52 il ömür sürən "Dan ulduzu"nun yaradıcısı Həsənağa Qurbanov...

img

06-11-2020 [16:46]


Bu gün — Azərbaycan Televiziyasının "Dan ulduzu" instrumental ansamblının bədii rəhbəri olmuş Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi Həsənağa Qurbanovun xatirə  günüdür.

 Həsənağa Qurbanov 1955-ci il iyulun 20-də Naxçıvan şəhərində anadan olmuşdur. 1976-cı ildə A.Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbini, 1981-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir.

Əmək fəaliyyətinə 1978-ci ildən Naxçıvan şəhər Mədəniyyət evində müəllim və C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında pianoçu kimi başlamışdır. Sonralar Ş.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aparıcı dirijor, Naxçıvan Musiqi Texnikumunun direktoru, Azərbaycan Televiziyasının "Dan ulduzu" instrumental ansamblının bədii rəhbəri vəzifələrində çalışmışdır.

25 may 1998-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Əməkdar İncəsənət xadimi fəxri adı ilə təltif edilmişdir.

2001-ci ildə Bakı Şəhər Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə irəli çəkilmişdir.

Həsənağa Qurbanov gənc yaşlarından musiqiyə böyük maraq göstərmiş, Azərbaycan musiqi mədəniyyətinin tanınmış simalarından birinə çevrilmişdir.

"Dan ulduzu" instrumental ansamblının yaradıcısı, görkəmli musiqiçi Gülarə Əliyevanın layiqli davamçısı olan Həsənağa Qurbanov istedadlı gənc musiqiçilərə böyük diqqət və qayğı göstərmiş, onların peşəkar musiqiçi kimi yetişmələri üçün gərgin əmək sərf etmişdir.

Azərbaycan milli musiqisinin Azərbaycanda və respublikanın hüdudlarından kənarda tanınmasında və təbliğində onun böyük xidmətləri olmuşdur.

Əməkdar incəsənət xadimi Həsənağa Qurbanov 2007-ci ilin noyabr ayının 6-da 52 yaşında vəfat etmişdir.

Nurlanə Əliyeva, 

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR