O daşın altında Məmməd Araz yaşayır...

img

01-12-2020 [15:03]


Bu gün Azərbaycanın Xalq şairi, Azərbaycanın  Əməkdar Mədəniyyət işçisi, Azərbaycan Əməkdar İncəsənət xadimi, tərcüməçi, publisist, çox sevdiyimiz, adı, şeirləri dillər əzbəri olan MƏMMƏD ARAZın xatirə günüdür. 

Ehtiramla xatırlayaq. 

Böyük şairin ruhu şad olsun.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev: "Məmməd Arazın şeirləri, şübhəsiz ki, çoxdur. Amma “Dünya sənin, dünya mənim” kimisi yoxdur..." 

Azərbaycan Yazıçılar Birliyinin sədri. Xalq yazıçısı Anar: “Məmməd Araz şeirində sanki fikirlər sözlərin boyuna biçilib. Nə vəznin boş xanələrini doldurmaq üçün artırılan lüzumsuz kəlmələr var burda, nə də darısqal dil köynəyində çırpınan düşüncələr”...

Görkəmli Xalq şairimiz Məmməd Araz haqqında söz demək üçün Məmməd Araz qüdrətində, Məmməd Araz ucalığında olmaq gərəkdir. Bu sətirlər olsa-olsa böyük şairimizin poeziyasına, söz dünyasına bir sevgi hissləridir.

Məmməd Araz mənalı, keşməkeşli və şərəfli, bütövlükdə Vətənə və sənətə həsr olunmuş əsl şair - vətəndaş ömrü yaşamışdır. Sənətkarın tərcümeyi-halının, taleyinin daha çox onun yaradıcılığında öz əksini tapmasını Məmməd Araz özü də şeirlərində dəfələrlə etiraf etmişdir.

Kitablarından birinə yazdığı müqəddimədə deyilir: "Əsl tərcümeyi-hal şairin şeirləridir. Şair çox halda öz yazılarının baş qəhrəmanı ola bilir".

Məmməd Arazın şeirlərində ifadə olunan həyatı və taleyi rəsmi tərcümeyi-hal sənədlərindən də dəqiq, dərin və mənalıdır:

Məni şeirimdə gəz bir insan kimi,

Qəlbimdə nə varsa, onu demişəm.

Anadan-bacıdan gizlətdiyimi

Kağızdan, qələmdən qizlətməmişəm...

Xalq şairi Məmməd Araz poeziyasında Vətən - ata ocağı, doğma yurd, el-oba, Kür-Araz deməkdir. İxtisasca coğrafiya müəllimi olan Məmməd Araz ədəbiyyatda bütöv Azərbaycanın ən kamil, bitkin, dolğun poetik coğrafiyasını yaratmağa nail olmuşdur. Ədəbiyyatımızda Əhməd Cavaddan və Səməd Vurğundan sonra müqəddəs Azərbaycan Vətənimiz haqqında ən sanballı, yadda qalan, ilhamlı və təsirli şeirləri Məmməd Araz yaratmışdır. Ölkəmizdə Azərbaycan haqqında ən çox və geniş yayılmış şeirlərdən biri - "Azərbaycan - dünyam mənim" şeiri dillər əzbəridir. Məmməd Arazın “Azərbaycan – dünyam mənim” şeiri ibütün şair qəlbinin ağrılarından, fəal vətəndaş narahatlığından keçir: 

Azərbaycan - mayası nur, qayəsi nur ki...

Hər daşından alov dilli ox ola bilər.

"Azərbaycan" deyiləndə ayağa dur ki,

Ana yurdun ürəyinə toxuna bilər.

Görkəmli şairimizin yaradıcılığı sanki  bir vətənpərvərlik dərsliyi kitabıdır. Vətəni uğrunda ölə biləcək qədər sevməyi, vətəni hər şeydən, hər kəsdən üstün tuta bilməyi, vətənin daşı ola bilməyi, harda oluruqsa olaq, hər məqamda “Vətən, Azərbaycan” deməyi, əyilməzliyi öyrədib bizə. Bu mənada “Onun Vətən məhəbbəti, Məhəbbətdən ağır gəldi”. Xalq şairinin bu sözlərində məhz Vətənin çağırış nidaları səslənir, mübarizlərin himni təsirini bağışlayır:

Bu gun gərək hər anımız

Vətən desin!

Qılıncımız, qalxanımız

Vətən desin!

Qoca millət, hər andımız, amalımız

əgər varsa,

Zərrə qədər imanımız,

İmanımız Vətən desin!

O, doğma vətəni Azərbaycanla nəfəs alan əsl azərbaycanlı vətəndaş idi.

Vətən mənə oğul desə nə dərdim,

Mamır olub qayasında bitərdim.

Bu torpaqsız harda, nə vaxt, nə dərdim

Xəzanımdır, xəzanımdır, xəzanım,

- deyən şairin misraları vətəndaşlıq şəhadətinin özünəməxsus poetik dillə ifadəsidir. Qətiyyətlə demək olar ki, Azərbaycan ədəbiyyatı tarixində Azərbaycanın milli istiqlaliyyəti, birliyi və ərazi bütövlüyü uğrunda öz qələmilə mübarizə aparan əbədiyaşar sənətkarlardan biri də “Xətayinin qılıncını suvardım, Məmməd Araz karandaşı göyərdi” deyərək öz poeziyası ilə qələmini milli ideallar, dövlətçilik və ərazi bütövlüyü uğrunda mücadilədə silaha çevirən görkəmli söz ustadı Məmməd Arazdır. “Mənim yurdum hardan başlar? - ürəyimin kandarından...” - deyən şairin yaradıcılığında Azərbaycan bütün mənəvi böyüklüyü, qüdrətilə əks olunur. Məmməd Araz yaradıcılığı və bədii düşüncəsində Azərbaycan bir Dünyadır, Kainatdır. Onun yaradıcılığında Azərbaycan öz əxlaqı, mənəviyyatı, dərin ruhi-mənəvi aləmi, zəngin dəyərləri və sairləri ilə bir baxış, dünyagörüşü, özünəməxsus bir dünyadır:

Azərbaycan!... Qayalarda bitən bir çiçək...

Azərbaycan, çiçəklərin içində qaya...

Mənim könlüm bu torpağı vəsf eləyərək,

Azərbaycan dünyasından baxar dünyaya.

Şairin yaradıcılığında əsaslı, aparıcı yer tutan Araz mövzusu, eyni zamanda ədibin möhürünə, onun ədəbi ünvanına, təxəllüsünə çevrilir. 

Şairin “Arazın nəğməsi”, “Bu gecə yuxumda Arazı gördüm”, “Araz üstə çinar gördüm”, “Yenə Arazı gördüm”, “Arazın işıqları”, “Mən Araz şairiyəm” və b. kimi şeirləri, “Araz axır” poeması məhz Arazla ayrı bölünmüş vətənin bütövlük həsrətinə həsr olunub. Bu əsərlərdə paralanmış Azərbaycanın dərin nisgili yer alıb. Buna görə də: “Qələm gəldi əlimə - Araz gəlir dilimə”, - deyə Araz mövzusu şairin sənət kredosu və yaradıcılığının baş mövzusuna çevrilməklə bütün sənət idealını özündə cəmləşdirir. 

"Mən Arazın səsiyəm” deyən şair həm də ona görə “Böyük Azərbaycan”çı şairdir ki, Araza həsr olunan əsərlərində Azərbaycançılıq məfkurəsi ilə yaşadığını əks etdirməyə nail olmuşdur. Çünki şair Araza təkcə bir çay kimi deyil, həm də tarix kimi, bütöv Azərbaycanın açarı, bütöv Vətən idealının rəmzi kimi baxır. Buna görə də, şairin yaradıcılığında Araz çox zaman obrazlaşır: Araz özünün dərdli, həsrətli, bəlalara, ayrılıqlara salınmış taleyi, əzəmətli xarakterilə yer alır və dil açıb danışır. Bu baxımdan Araz onun yaradıcılığında həm Azərbaycandır, bir ölkənin, vətənin tarixi, taleyi, bir xalqın, millətin ayrılıq dərdi, həsrətidir, həm də bir vətəndaş-şairin nisgili, qəlb yarası, sənət mövzusudur.

Məmməd Araz həm də milli istiqlalımızın önəmli simalarından biridir. Şairin “Ayağa dur, Azərbaycan” və bu kimi şeirləri 1988-1990-cı illər Azərbaycanın milli müstəqillik uğrunda apardığı mücadilə dönəmində böyük mənəvi təkan rolunu oynayıb. Ədibin “Ata millət, ana millət ağlama”, “Bizi vətən çağırır”, “Ulu şahım, qılıncına söykənim mən” və b. şeirləri milli istiqlal şeirimizin ən tutarlı nümunələrindəndir. Xalq şairi Məmməd Araz yaradıcılığında Araz mövzusu ilə vətənin bütövlüyü ideyası istiqamətində bir çox milli məsələləri işıqlandırdığı kimi, XX əsrin axırlarında xalqımızın bəxtinə yazılan Qarabağ problemini də vətəndaşlıq yanğısı ilə əks etdirib. Xalq şairi öz yaradıcılığına Azərbaycan xalqının yeni əsr, yeni minillikdə başına açılan problemlərini də gətirib, Qarabağ dərdini, qaçqınlıq, köçkünlük faciəsini, xalqın taleyinə yazılan dərdləri əhatəliliklə işıqlandırıb. 

Əsərlərində qüvvətli mübarizə idealı olan Məmməd Araz milli oyanışa, Qarabağ savaşına aid yazdığı əsərlərində mübarizə əzmini qoruyaraq “Ayağa dur, Azərbaycan” əsərində “Atın məni tank altına, Qundaqdakı bir körpəni xilas edim. Neçə “səni”, neçə “məni” xilas edim”, - deyə babalardan gəlmə döyüş və mübarizə qeyrətini, vətən sevgisi və fədakarlığını nümayiş etdirib. Xalq şairinin “Ya rəbbim, bu dünya sən quran deyil”, “Ata millət, ana millət, ağlama”, “Bizi vətən çağırır”, “Əsgər oğul”, “Dilənçi qaçqın”, “Kəlbəcər qaçqınlarına” və b. əsərləri məhz bu dövrün problemlərini əks etdirən qiymətli ədəbi nümunələrdir. 

Xalq şairi Məmməd Araz mövzusu nə olursa olsun, Azərbaycan həyatından, taleyindən, dərdindən, sevincindən yazaraq yenə də bir ideala - Azərbaycanın bütövlüyü və azadlığı idealına xidmət edib. Elə “Ya rəbbim, bu dünya sən quran deyil” əsərində də əsas motivlər “Ya rəbbim, bizlərə qaytar bizləri”, “Ya rəbbim, əl açdıq, tut əlimizdən, Çıxmasın bu doğma yurd əlimizdən” kimi motivlər üzərində qurulub. 

Vətəni daş kimi, yosunca sevmənin nəğməsini yaradan Məmməd Araz bu nəğmənin sözlərini də məhz bal-şəkər,  ana dilində yazıb. Onun şeirlərində Azərbaycan dili, sözün əsl mənasında, hünərdir. 

Azərbaycançılığı bütün ruhu ilə ifadə edən Xalq şairi Məmməd Araz ana dilinin bütün poetik qüdrəti ilə yaratdığı əsərləri ilə Azərbaycançılığın dərslik kitabını yazıb. Bu mənada, Məmməd Arazın yaradıcılığında sözlər sanki böyük bir yükü daşıyan incə, zərif bir kərpic kimi dəqiq yerləşib. Şairin yaradıcılığında sözlərin dəqiq istifadəsinə o qədər əməl var ki, sanki Azərbaycan dilinin ən səlis nümunəsi yaradılıb. Mənalarına görə sözlərin dəqiq yerləşimi, fikrin ifadəsi üçün tutumlu ifadə və dolğun, dəqiq sözlərin tapılması böyük sənətkarlıq nailiyyəti olaraq Məmməd Araz sənətkarlığının böyüklüyüdür. 

Bəzən ən az istifadə edilən sözlərin belə tapılıb istifadə edilməsi Məmməd Araz yaradıcılığının leksik zənginliyi kimi diqqəti cəlb edir. Şairin: “Dolular qırımlı, daşlar döyənək, Sən kimə gərəksən, mən kimə gərək” və yaxud: “Haray durnam, qatarımı itirdim, Havar çəkdim, havarımı itirdim. Dalğasında avarımı itirdim”, habelə: “Keçməzliyə keçid olan Çəhlimlərin açarını”, “Girəvə-marıqda yatar birisi” və sair kimi misralarında  sözlər ana dilimizin söz, məna zənginliyi və forma gözəlliyini əks etdirən mükəmməl göstəricilərdir. 

Yazıçı Sabir Rüstəmxanlı haqlı olaraq yazırdı: “Məmməd Araz üçün ana dili taleyin əlilə ölçülüb-biçilib. Ana dili onun şeirində diridir, qanadlıdır, qalxıb-qabarır, ümman kimi ləngər vurur. 

...Məmməd Araz sözü seçmə dən kimi ürəkdə yüz faizli çıxış, cücərti verən şeirdir”. 

 Xalq şairi Məmməd Arazın qələmindən çıxmış və məşhur zərb-məsələ çevrilmiş "vətən daşı olmayandan olmaz ölkə vətəndaşı" misrası daşla Vətən və vətəndaşlıq arasında bərabərlik işarəsi qoymağa gətirib çıxarmışdır. Sözün geniş mənasında Məmməd Araz özü də sənətinin milli-mənəvi dərinliyinə və əhəmiyyətinə görə əbədiyyət qazanmaq mənasında "daş ayaqlı-daş əlli" bir insan-qaya obrazı səviyyəsinə yüksəlmişdir. İlk şeir dəftəri sal daşlar olan Məmməd Araz Azərbaycan şeirinin möhtəşəm, uca və məğrur "Vətən daşıdır".

Məmməd Arazın yaradıcılığında daş obrazı və ya mövzusu digər şairlərlə müqayisədə daha çox rəngarəng mənalar daşıyır, çeşidli mətləbləri ifadə etməyə xidmət göstərir. Məmməd Arazın şeir dünyası sanki poeziyamızın "daş zəmisidir". 

Təsadüfi deyildir ki, şairin kitablarından biri də "Daş harayı" adlanır. Ədəbiyyatımızda "Vətən qayaları, Vətən daşları" şeirlər silsiləsini də Məmməd Araz yaratmışdır:

Tarix əlifbası daşdan başlanır,

Əl dəydi yumşalır, göyərir indi.

Başdı - daş olubdu, daşdı - baş olub -

Bunları seçmək də hünərdi indi.

Bu gün Azərbaycanın taleyinə biganə olmayan hər kəs Məmməd Arazın poeziyasını öyrənir və sevir. Çünki onun yaradıcılığında ölkəmizin coğrafi, mənəvi taleyi yaşayır. Onun poeziyası insanın ruhuna sanki qida verir və yeni-yeni üfüqlərə çatmağa sövq edir. Məmməd Araz yaradıcılığının baş qəhrəmanı Azərbaycandır. 

Onun “Vətən mənə oğul desə”, “Məndən ötdü, qardaşıma dəydi”, “Mənim Naxçıvanım”, “Ata ocağı”, “Ana yurdum, hər daşına üz qoyum” şeirləri vətən mövzusunda ən yaxşı əsərlər kimi dillər əzbəridir. 

Şeir yaradıcılığında olduğu kimi, poemaları ilə də Məmməd Araz təkrarsızdır. Onun “Üç oğul anası”, “Araz axır”, “Mən də insan oldum”, “Paslı qılınc”, “Əsgər qəbri”, “Atamın kitabı” poemaları hər şeydən əvvəl insan mənəviyyatının mürəkkəbliyi, tarix və müasirlik, milli tale və tarixi yaddaşın bərpası kimi fundamental məsələlərə həsr olunub.

Qısa arayış:

Məmməd Araz 1933-cü il oktyabr  ayının 14-də Şahbuz rayonunun Nursu kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. 

Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak etmişdir. Burada bəyənilən "Yanın, işıqlarım" şeiri 1952-ci ildə çap edilib. 

1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali Ədəbiyyat Kurslarının müdavimi olub. Sonra "Ulduz" jurnalının məsul katibi, "Ədəbiyyat və incəsənət" qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olmuşdur.

1974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan Təbiəti" jurnalının baş redaktoru olub. Uzun müddət Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib. 

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev həmişə Xalq şairi Məmməd Araz poeziyasını yüksək dəyərləndirmişdir. O, şairin 80 illik yubileyində demişdir: "Məmməd Arazın şeirləri, şübhəsiz ki, çoxdur. Amma “Dünya sənin, dünya mənim” kimisi yoxdur... M.Araz fəlsəfəsini musiqi tutubdur. Bu fəlsəfə şeirdə də var, musiqidə də var...

Məmməd Arazın yaradıcılığı ilə, bizim mədəniyyət xadimləri ilə təmasda olmaq, görüşmək, söhbət etmək dövlət adamı kimi mənim üçün böyük bir hadisədir. Belə tədbirləri gələcəkdə də keçirmək lazımdır”.

 Xalq şairi Məmməd Araz hələ sağlığında  Ulu Öndər Heydər Əliyevin qayğısı ilə Azərbaycanın Əməkdar Mədəniyyət işçisi, Əməkdar incəsənət xadimi, Xalq şairi adlarına layiq görülmüş, dövlət mükafatı almış, xidmətlərinə görə Azərbaycan Respublikasının İstiqlal ordeni (1995), bir medalla və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanları ilə təltif edilmişdir. 

Hacı Zeynalabdin Tağıyev adına Milli mükafatın laureatıdır (1992). 

Onun adına "Məmməd Araz" mükafatı təsis olunmuşdur (1993-cü ildən).

Görkəmli şairimiz Məmməd Araz 2004-cü ilin 1 dekabrında Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunmuşdur. 

Görkəmli söz ustadının xatirəsi həmişə əziz tutulur. 

Şairin vətəni Naxçıvan Muxtar Respublikasında, doğma kəndi Nursuda Ev muzeyi yaradılıb, “Məmməd Araz: taleyi və sənəti” kitabı ona həsr olunub, əsərləri yenidən çap edilib.

Jurnalist Əsgər İsmayılov: "Allah Məmməd Araza rəhmət eləsin. Həqiqətən də, onun "Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı" misrası bugünkü günlərlə də ayaqlaşır. Belə ki, xalqımız 44 günlük haqq savaşında mütəşəkkillik göstərərək vətən daşı olmağı və düşmənin başına da daş kimi yağmağı bacardı!"

Azərbaycanın Xalq şairi, sözün əsil mənasında, xalqın şairi Məmməd Araz dünyasını dəyişsə də, təkrarsız şeirləri, möcüzəli poeziya nümunələri ilə hər an bizimlədir. 

Özü söylədiyi kimi:

Gülüm, bir də görüşünə yubansam,

Adımı tut, harda dağlar dumansa.

Gözünü sıx, hansı daşda su yansa,

O daş altda Məmməd Araz yaşayır...

Nurlanə Əliyeva,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR