Vicdanının pıçıltısı ilə yazan və Şuşada ilk işinə başlayan ədəbiyyatımızın daha bir dahisi... - Əbdürrəhim bəy Haqverdiyevin həyat yolu

img

19-11-2020 [21:47]


Klassik Azərbaycan ədəbiyyatının korifeyi, Azərbaycanın dövlət və ictimai-siyasi xadimi, Azərbaycanın görkəmli yazıçısı, dramaturq, ədəbiyyatşünas, pedaqoq, teatr xadimi, Azərbaycan SSR Əməkdar İncəsənət xadimi Əbdürrəhim bəy Haqverdiyevin xatirə günüdür. 

Bu il Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illik yubileyi qeyd olunur.

O, Birinci Rus Dumasının Azərbaycandan olan deputatı, Gürcüstan Parlamentinin deputatı; “Leyli və Məcnun” operasının premyerasında ilk dirijor, Teatr Şurasının təsisçisi və birinci rəhbəri, Yazıçılar İttifaqının üzvü, məşhur "Molla Nəsrəddin" jurnalının baş redaktorlarından biri olmuşdur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əbdürrəhim bəy Haqverdiyev Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.

Azərbaycan ədəbiyyatında əlçatmaz zirvə hesab olunan Əbdürrəhim bəy Haqverdiyevin yaradıcılığı çoxəsrlik ədəbiyyatımızda ən orijinal, təkrarolunmaz, zəngin söz xəzinəsi ilə yaddaşlara həkk olunub. 

O öz vicdanının pıçıltısı ilə yazan, heç vaxt sənətkar vicdanına zidd getməyən, sözün əsl mənasında yazıçı, gözəl bir insan idi. XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayıb-yaratmış yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında gərəkli yer tutan Ə.Haqverdiyevə yalnız bu sətirləri aid etmək olar.

Əbdürrəhim bəy Haqverdiyev öz məşhur sələflərinin ədəbi ənənələrinin layiqli davamçısı və geniş erudisiyaya malik müasir dünyagörüşlü maarifpərvər ziyalı kimi çoxşaxəli fəaliyyət göstərib, Azərbaycan realist ədəbiyyatını və maarifçi-demokratik fikrini yeni mərhələyə qaldıraraq milli düşüncənin inkişafında əhəmiyyətli rol oynayıb. Ustad sənətkarın dramaturji irsi ölkəmizdə teatr mədəniyyətinin yüksəlişinə yol açıb. Onun canlı həyat lövhələri ilə son dərəcə zəngin hekayələri nəsr tariximizin ən qiymətli nümunələri sırasında xüsusi yer tutur. Vətənpərvər ədib sevdiyi və təmənnasız xidmətində dayandığı xalqın arzu və istəklərini əsərlərində dolğun əks etdirib, maarifçiliyin alovlu təbliğatçısı olaraq daim mədəni oyanışa və tərəqqiyə səsləyib. Əbdürrəhim bəy Haqverdiyev Azərbaycanın ictimai həyatında fəal iştirak etmiş və sosial-mədəni quruculuq işlərində yorulmadan çalışıb.

Əbdürrəhim bəy Haqverdiyevin adının UNESCO-nun 2020–2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilməsi çoxəsrlik ədəbiyyatımızın parlaq siması olan ədibin mənəvi sərvətlərimizi və ali ümumbəşəri dəyərləri özündə təcəssüm etdirən humanist ruhlu yaradıcılığının lazımınca və yüksək qiymətləndirilməsinin aydın təzahürüdür.

Bir məsələni  də  qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət  Mərkəzi Azərbaycan Prezidenti İlham Əliyevin görkəmli dramaturq, nasir, publisist, teatr təşkilatçısı, tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında müvafiq sərəncamı ilə əlaqədar il ərzində bir sıra tədbirlərin keçirilməsini planlaşdırmışdır.

QISA ARAYIŞ:

Realist-demokratik ədəbiyyatımızın inkişafı tarixində mühüm xidmətləri olan, dramaturq, nasir və mədəniyyət xadimi kimi geniş şöhrət qazanan Əbdürrəhim bəy Haqverdiyev 1870-ci il mayın 17-də Azərbaycanın Şuşa şəhəri yaxınlığında olan Ağbulaq kəndində anadan olmuşdur. İbtidai təhsilini 1880-ci ildə Şuşada Yusif bəyin müvəqqəti yay məktəbində, sonra Şuşa real məktəbində almışdır (1881-1890). Tiflis real məktəbini bitirəndən sonra Peterburq Yol Mühəndisləri İnstitutunda təhsil almışdır (1891-1899). Tələbəlik dövri azad müdavim sifət ilə universitetin şərq fakültəsinin dinləyicisi olmuşdur. Onda ədəbiyyata güclü meyl oyanmışdır. "Yeyərsən qaz ətini, görərsən ləzzətini" (1892) və "Dağılan ittifaq" (1896) əsərlərini yazmışdır. "Dağılan ittifaq" (1899) Peterburqda nəşr edilmişdir.

Ali təhsil alıb Şuşaya qayıtmış, burada tamaşalar təşkil etmişdir. Bakıda onun rəhbərliyi ilə Şərq konsertləri verilmişdir (1902-1903), Burada ilk hekayələrini ("Ata və oğul", "Ayın şahidliyi") yazıb "İki hekayət" adı ilə çap etdirmişdir. 1905-ci il inqilabından sonra Rusiya Dövlət Dumasına Gəncə quberniyasından nümayəndə seçilmiş, Peterburqa getmişdir (Azərbaycanın birinci diplomatlarından hesab olunur), burada dövlət kitabxanasında yeni əsərinə (Ağa Məhəmməd şah Qacar) materiallar toplamış, İrana - Mazandaran vilayətinə səyahət etmişdir (1907). "Leyli və Məcnun" operası 1908-ci il yanvarın 12-də tamaşaya qoyulduğu zaman ilk Azərbaycan dirijoru kimi xor və orkestri, tamaşanı idarə etmişdir. "Nicat" cəmiyyətində və Kür-Xəzər gəmiçiliyi idarəsində işlədiyi dövrdə Zaqafqaziyanı, Dağıstanı, Orta Asiyanı və Volqaboyunu səyahət etmiş, "Ceyranəli", "Xortdan". "Həkimi-nuni-səqir", "Lağlağı", "Mozalan", "Süpürgəsaqqal" və s. imzalarla "Molla Nəsrəddin" jurnalında hekayə, felyeton çap etdirmişdir.

Həştərxanda yaşadığı müddətdə şəhərin mədəni-ictimai həyatında ciddi çalışmışdır (1910). Sonra Ağdama köçüb orada yaşamışdır (1911-1915). Tiflisdə "Şəhərlər ittifaqının Qafqaz şöbəsi xəbərləri" adlı aylıq məcmuənin müdiri olmuş (1916-1917), fevral inqilabından sonra Tiflis İcraiyyə Komitəsinə və onun mərkəzi şurasına üzv seçilmişdir (1917). Həmin ilin martında Borçalı qəzasına müvəkkil təyin olunmuşdur (1918).

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonda dövlət teatrlarına müfəttiş təyin olunmuşdur. Azərbaycan milli teatrının yaranmasının 50 illiyi münasibəti ilə keçirilən yubileyə başçılıq etmişdir. Azərbaycan Dövlət Universitetində ədəbiyyatdan mühazirələr oxumuş, elmi kadrların hazırlanmasında iştirak etmişdir. 

Burada yerli komitənin sədri (1922), Azərbaycanı tədqiq və təbliğ cəmiyyətinin sədr müavini və sonra sədri (1923-1925) olmuşdur. 

Bu, ilk elmi-tədqiqat müəssisəsi idi. 

Bakıda çağırılan birinci Azərbaycan ölkəşünaslıq qurultayının nümayəndəsi kimi fəal çalışmışdır (1924).

Bunlardan başqa ədib Şekspirin “Hamlet”, Şillerin “Qaçaqlar”, Volterin “Soltan Osman”, Zolyanın “Qazmaçılar”, Andersenin “Bülbül”,“ Şahın təzə libası”, Lanskoyun “Qəzəvat”, Çirikovun “Yəhudilər”, Korolenkonun “Qoca zəng çalan” əsərlərini də Azərbaycan dilinə tərcümə etmişdir.

Azərbaycan  ədəbiyyatının, milli mədəniyyətimizin  inkişafında böyük  xidmətləri olan  Ə.Haqverdiyevin  dram əsərləri uzun illərdir ki, teatrlarımızın repertuarında əhəmiyyətli yer tutur.

Onun "Yeyəsən qaz ətini, görəsən ləzzətini"  və  "Dağılan tifaq" kimi  əsərləri   azərbyacanın bütün  teatrlarında  uğurla tamaşaya  qoyulmuş  və  bu  gün də  repertuarda  əsas yer tutmaqdadır.

  Milli   teatrımızın inkişafında Ə. Haqverdiyevin  xidmətlərindən biri 1902-ci  ildə Ağdam Dövlət Dram Teatrı onun   təşkilatçılığı  ilə  yaradılmasındadır..Yerli ziyalıların da yaxından köməkliyi  sayəsində teatr 1904-cü ildə ilk tamaşalarını-M.F.Axundovun”Sərgüzəşti-vəziri-xani-Lənkəran” və       Ə.B.Haqverdiyevin ”Dağılan tifaq” əsərlərini  hazırlamışdır. Sonrakı illərdə ictimai əsaslarla fəaliyyət göstərən teatr 1937-ci ildən Dövlət Dram Teatrı olaraq bir çox maraqlı səhnə əsərləri ilə tamaşaçılar qarşısında uğurlu çıxışlar etmişdir.1949-cu ildə ölkənin bir çox başqa teatrları kimi Ağdam Dövlət Dram Teatrının da fəaliyyəti dayandırılmışdır.1968-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin müvafiq qərarı ilə bu sənət ocağı Ə.B.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı   kimi öz fəaliyyətini bərpa etmişdir.

Onun  əsərləri  əsasında   filmlər  də  çəkilib.  1963-cüildə  “Marallarım”  ekranlaşdırılıb.  1983-cü ildə isə  “Evlənmək  istəyirəm”  filmi  onun iki  hekayəsi əsasında  lentə  alınıb. 

 1993-cü ildə Ə.Haqverdiyevin    əsəri  əsasında  “Ac həriflər” tammetrajlı film-tamaşası  ekranlaşdırılıb. Xalq yazıçısı  Anarın  “Uzun  ömrün akkordları” filmində  Ə.Haqverdiyevin  obrazı  yaradılmışdır.

Hazırda Ə.Haqverdiyevin əsərləri  tədqiq olunur, onun  haqqında monoqrafiyalar, kitablar  yazılır, dram əsərləri    tamaşaya hazırlanır.

Əminəm ki, bütün varlığı ilə bu xalqa, bu torpağa bağlı olan Azərbaycan ədəbiyyatında əlçatmaz zirvə hesab olunan Əbdürrəhim bəy Haqverdiyevin xatirəsi qədirbilən xalqımız tərəfindən heç zaman unudulmayacaq.

Nurlanə Əiyeva,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR