti və haqqı vardı. Çox qayğıkeş olduğu üçün biz hər görüşəndə mənim fəaliyyətimə elə incəlik nümayiş etdirərdi ki, özüm də heyran qalardım. Həm elmi fəaliyyətimi, həm də ədəbi nailiyyətlərimi yaxından izləyir, mənə yüksək dəyər verirdi. Elə mənimlə bağlı sonuncu yüksək qiyməti “Qırxıncı otaq” adlı şeirlər kitabımın müzakirəsini təşkil etmək oldu. Bu müzakirənin təşkil olunmasını özü istəmişdi. Bu da onun son dərəcə yüksək həssaslığının və incəliyinin göstəricisi idi. Eyni zamanda bu müzakirə çox canlı və diri keçdi. Çünki ürəkdən gələn səmimi sözlərlə təşkil olunmuşdu. Ortada heç bir asılılıq yox idi. İsti və qaynar münasibət var idi. Əlbəttə bu Kamran müəllmin təbiətindən qaynaqlanırdı. Müzakirə ərəfəsində eyni zamanda Kamran müəllim təklif etdi ki, bu müzakirə çıxışlarla yekunlaşmasın, hər alim bu kitab haqqında bir resenziya yazsın. Bu resenziyaların əksəriyyətinin də qəzetlərdə çap olunmasını öz boynuna götürmüşdü. Mənə dəyər verən dəyərli insanların qələmindən çıxan yazılar məhz dəyər verdikləri Kamran müəllimin tövsiyyəsi əsasında meydana çıxdı. Bunları yazmaqda məqsədim özümdən danışmaq deyil, Kamran müəllimin xeyirxah təbiətindən, insani keyfiyyətindən danışmaqdır. Mən bu təbiətli insanları yaxşı tanıyıram. Uca Allah belə qiymətli insanları lütf edib mənə də nəsib edib. İnanın ki, onu tanıyan kimdən soruşsan görəcəksən ki, Kamran müəllimdən onun həyatında yadda qalan gözəl iz var. Çünki orada onun xeyirxahlığı, onun qayğıkeşliyi, onun İnsaniyyəti var. Bütün gözəl qazanclar illər keçdikcə həyatımızı tərk edir. Biz də onların itkisinə uyğunlaşaraq qalan ömrümüzü yaşayırıq.Ancaq onların xatirəsi ölüm bizə gələnə qədər bizi tərk etmir. İnsanın necə yaşadığını ölüm gəldiyində anlamaq olur. Hər kəsə təsir edən bu ayrılıq onun varlığının necə dəyərli olduğunu bizə anladır. Heyif ki,

dəyərli olanların qədrini zamanında anlamaq onu itirdiyində anladığın qədər olmur. Əslində bu dünyadan köçənlər üçün ölüm kədər deyil. Nə də son deyil. Daha gözəl məkana səfər etməkdir. Ağrı və acı onu itirənlərə, onsuz qalanlara qismət olur. Uca Allahın rəhmət və məğfirəti ona, səbir və dəyanəti bizə nəsib olsun İnşəllah

ATİF İslam oğlu İSLAMZADƏ,

Filologiya üzrə fəlsəfə doktoru


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA