ADA Universitetinin icraçı prorektoru "Macarıstanın Nailiyyət Ordeni"nə layiq görülüb - FOTO

img

14-12-2020 [12:39]


ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə "Macarıstanın Nailiyyət Ordeni"nə layiq görülüb.

Universitetdən Mia.az-a verilən məlumata görə, dekabrın 11-i Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyi Ordeni Fariz İsmayılzadəyə təqdim edib.

Macarıstan Prezidenti Yanoş Aderin qərarı ilə təltif edilən F. İsmayılzadə Macarıstanın mədəni, təhsil, elmi və diplomatik əlaqələrinin genişləndirilməsində və möhkəmləndirilməsində əhəmiyyətli xidmətlərinə görə bu ordenə layiq görülüb.

ADA Universiteti Azərbaycan və Macarıstan arasında elmi əlaqələrin inkişafında vacib rol oynayır. Universitet Macarıstanın Dövlət Qulluğu Universiteti, "Pécs", "Debrecen", " ELTe" və "Corvinus" Universitetləri də daxil olmaqla beş universitetlə əməkdaşlıq anlaşmaları imzalayıb. İndiyədək 41 ADA tələbəsi bu əməkdaşlıqdan yararlanaraq tərəfdaş universitetlərdə təhsil alıblar. 15 macar tələbə isə ADA Universitetində həm əyani olaraq, həm də mübadilə proqramında iştirak edərək təhsil alıb. ADA Universitetinin Macarıstanın ölkəmizdəki səfirliyi ilə sıx əlaqələri, müəllim və işçi heyətinin mübadiləsi və ADA-da macar dilinin tədrisinə başlanılması genişlənən əməkdaşlıq imkanlarını əks etdirir. 2020-ci ildə “Rəqəmsal Macarıstan” forumu da daxil olmaqla bir neçə ortaq elmi konfranslar təşkil edilib.

Xatırladaq ki, Azərbaycan-Macarıstan əlaqələrinin inkişafındakı, mədəni və elmi sahədə münasibətlərin möhkəmləndirilməsindəki müstəsna xidmətlərinə görə ötən il ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev “Macarıstanın Xidmətlərinə görə Komandor Xaçı” ordeni ilə təltif edilib.

"Həm diplomatiya, həm də təhsil sahələrindəki əməkdaşlığımız dost xalqlarımız arasındakı münasibətlərin inkişafına xidmət edir", - deyən prorektor İsmayılzadə ADA ilə Macarıstan universitetləri arasında əlaqələrin daha da genişləndiriləcəyini bildirib.

Macarıstan səfirliyindən bildirilib ki, səfirlik F. İsmayılzadənin ölkələrimizin, xalqlarımızın və mədəniyyətlərimizin bir-birinə daha da yaxınlaşdırılması istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirir.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA