"Axırıncı aşırım"ın Abbasqulu ağası, "Yeddi oğul istərəm"in Bəxtiyarı... - Kinomuzun "Dədə Qorqud"u Həsən Məmmədovun həyat yolu + FOTOLAR
22-11-2020 [19:41]
"O, özü ilə kinonun ən yaxşı illərini, dadını-duzunu apardı. Həm də adam çox çətinlik çəkir ki, uzun illər Həsən Məmmədov kimi sənətkarla kinoda, teatrda bir yerdə işləyəsən, bir gün gözünü açasan ki, o, yoxdu. Bu itki ilə barışmaq bizim üçün ağırdı...”.
Bu sözləri Xalq artisti Rafiq Əzimov Xalq artisti, Azərbaycan Dövlət mükafatları laueratı Həsən Məmmədov haqda deyib.
Uşaqlıqdan çox sevdiyim, çəkildiyi hər filmi sevə-sevə izlədiyim, Azərbaycanın görkəmli teatr və kino aktyoru, Azərbaycanln Xalq artisti və Azərbaycan Dövlət mükafatları laueratı HƏSƏN MƏMMƏDOVun doğum günüdür.

Yeddi oğuldan biri, "Yeddi oğul istərəm"in Bəxtiyarı, Sarı Şəmistanın sağ əli kimi tanıyıb sevdiyimiz “Böyük dayaq” (Qaraş), “Arşın mal alan” (Əsgər), “Bir cənub şəhərində” (Murad), “Yeddi oğul istərəm” (Bəxtiyar), “Axırıncı aşırım” (Abbasqulu bəy), “Gün keçdi” (Oqtay), “Dədə Qorqud” (Dədə Qorqud), “Arxadan vurulan zərbə” (Qəmərli), “Bizi bağışlayın” (Nəriman), “İstintaq” (Murad), “Evlənmək istəyirəm” (Mirzə Səfər), “Bağ mövsümü” (Ağabala), “Qəm pəncərəsi” (Məmmədhəsən), “Doğma sahillər” (Nuru), “Təhminə” (Professor Zeynallı), “Həm ziyarət, həm ticarət...” (Əlimurad) və s. filmlərdə yaddaqalan obrazlar yaratmış Xalq artisti HƏSƏN MƏMMƏDOV.

Orta məktəbi bitirdikdən sonra atasının istəyi ilə Azərbaycan Dövlət Universıtetinin (indiki Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsinə daxil olmuşdu.
Amma sonradan ürəyinin səsinə qulaq asdı. Gördü ki, yox, ürəyi başqa söz deyir. Riyaziyyat onun daxili aləmini ifadə edə bilməzdi. Buna görə də, qərarını dəyişib, aktyorluq peşəsinin ardınca Teatr İnstitutuna gəldi. Hətta buna görə bir müddət atası ilə küsülü də qaldılar.
Həsən Məmmədov tələbə vaxtı "Böyük dayaq" filmində Qaraş roluna çəkildi. Film bütün Azərbaycanda sevildi, hər kəs Qaraşdan danışırdı. Atası da Qaraşa görə Həsəni bağışladı...
Onu "Böyük dayaq" filminə rejissor Həbib İsmayılov dəvət etmişdi. Həsən Məmmədov üçüncü kursda oxuyanda "Toy" komediyasında Şeyda rolunda oynayırdı. O vaxt həmin tamaşa Azərbaycan televiziyasında da nümayiş olundu. Həbib müəllim həmin ərəfədə, sən demə, Qaraş roluna aktyor axtarırmış. Həsən Məmmədovu görən kimi, axtardığını tapdığını düşünüb. Sonralar müsahibələrində Həsən Məmmədov özü də ən çox Qaraş rolunu sevdiyini demişdi...

Amma tamaşaçılar onu daha çox Bəxtiyar, Abbasqulu ağa Şadlinski, Oqtay, Qəmərli... və digər rolları ilə daha çox sevdilər.
Rejissorlar da onu çox sevirdilər. Həsən Məmmədov həm daxili aləmi, həm də xarici görkəmi ilə onların diqqətini tez cəlb edirdi. Hündürboylu, həm də çox xarizmatik adam idi. Çox qəribə gözləri vardı... İnsanı özünə cəlb edir, daim diqqət mərkəzində olurdu. Həm də təbii oynayırdı. Rejissorlar bilirdilər ki, o filmdə Həsən Məmmədov çəkiləcəksə, film mütləq uğur qazanacaq.
Həsən Məmmədovun qəribə gözləri...

Yadıma "Yeddi oğul istərəm" filmində son epizodlardan biri düşdü. Artıq ayazlı-şaxtalı bir qış axşamı yeddi yoldaş olub yola çıxdığı dostlarından heç biri qalmamışdı... Stolda tək-tənha oturan Bəxtiyar onlara məxsus komsomol biletlərinə baxırdı... Gözlərində bir dünyanın agrısı, yaşı ilə...
Və bir də ona məktub gətirənə baxdığı səhnə... ilahi, o nə baxışlardı elə... Bir müddət o gözlərin təsirindən ayrıla da bilmirsən...
Ayazlı, şaxtalı bir qış axşamı
Yeddi yoldaş olub yola düzəldik,
Qarlarla örtülü bir düzə gəldik;
Ayazlı, şaxtalı o qış axşamı,
O, ay dediyimiz göylərin şamı
O qarlı düzlərə baxıb yanırdı,
Yolçular getdikcə yol uzanırdi...
“Axırıncı aşırım” filmindəki Abbasqulu bəyin həlak olduğu səhnə də həmin baxışları xatırladır...
Onun “Gün keçdi" filmidəki Oqtayı, “Bizi bağışlayın”dakı Nərimanı, “İstintaq”dakı Muradı... da bir ayrı yöndən maraqlıdır.
Xalq artisti Rafiq Əzimovun xatirələrindən:
-Onun özünəməxsus həyat tərzi vardı. Bakıda, Poluxin küçəsində birotaqlı ev kirayələmişdi. Haçan gedirdim, görürdüm ki, təkcə oturub, qabağında çayı, radioda xarici mahnılara qulaq asır. Bundan zövq alırdı. Qaradinməz idi, amma gözlənilmədən zarafatlar edirdi. Yadımdadır ki, tələbə vaxtı müəllimlərimiz ona deyirdilər ki, ay Həsən, niyə bu qədər qaradinməzsən, sən də uşaqlarla de, gül, zarafat elə.

Bir xatirə yadıma düşdü. Barat Şəkinskayanın qızı Solmaz Həmzəyeva da bizimlə eyni kursda oxuyurdu. Tələbə vaxtı ailə qurmuşdular, hamilə vəziyyətdə dərsə gəlirdi. Artıq sonuncu həftələri idi. Uşağın doğulmasına az qalmışdə. Solmaz dərsə gəldi. Qapının ağzında stul qoyduq ki, otursun. Həsən qəfildən o stulu çəkdi, Solmaz gupultu ilə yerə yıxıldı. Dəli olduq ki, bu neyləyir? Su dalınca qaçdıq, onu özünə gətirməyə çalışırıq, Həsənsə qəşş edib gülür. Yaxınlaşdım ki, Həsən, belə zarafat olar? Heç vecinə də olmadı, əksinə, bizdən incidi ki, noolub, başqa vaxt deyirsiniz qaradinməzəm, zarafat da başa düşmürsünüz.
"Flaminqo" filminin çəkilişləri vaxtı da belə zarafatlardan birini etdi.

O filmə mənim 7 yaşlı oğlumu da çəkirdilər. Bir gün çəkiliş zamanı rejisor Tofiq Tağızadə nə illah elədisə, uşaq rolunu oynamaq istəmədi. Mənim də sözümə fikir vermədi. Tofiq müəllim axırda əsəbiləşdi ki, gedin başqa uşaq tapın, bunun da paltarlarını əynindən çıxarıb ona geiyndirin, mənim uşağın nazıyla oynamaq fikrim yoxdur. Həsənlə də Şahmar Ələkbərov qıraqdan oturub sakitcə bizə baxırdılar. Uşağın əynini dəyişəndə gördüm Həsən qımışır. Yaxınlaşdım ki, Həsən, noolub, uşağa nə demisiniz? Sonradan bəlli oldu ki, Həsənlə Şahmar uşağı öyrədiblər ki, biz sənə deməyənə qədər çəkilmə. Sən demə, həmin filmin qonorarını ləngitdikləri üçün Həsəngil Tofiq Tağızadəni hirsləndirmək istəyiblərmiş. Bax, belə qəribə insan idi.

Həsən Məmmədovun filmlərinin uğurlu alınmasının bir sirri də vardı. O çəkilişlər başlayandan ta filmin axırına qədər rolun təsiri altında yaşayırdı. Bəxtiyarı oynayırdısa, Həsən adi həyatda da dönüb Bəxtiyar olurdu. Onunla zarafat etmək olmurdu, əsəbiləşirdi. Oynadığı rolların taleyini özününküləşdirməyi bacarırdı, bu adam rolu ilə yaşayırdı, nəfəs alırdı. Tarzən tarı kökləyən kimi o da özünü rola kökləyirdi...
Qısa arayış:
Həsən Ağaməmməd oğlu Məmmədov 1938-ci il noyabr ayının 22-də Salyan rayonunda doğulmuşdur. Burada 2 saylı orta məktəbi 1956-cı ildə bitirmiş və Azərbaycan Dövlət Universıtetinin (indiki Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsinə daxil olmuşdu. İkinci kursda universitetdən çıxmış və bir müddət müxtəlif teatrların yardım heyətində aktyorluq edib.
1962-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Tələbəlik illərində müəyyən fasilələrlə Dövlət radiosunda (1960-1961) işləyib. H.Məmmədov məşhur səhnə xadimi Mehdi Məmmədovun kursunu 1962-cı ildə bitirib və təyinatla Akademik Milli Dram Teatrına göndərilmişdir. O, elə həmin ildən kinoda da fəaliyyət göstərib və 50-dən çox filmdə çəkilmişdi.
1962-ci ilin 10 sentyabrda bu qədim sənət ocağının aktyor truppasına üzv olmuşdur. Bu ildən başlayaraq on il ərzində kino çəkilişlər ilə əlaqədar olaraq müxtəlif müddətlərə dəfələrlə teatrdan işdən çıxmış və yenə kollektivə qayıdib.

İldən-ilə kino aktyoru kimi məşhurlaşan Həsən Məmmədov 1972-ci il 2 fevralda köçürmə yolu ilə Akademik teatrdan çıxaraq "Azərbaycanfilm" kinostudiyasına işə qəbul edildi. O, 1989-cu il 17 mayda dəvətlə Cəmil Əlibəyovun "Gülüstanda qətl" (quruluşçu rejissor Ağakişi Kazımovdur) dramının tamaşasında İlyas İbrahimov rolunu oynadı. H.Məmmədov Akademik teatrın direktoru və bədii rəhbəri Həsən Turabovun dəvətilə 1992-ci il 21 noyabrdan ömrünün sonunadək doğma kollektivin aktyor truppasında çalışmışdı.
Aktyorun rollar siyahısında milli və Avropa klassiklərinin, çağdaş Azərbaycan və əcnəbi dramaturqlarının əsərlərinin tamaşalarındakı səhnə obrazları var.

Kinoda çəkildiyi çoxsaylı rollar Həsən Məmmədovun yaradıcılıgında xüsusi yer tutur. O, "Azərbaycanfilm"də istehsal olunmuş "Böyük dayaq" (Qaraş), "Arşın mal alan" (Əsgər), "Gün keçdi" (Oqtay), "Arxadan vurulan zərbə" (Qəmərlinski), "Bizi bağışlayın" (Nəriman), "Birisi gün gecə yarısı" (Baba Əliyev), "İstintaq" (Murad), "Dədə Qorqud" (Dədə Qorqud), "Axırıncı aşırım" (Abbasqulu ağa Şadlinski), "Sevil" (Balaş), "Yeddi oğul istərəm" (Bəxtiyar), "Bir cənub şəhərində" (Murad), "Qızıl qaz" (Fərman), "Bakıda küləklər əsir" (General), "Alma almaya bənzər" (Qurban), "Səmt küləyi" (Əlibala), "İstintaq davam edir" (Əzimov), "Şahid qız" (Polkovnik), "Qəm pəncərəsi" (Məmmədhəsən əmi), "Papaq" (Mirzə Səfər), "Həm ziyarət, həm ticarət" (Əlimurad), "Zirvə" (Kamil) filmlərində aparıcı rollar oynayıb.

Həsən Məmmədov 2003-cü il 26 avqustda vəfat etmiş, II Fəxri Xiyabanda dəfn edilmişdir.
Son söz yerinə:
Ömrünün son illərində ev, ailə, uşaq qayğıları onu çox sıxırdı...

Ulu öndərimiz Heydər Əliyev onu bir aktyor kimi çox istəyirdi, dəfələrlə tamaşalarına da gəlib baxmışdı. Heydər Əliyevin sərəncamı ilə Həsən Məmmədova ev də verilmişdi. Sonralar bəzi məmurlar evin əvəzinə ona torpaq sahəsi verdilər. Amma orda ev tikdirə bilmirdi. Bir neçə dəfə aldadıb, torpağını əlindən almışdılar. Heç kiçik oğlunu da evləndirə bilmirdi. O çox abırlı insan idi. Bu barədə bir dəfə də, Heydər Əliyevə məlumat verməmişdi...
Axır vaxtlar kinoya çəkilmirdi, işsiz idi..
Elə bu səbəblərdən də fikir edir, tez-tez təzyiqi qalxır, səhhətində ciddi problemlər yaranırdı...

Polad Bülbüloğlunun köməyi ilə "Azdrama"ya işə qayıtmışdı. Amma kinodakı kimi burada rahat deyildi...
Beləcə, Həsən teatra qayıtdı. Bir neçə rol da oynadı. Amma kinosuz yaşaya bilmirdi. Ürəyi kinoda qalmışdı...
Azərbaycanın Xalq artisti Rafiq Əzimov teatr və kino aləminin Həsən Məmmədov kimi aktyoru vaxtsız itirməsini ümumən incəsənətimiz üçün böyük itki sayır.
Çox heyf!... Vaxtsız dünyasını dəyişdi Həsən Məmmədov... Azərbaycan kinosu da, kinosevərlər də, elə biz də çox şey itirdik...

Məkanı cənnət olsun.
... Azərbaycanın Xalq artisti Həsən Məmmədov yaradıcılığınln ən məhsuldar vaxtında həyatla vidalaşdı.
Amma onun böyük məharətlə yaratdığı Bəxtiyarı, Qaraşı, Əsgəri, Mirzə Səfəri, Abbasqulu bəyi, Oqtayı, Dədə Qorqudu, Əlimuradı... hələ də bizimlədir...
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
BƏƏ Yəməndəki hərbçilərini geri çəkdi
"Peşman deyiləm, lakin..." - "Beşiktaş"ın heyətindən kənarlaşdırılan futbolçu danışdı
Prezident İlham Əliyev bu fotonu paylaşdı - FOTO
Mauro İkardinin 15 yaşında çəkdirdiyi şəkil gündəm oldu - FOTO
İsrail Livanı top atəşinə tutub
Aralıq dənizində zəlzələ olub
Tayfur Bingöl super liqa ilə bağlı proqnoz verdi
Şeyma Subaşı hava limanında saxlanılıb - FOTO
Naftalan Müalicə və Sağlamlıq Mərkəzindən xoş təəssürat... - Səxavət Tağlar yazır (FOTOLAR)
İCRA BAŞÇISI İDMAN GEYİMİNDƏKİ MÜĞƏNNİYƏ HESABAT VERİR - Bu, dövlət ərkanı və atributlarına hörmətsizlik deyilmi?! (VİDEO, FOTOLAR) - Yenilənib
Elman Rüstəmovun biznesinin biri qapadıldı
“Azercell” yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir
Sabiq icra başçısı azadlığa buraxılıb
Rəsmi Kiyev Putinin iqamətgahına hücum etmədiyini deyir: "Moskva dəlillər təqdim edə bilmədi"
Dövlət Xəzinədarlığı Agentliyinin adı dəyişib - Fərman
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 6 günlük məzənnəni açıqladı
14 nəfər zəhərlənib - Ucarda
Energetika Nazirliyinə əlavə səlahiyyət verildi - Fərman
Deputat Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif olunub - Sərəncam
YENİ QURUM YARADILDI - Fərman
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb - FOTOLAR
Əli Əsədovla Küveytin Baş naziri telefonda danışıb - Açıqlama
"Beynəlxalq Bankı”ın İdarə Heyəti sədrinin birinci müavini vəzifədən niyə çıxarılıb?
TARİF ŞURASI YENİ QƏRAR VERDİ: işıq... - Yeni qiymətlər
Daha 237 dərmanın qiyməti dəyişib - Qərar
BENZİN VƏ DİZELİN QİYMƏTİ QALXDI - Tarif Şurası qərar verdi
Şahin Tağıyevin cənazəsi Vətənə gətirilir
Axtarışda olan Nicat Rəhimov Bosniya və Herseqovinada saxlanılıb
Səudiyyə bu hücumla açıq mesaj verir - Təhlil
Spiker: "Payız sessiyasında 86 qanun və qərar layihəsi qəbul edilib"
Milli Məclis müraciət yayıb
Dövlət qulluğu ilə bağlı yeni qanun qəbul edildi - DETALLAR
Yeni il gecəsi hava necə olacaq? - Proqnoz
Onlara leytenant hərbi rübəsi veriləcək - Yeni qanun
Sosial şəbəkədə narkotiki təbliğ edən şəxs həbs olunub
Bakıda 3 nəfər 27 kq narkotiklə tutulub
İRAN PULU DƏYƏRDƏN DÜŞDÜ, XALQ AYAĞA QALXDI - Mərkəzi Bank sədri istefa verdi, Prezident etirazçılara səsləndi (VİDEO, FOTOLAR)