OPEC konfransı:  Əlcəzairin neft naziri "Çox ehtiyatlı olmalıyıq" dedi -  Səudiyyəli nazir isə bu dəfə ənənəni pozdu

img

30-11-2020 [19:00]


"Neft bazarında koronavirus pandemiyasının təsiri 2021-ci ilin birinci rübündə də davam edəcək, yeni peyvəndin tətbiqi isə ilin ikinci yarısından tez mümkün görünmür".

Bu barədə cari ildə OPEC konfransının prezidenti vəzifəsini icra edən Əlcəzairin neft naziri Əbdülməcid Əttar konfransın açıq iclasındakı nitqi zamanı bildirib.

“Bazar şərtlərinin gələn ilin birinci rübündə də əvvəlki kimi qalacağını dərk etməli, ona görə də çox ehtiyatlı olmalıyıq. Kütləvi peyvəndləmə üçün vaxt lazımdır. Bunun səmərəsini 2021-ci ilin ikinci yarısından əvvəl görməyəcəyimiz şəksizdir”, - Ə.Əttar deyib.

Bununla yanaşı, ümid işığının da olduğunu qeyd edən sədr 2021-ci ildə dünyada iqtisadi artımın 4,4 faiz, neftə tələbat artımının isə 6,1 milyon barel həcmində gözlənildiyini xatırladıb.

Adətən iclasdan əvvəl nitq söyləyən Səudiyyə Ərəbistanının enerji naziri, şahzadə Əbdüləziz bin Salman bu dəfə söz almayıb.

Xatırladaq ki, 2021-ci ildə neft hasilatı məsələlərinin müzakirə olunduğu OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin növbəti iclası Bakı vaxtı ilə saat 17:30-da başlayıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR