Sabiq nazir məhkəmədə dindiriləcək - Hakim məhkəmə iclasında açıqlayıb

img

26-10-2020 [15:49]


Bakı Ağır Cinayətlər Məhkəməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mənimsəmədə təqsirləndirilən keçmiş əməkdaşları - Nazirliyin Hidrometeorologiya Departamentinin direktoru olmuş Əkbər Həsənov, həmin departamentin baş mühasibi İlqar Hacıyev və departamentin digər əməkdaşları - Orxan Qasımov, Tural Hacızadə və Təbriz Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Mia.az APA-ya istinadla bildirir ki, prosesdə bir neçə zərərçəkmiş şəxs dindirilib. Onlar heç bir şikayət və tələblərinin olmadığını, özlərini zərərçəkmiş kimi hesab etmədikləri bildiriblər.

Prosesdə təqsirləndirilən İlqar Hacıyev isə qeyd edib ki, zərərçəkmişlərin bir çoxunu və şahidləri tanımır. Onun sözlərinə görə, onların zərərçəkmiş kimi dindirilməsi qərəzlidir.

Digər şahid Cəmilə Muxtarova da məhkəmədəki ifadəsində təqsirləndirilən şəxsləri tanımadığını söyləyib.

Hakim məhkəmədə fərqli ifadə verən şəxslərlə bağlı araşdırma aparılacağını, hüquqi qiymət veriləcəyini deyib.

Təqsirləndirilən Orxan Qasımovun vəkili isə müstəntiq barəsində tədbir görülməsini istəyib.

İlqar Hacıyev məhkəməyə bildirib ki, müstəntiq bəzi şahid və zərərçəkmişlərdən ona qarşı qərəzli ifadə alıb: “Pulu kartlardan kimin çıxarması ilə bağlı dəqiq məlumat var. Bunu bankomatlardan pulun çıxarılması vaxtı və kamera görüntüləri ilə sübut etmək olar”.

Hakim Hüseynqulu Bağırovun da məhkəməyə şahid kimi çağırılıb dindiriləcəyini qeyd edib.

Daha sonra İlqar Hacıyevin vəkili Ramil Məmmədzadə müdafiə etdiyi şəxsin ev dustaqlığına buraxılması ilə bağlı daha bir vəsatət verib.

Vəkil bildirib ki, dəymiş zərər ödənildiyi üçün müdafiə etdiyi şəxs azadlığa buraxılmalıdır.

Vəsatət təmin edilməyib. 

Proses oktyabrın 30-da davam edəcək. 

Qeyd edək ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və daha bir neçə maddəsi ilə ittihamlar irəli sürülüb.

İttihama görə, 2012-ci ildən Milli Hidrometeorologiya Departamentində rəhbər vəzifələrdə - direktor və direktor müavini işləyən Ə.Həsənovun rəhbərliyi ilə təqsirləndirilən şəxslər Nazirlikdə şəbəkə quraraq külli miqdarda vəsaiti mənimsəyiblər. Belə ki, onlar əmək müqaviləsi bağlamayan işçilərin əməkhaqlarını ayrı-ayrı kartlara köçürərək ələ keçiriblər.

İş üzrə ümumilikdə 450 min manatdan çox zərər olub. İstintaq dövründə 300 min manat zərər ödənilib.

Təqsirləndirilən şəxslərdən yalnız İlqar Hacıyev barəsində həbs qətimkan tədbiri seçilib.

Zərərçəkən 27 nəfər də əmək müqaviləsi imzalanmayan, maaşları karta köçürülərək mənimsənilən şəxslərdir.

İ. Hacıyev ifadəsində sabiq nazir Hüseynqulu Bağırovu günahlandırıb/APA. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR