Paşinyanı devirmək mümkün olacaqmı?

img

22-11-2020 [17:12]


Fazil ƏHMƏD

***

Ermənistan cəmiyyəti və ya Rusiya Nikol Paşinyanı devirməyə hazırdımı?

Əlbəttə, bu, indi Rusiyanın da qəti marağında deyil. Və nə qədər ki, sülhməramlı missiya ilə bağlı proses tam başa çatmayıb, nə qədər ki, erməni məğlubiyyətinin bütün yükü Qərbpərəst Paşinyana yüklənməyib, Rusiya İrəvanda daim səksəkə yaratsa da, öz kadrını Paşinyanla əvəzləməyə can atmayacaq.

Zatən, Ermənistandakı ciddi füqurlardan - qatı Rusiyapərəst "Qarabağ klanı"nın heç bir üzvü də indiki məqamda orada iqtidara can atmaz, atmayacaq da. Çünki əvvəla, buna zəmin yoxdur.

İkincisi, hazırkı məsuliyyətli mərhələdə onlardan heç biri bu yükün altına əlini soxmaz.

Ən kritiki məqamda isə Rusiya "Qarabağ klanı" ilə Ermənistan klanı arasında körpü rolunu oynaya bilən "keçid Baş nazir"ə ehtiyac duya bilər ki, bu ehtimalı da hələlik Paşinyanın Lavovla son görüşü azaldıb(Paşinyan üçtəırəfli razılaşmanın alternativinin olmadığını deyib və açıq formada bundan başqa yollarının olmadığənı etiraf edib).

Qaldı Paşinyana, düşünürəm ki, o, müddətinin son gününə qədər vəzifəsində qalacaq və bunun üçün Qərbin də dəstəyi ilə (Qərb ən azından onun qatı Rusiyapərəstlə əvəzlənməsini istəməyəcək, onun üçün insan haqq və hüquqlarından tutmuş, rəqiblərinin həbsinə qədər hər şeyə göz yumacaq) bütün tələb olunan addımları da atacaq. Buna onun daxildəki dayaqları da - Ermənistan əhlinin böyük əksəriyyəti də rüsxat verəcək.

Çünki əvvəla Ermənistan əhli Levon Ter-Perrosyandan sonra sıralama ilə hakimiyyətə sahiblənən "Qarabağ klanı"ndan bezib, hətta deyərdim ki, iyrənib.

İkincisi və ən əsası, sosial şəbəkə və mediada ayrı-ayrı siyasətçilərin ritorikasının əksinə olaraq, Ermənistan toplumu, əslində, Qarabağ yükünü artıq daşıya bilmədiklərinin tam fərqində idilər.

44 günlük müharibə bu yəqinliyi əminliyə çevirdi. Qısa zamanda 3 mindən çox meyitin ölkəyə girməsi, yüzlərlə itkinin olması onları fanatlıqdan reallığa doğru daha sürətlə addımlatdı və hər keçən gün bu, daha da sürətlənəcək. Bəli, artıq onlar övladlarının Qarabağda mifik xəyallar səbəbindən ölməsini, həyatlarının isə Qarabağ şousu üzərində davam etməsini istəmirlər.

Ən nəhayət, 30 illik müstəqillik dönəmində ölkənin Rusiya ilə bağlarının da onlara normal həyat verməməsini artıq qəbul ediblər. Bunu son 6 ayda Almaniya başda omaqla, Avropanın bir çox ölkələrində sığıncaq almış və ya almaq üzrə olan ermənilərin statistikası da təsdiq edir. Odur ki, ümidini bu dəfə Qərbə bağlayan Ermənistan toplumunun, xüsusən paytaxt irəvanlıların Paşinyanı qətiyyən Koçaryan və ya Sarksyan kimi Rusiyaya bağlı klan üzvlərinin əvəzləməsinə imkan verəcəkləri inandırıcı deyil...

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR