SAVAŞ PSİXİKASI İDEOLOGİYAYA ÇEVRİLMƏLİDİR!

img

01-11-2020 [18:09]


ATİF İslam oğlu İSLAMZADƏ,

Filologiya üzrə fəlsəfə doktoru, dosent

e-mail: [email protected]

***

Artıq bir aydan çoxdur ki, Qarabağ uğrunda qanlı savaş gedir. Hünərli ordumuz Azərbaycanın işğal altında olan torpaqlarını qarış-qarış geriyə alır. Bu yolda igid oğullarımız canından keçir. Bütün millət ayaq üstədir.

Arxa cəbhə ön cəbhəyə yardım etmək üçün əlindən nə gəlirsə edir. Təmin olunan milli birlik bizi addım-addım qələbəyə götürür. Demək olar ki, mühüm səviyyədə irəliləyiş əldə olunmuşdur. Bunun üçün bir qism oğullarımız mübarək şəhidliyə qovuşur. Qalan igidlər qəzavat aparıb torpağı kafirlərdən təmizləyir. İnşəllah yaxın günlərdə qələbə bizimlə olacaqdır. Haqq və batilin çarpışmasında zəfər nəsib edən Uca Allahdır. Ona görə də Müzəffər olan yalnız Uca Allahdır. Bu baxımdan Haqq savaşında zəfər də, hünər də bizdədir. Çox yaxın günlərdə biz bütünlüklə torpağımızı mənfur düşməndən azad edəcəyik.

Azərbaycan torpağını ermənilər vasitəsilə zaman-zaman ələ keçirən məkrli düşmənlərimiz bizə ağır zərbə vurmaq üçün tarixi fürsətdən bəhrələndilər. Bütün Qafqazın əsas əhalisi olan Qafqaz türklərinin əlindən əslində bütün Qafqazı alıb orada Ermənistan və Gürcüstan adlı dövlət qurmaq niyyətində idilər. İslam xəlifəsi olan Osmanlının zəifləməsi və süqutu bu tarixi fürsəti onlara verdi. Halbuki əvvəlki illərdə də bizə məəxsus olan bir çox torpaqları əslində zəbt etmiş idilər. Rusiya bu torpaqlar hesabına böyüdü. İran bu torpaqlar hesabına İran oldu. Ancaq XX əsrin əvvəlində bu layihələr də işə düşdü. İndiki bütün Ermənistan ərazisini əlimizdən aldılar. Bu illərdə Rus çarlığının, daha sonra sovet dönəmində ermənilərin əlini gücləndirmək istəyən dövlət rəhbərlərinin, xüsusilə İ.Stalinin geniş köçürmə və repressiya siyasəti nəticəsində Dağlıq Qarabağda erməni əhalisinin sayını həddindən artıq çoxaltması, burada yaşayan türkləri isə repressiya edib azaltması, doğma yurdlarından didərgin salması demoqrafik göstəriciləri ermənilərin xeyrinə dəyişdi. Hətta bu proses XX əsrin sonuna kimi davam etdi. Nəticədə isə Qarabağ ərazisi, işğal olundu. Ancaq bununla da qalmayıb ələ düşən yeni tarixi fürsətdə Azərbaycanın Aran Qarabağına və Arazyanı ərazilərə aid bütün yerlər işğal olundu.

Açıq-aşkar xristian dövləti qurmaq istəyən məkrli düşmən hətta Rusiyada ateist sovet dönəmində belə bu səlibçi düşüncədən imtina etmədi. Ümumiyyətlə, sovet adı altında fəaliyyət göstərən rus rəhbərliyinin materialist-ateist ideologiyaya söykənməsinin qaranlıq qatları da tarixçilər tərəfindən geniş tədqiq olunmalıdır. Çünki kimə isə ateist olan sovet rəhbərləri kimə isə xristian mövqeyini açıq-aşkar bildirmişlər. İdeoloji xətlərində bu qarışıqlıq hər zaman ziddiyyət təşkil etmişdir. Təsəvvür edin ki, V.İ.Leninin ölkəni Qriqori təqviminə keçirməsi nə qədər siyasi hadisə olsa belə, keşiş Qriqorinin təqvimini əsas götürməsi onun gizli xristianizmini də aşkar göstərir. Halbuki dövləti kilsədən ayıran I Pyotr bu təqvimi qəbul etməmişdi. Ona baxmayaraq ki, Pyotr açıq şəkildə xristanlığı təbliğ edir və onu heç bir halda inkar etmirdi. 

Qafqaza, daha sonra Azərbaycana türk-islam ərazisi olaraq baxan Rusiya və İran tez-gec bu dövlətin Türkiyə ilə birləşəcəyini də, ən azından konfederativ səviyyədə bir araya gələ biləcəyinin mümkünlüyünü də yaxşı başa düşürdü. Təsadüfi deyil ki, Milli öndərimiz M.Ə.Rəsulzadə məşhur “Əsrimizin Səyavuşu” əsərində “Türk konfederasyonu bir gün mütləq yaranacaqdır” yazması ilə bu milli və islami birliyin zəruri vəhdətindən də bəhs etmişdi.

Əslində, Azərbaycanda həyata keçən bu məkrli siyasi addımlar daha əvvəl Nadir şah Əfşarın İran ilə Türkiyəni bir araya gətirmək niyyətlərindən sonra meydana gəlmişdi. Əgər Nadir şahın siyasi fəaliyyəti müsbət nəticə versəydi Pyotrın ölümündən sonra iki nəhəng türk dövləti- İran və Türkiyə dövləti meydana çıxacaqdı. Cənubi Qafqaz da bütünlüklə bu dövlətin tərkibində olacaqdı. Nadir şah bu niyyətini həyata keçirmək üçün Muğanda qurultay keçirmiş, hətta məzhəbləri birləşdirib bir məzhəb ideyası ilə bu iki dövlət arasında danışıqlar da aparmışdı. Lakin onun cismani cəhətdən aradan götürülməsi ilə bu ideyanın qarşısı alındı.

Rusiyanın apardığı məqsədyönlü məkrli siyasət İran dövlətini parçaladı, Şimali Azərbaycanın meydana çıxmasına səbəb oldu. Daha sonrakı dövrdə isə İranda islam adı ilə farslar hakimiyyətə gətirildi. Bu günə kimi fars hakimiyyəti İranda türk varlığının inkişafına maneə olaraq qalır. Təbiidir ki, burada məzhəb inanc yox, fars siyasəti olaraq meydana çıxıb cənublu-şimallı Azərbaycanda məkrli siyasəti həyata keçirilir.

Bəs necə oldu ki, bütün Qafqazı erməniləşdirmək siyasəti həyata keçmədi?

Əsl plana görə ermənilər vəhşiləşib bütün Azərbaycanda bölgə-bölgə soyqırım həyata keçirirdilər. Bu əhalinin bir hissəsini qırıb azaltmaq, bir hissəsini qorxuya salıb didərgin salmaq, kiçik bir hissəsini də özlərinə tabe etmək məqsədindən doğurdu. Məhz Milli öndərimiz M.Ə.Rəsulzadənin müraciəti əsasında Türkiyə Nuru Paşa rəhbərliyində erməni soyqırımının qarşısını alıb Azərbaycan Cümhuriyyətinin qurulmasında böyük rol oynadı. Sovet hakimiyyəti bu respublikanı sovet sosialist respublikası ilə əvəz etməyə məcbur oldu. Əgər erməni soyqırımı plan üzrə gedə bilsəydi, Qafqazın əsas əhalisi olan Azərbaycan türklərinin bu gün heç bir dövləti olmayacaqdı.  Hətta həmin illərdə Türkiyə də osmanlının süqutundan sonra işğal olunmağa başladı və Türkiyəni ləğv etmək planları işə düşdü. Atatürk liderliyində bu prosesin qarşısı alındı və Türkiyə Cümhuriyyəti quruldu. Hətta Türkiyə ərazisində də ermənilərə 150 000 kvadrat klometr kimi geniş bir dövlət ölçülü ərazi vəd olunmuşdu. Ancaq Uca Allahın təqdiri və bütün türk millətinin və türk toplumunun bir can olaraq Atatürkün millət savaşında canını torpağına qurban vermək səviyyəsində birləşməsi bu məkrli niyyətləri alt-üst etdi.

Əslində, niyyət yenə də Azərbaycandan torpaq qoparmaq idi. Bu planın kiçik bir hissəsi olaraq 30 il Azərbaycanda atəşkəsi pozan ermənilər 2016-cı ildə buna cəhd etdi. Ancaq bir neçə yüksəkliyi itirməklə geri çəkilmək məcburiyyətində qaldı. 2020-ci ilin iyul ayında da eyni şəkildə hücum etdi və təəssüf ki, general və polkovnik səviyyəsində ən yüksək hərbçilərimizi, bundan başqa digər rütbəli və rütbəsiz igid oğullarımızı şəhid etməyə nail oldu. Ancaq yenə də hünərli ordumuz tərəfindən geriyə qovuldu. Elə 2016-cı ildə də 100-ə qədər yüksək rütbəli zabitlərimizin və qəhrəman əsgərlərimizin şəhid olması eyni zamanda burada xəyanət amillərini də gündəmə gətirdi və bundan nəticə çıxarıldı. Dövlət tez-gec hər bir xaindən hesab tələb edər. Ancaq buna baxmayaraq generalın belə şəhid olması artıq müharibənin qaçılmaz olduğunu aşkar göstərirdi. Bu baxımdan ermənilərin 27 sentyabrda yenidən torpaqlarımıza hücum etməsi Tovuzdan Gəncəyə kimi ərazini işğal etmək niyyətlərindən xəbər verməklə bərabər, əks-hücum ardıcıl şəkildə həyata keçirildi.

Bu gün demək olar ki, düşmən əlindəki ərazilər mühüm şəkildə geri alınmışdır. Bu yolda hakimiyyət, müxalifət, millət və dövlət birliyi mühüm rol oynamaqla bərabər bundan sonrakı proseslərə də ciddi təsir edir. Artıq nə etməli? Torpağı geri aldıqdan sonra yenə başladığımız yerdən davam etməliyikmi?

Bizə belə gəlir ki, xeyr! Savaş ovqatına köklənən dövlətimiz və millətimiz bundan sonra da savaş psixikasına yiyələnməli, onunla yaşamağı bacarmalıdır. Bunun üçün öncə milli birliyimiz təmin olunmalı, birmənalı olaraq dövlətimizin yanında olmalıyıq. Dövlət yaradan millətlər yaxşı bilir ki, hansı şəraitdə olursa olsun, dövlətin möhkəmlənməsi onu qoruyur. Bundan sonra aldığımız torpaqların bir qarışını da itirməmək üçün savaş psixikası ideologiyaya çevrilməlidir. Biz hər zaman bilməliyik ki, mənfur düşmənimiz var. Bu ideyanı özümüzdən sonrakı nəsillərə də ötürməliyik. Hər zaman milli məfkurəni əsas götürməli, büün sahələrdə milli gücümüzü artırmaq üçün çalışmalıyıq. Müasir texnoloji vasitələrə yiyələnməli, ancaq tariximizi və gələcəyimizi, mədəniyyətimizi və mənəviyyatımızı, inanc və əxlaqımızı həmişə ideya olaraq özümüzlə daşımalıyıq. Böyük bir millət olaraq ayaq üstə qalmağı və hər zaman hər sahədə və zərurət olduqda da düşmənlə savaşmağı bacarmalıyıq.

Bizim artıq bir yolumuz var: Dövlətlə dövlətləşmək, millətlə millətləşmək! Əks təqdirdə tarixin acılarını yenidən yaşamağa məhkum olacağıq. Tarix təkrardan ibarətdir. Tarixindən dərs almayanın sabahı işıqlı ola bilməz. Tarixdə elə bir xalq yoxdur ki, torpaqlarını itirsin və bununla barışıb həyatına davam etsin. Əgər varsa da, belə xalqlar artıq yoxdur. Çünki yox olmağa məcbur qalmışlar. Bu baxımdan hər zaman savaş psixikası bizim üçün ideya olmalıdır. Məşhur bir deyimdə olduğu kimi “Sülh istəyirsənsə, müharibəyə hazırlaş!”. 

Bu bizim bir dövlət olaraq, bir millət olaraq və bir vətən olaraq məcburiyyətimizdir! Hər zaman savaşda olmasaq da, hər zaman savaş əhval-ruhiyyəsində olmalıyıq ki, düşmən bizdən geri çəkilsin. Biz düşmənlə yaşamağa tarixi şərait baxımından məcbur olan ölkəyik. Bu ölkənin çıxış yolu savaş yoludur. Savaşı olanlar barışı da qazanır!

 Son olaraq qeyd edim ki, bu proseslərdə canımız Türkiyəmizin bütün varlığıyla bizimlə əl-ələ, könül-könülə olması, imkanlarını tam olaraq bizim üçün səfərbər etməsi bizim də onun yanında olmağımızı gərəkləşdirir və xaric səslərin qarşısını almaq da savaş psixikamızın tərkib hissəsi olmalıdır. Bu situasiya aşkar göstərdi ki, Türkiyə bizim üçün yalnız qardaş ölkə deyil, elə bizim özümüzdür, bizim qanımızdır, bizim canımızdır. Qardaş ölkələrdən isə xüsusilə Pakistanla da sevgi dolu münasibətlərimizdə yeni mərhələ başlanmalıdır. Çünki, Pakistan da gözləmədiyimiz qədər qardaş olaraq yanımızda oldu.

Türklərə ana mənşəyi ilə yaxın olan İsrail dövləti də bu proseslərdə daha isti münasibəti qazandı. Biz özümüzü, qardaşlarımızı və düşmənimizi hər zaman göz önündə tutmalı, savaş və barış fəlsəfəsini milli varlığımızın mövcudluğu əsasında qurmağı bacarmalıyıq!

MİA.AZ
  
 


Digər xəbərlər
SON XƏBƏRLƏR