"Seçki kampaniyaları zamanı bu və ya digər təmənna müqabilində..." - PA-nın şöbə müdirindən partiyalar haqda maraqlı iddialar

img

30-11-2020 [16:00]


"Şöbə üçün son bir ilin ən mühüm yekunu isə bundan ibarətdir ki, dövlətimizin başçısının qarşıya qoyduğu tapşırıqların icrası nəticəsində Azərbaycanın siyasi həyatı daha konstruktiv dinamikaya köklənmiş, yersiz qarşıdurma, siyasi ittiham, inciklik, süni hüquqi maneələrlə bu və ya digər siyasi xadimlərin və qüvvələrin marginallaşdırılması, partiyalar, siyasi qüvvələrarası ifrat qütbləşmə, bir-birini qəbul etməmək, ayrı-ayrı şəxslərə, bəzən şübhəli dairələrə xidmət etmək, sifariş əsasında hansısa qurumları hədəfə gətirmək kimi olduqca mənfi meyillər, demək olar ki, aradan qaldırılmışdır. Obrazlı desək, ölkədə gedən quruculuq işləri, islahat kursu, nəhayət ki, partiya təsərrüfatına da çatmışdır".

Mia.az xəbər verir ki, bu sözlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin "Azərbaycan dövlətçiliyinin islahatlar və zəfər mərhələsi" adlı məqaləsində yer alıb.

Şöbə müdiir bildirib ki, bu ilin fevral ayında şöbə tərəfindən aparılmış ilk monitorinqin nəticəsində müəyyən edilib ki, dövlət qeydiyyatında olan 55 siyasi partiyadan 8-nin sədri vəfat edib, 6-sının sədrinin səlahiyyət müddəti nizamnamə ilə tənzimlənməyib, mövcud siyasi partiyaların bir çoxunun uzun illərdir (bəzən 20 ilə qədər müddətdən söhbət gedir) ya sədri yoxdur, ya da sədr adına iddia edən şəxslər legitim deyillər:

"Nəinki sədrlər, uzun illər qurultayları keçirilmədiyindən 21 siyasi partiyanın heç bir ali orqanları seçkili və legitim sayılmırdı. 7 siyasi partiya isə qanunvericiliyin tələblərini nəzərə almadan maliyyə hesabatlarını Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim etməmişdir. Beləliklə, onlarla partiyanın legitimliyi şübhə altında idi. Yalnız 16 partiyanın qurultayı nizamnaməyə uyğun keçirilmiş və yeni sədrin seçilməsi ilə əlaqədar müvafiq sənədlər Ədliyyə Nazirliyinə təqdim edilmişdi.

Burada bir tərəfdən müvafiq orqanların səhlənkar münasibətinin rolu var idisə, digər tərəfdən fəaliyyətlərinə diqqət deyil, etinasızlıq, bəzən də dediyimiz kimi, süni maneələr hiss edən qüvvələr, faktiki olaraq, görüntü ilə, kağız üzərində işlə, yalnız seçki kampaniyaları zamanı bu və ya digər təmənna müqabilində özlərini yada salmaqla kifayətlənmişlər. Bəzən də qeydə alınmış partiyası olmaq, sözün müstəqim mənasında, sərmayə sayılmış, müəyyən cəlbedici təkliflərin qarşılığında partiyalar cari siyasi bloklara qoşulmuş, perspektivli və maddi imkanlı təsiri bağışlayan şəxslər ətrafında təmərküzləşmiş, yeni siyasi çətir qəbul etmişlər. Belə hüquqi nizamsızlıq, real partiyaların qeydiyyatı önündə süni əngəllər olduğu halda real fəaliyyəti olmayan partiyaların işinin hüquqi çərçivədə tənzimlənməməsi hər hansı fors-major hallar üçün də ciddi problemlər mənbəyidir".

Bildirilib ki, Azərbaycan Prezidentinin tapşırığı ilə Şöbənin rəhbərliyi cari il fevralın 17-dən martın 12-dək 55 siyasi partiyanın fəaliyyətdə olan 43 sədrindən 38-i ilə, eləcə də bir çox tanınmış siyasi xadimlə görüşlər keçirib:

"Sonralar da görüşlər davam etdirilmiş, artıq real fəaliyyətdə olan 52 partiyadan 51-nin rəhbəri ilə təkrar görüşlər keçirilmişdir. Görüşlərdə səsləndirilən fikir və təkliflər araşdırılaraq, müvafiq addımlar atılmışdır. Zaman məhdudiyyəti qoyulmayan görüşlərdə müstəqilliyin qorunması, milli həmrəylik, korrupsiyaya qarşı mübarizə, iqtidar-müxalifət dialoqunun inkişafı, yeni siyasi konfiqurasiyanın formalaşması, Prezidentin islahatlar kursu, çoxpartiyalı sistemin inkişaf perspektivləri, ölkənin tolerant və sülhpərvər imicinin qorunması, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz siyasəti və digər aktual ictimai-siyasi mövzular müzakirə edilmişdir".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR