Şəlalə Cabbarova: "Qubadlıya qayıdanda, müqəddəs Əshabi-Kəhfdən oraya torpaq aparacağam"

img

24-10-2020 [09:03]


Bu günlərdə Qarabağın erməni işğalından azad edilməsi uğrunda müzəffər ordumuzun aparadığı uğurlu əks-hücum əməliyyatı  hər bir  azərbaycanlı kimi mənim də sevincimi birə-min artırıb.  

İşğal altında olan torpaqlarımız bir-birinin ardınca azadlığa qovuşur. Uca Allah ordumuzu, Ali Baş Komandanımızı qorusun! Yaşadığım hissləri dilə gətirmək mənim üçün çox çətindir. Qubadlının işğal olunduğu 1993-cü ilin avqustundakı heç zaman unuda bilməyəcəyim o dəhşətli günləri xatırlayıram.

Mən sizə 1988-1993-cü illəri, rayonumuzun və bizim yaşadığımız Başarat kəndinin sakinləri üçün qaçqınlıq həyatının başladığı illlərdən danışıram. O vaxt orta məktəb şagirdi olsam da həmin dövrləri yaxşı xatırlayıram. Kəndimiz Qubadlının şimal şərqində, Şuşaya yaxın ərazidə yerləşdiyindən Qarabağa erməni təcavüzü başlayandan qanlı döyüşlərə şahidlik edib. O zaman, kəndi qoruyan müdafiə batalyonunun əsgərləri məktəb binasında yerləşdiyi üçün dərslər keçirilmir, biz də qorxu içində olurduq. Kəndin əli silah tutan bütün insanları o zaman döyüşə atılmışdı. Hər dəfə kəndimiz topa tutulanda, şəhid xəbəri gələndə, gözümüzün qabağında qanı axan əsgərləri görəndə sanki qiyamət qopurdu. Axıradək müdafiə olunan köməksiz insanların sonda öz doğma yurdunu, evini atıb çıxmağı qədər acı bir hiss varmı görəsən?

Evindən qaçan qadın-uşaqların fəryadını, haraya gedəcəyini bilməyən ailələrin ümidsizliyini biz yaşadıq. Erməni top atəşindən yanıb tüstüsü qalxan kənd evləri, əlində əşyaları qaçışan insanlar, ayaqyalın uşaqlar! Yolboyu Araz çayı kənarındakı dəmiryolu stansiyalarının birinə toplanmış minlərlə insanın qorxudolu baxışları arasında saçları pərişan qızların, acından ağlaşan körpələrin, çarəsizcə, bilinməyənlərə doğru yol alan qocaların göz yaşları…! Bütün bunlar o acılı dövrü yaşamış insanların heç zaman unuda bilməyəcəyi bir qaçqınlıq hekayəsi idi. 27 il sonra bu hekayənin sonluğu bir çoxları üçün açı olsa da, amma şükürlər olsun, bitmək üzrədir.

İndi qürurluyuq. Torpaqlarımızı öz gücümüzlə, öz ordumuzla alırıq. 

Bəli, Qubadlıdan qaçqın düşüb Bakıya, ordan da Sumqayıta gəldik. O zaman əksər qubadlılılar demək olar ki, Sumqayıta toplandılar. Ailəmiz də ordadır. Mən isə 1996-ci ildə təhsilmi davam etdirmək üçün Naxçıvan Dövlət Universtietinə qəbul olundum, oxudum və çox qısa müddətdə bu torpağı sevdim və taleyin hökmü ilə ali məktəbi bitirəndən sonra da Naxçıvanı seçdim. Burda ailə qurdum. Bunun üçün çox xoşbəxtəm. Amma ürəyimdə göynəyən Qubadlı yarası bəzən sözə də sığmır.

Bilirsiniz, bizim o yerin insanları sazlı-nəğməlidirlər. Atam İnqlab müəllimin dostları, iş yoldaşları ilə keçirdiyi saz-şeir məclisləri indi də xatirimdədir. Mənim universtitetdə təhsil aldığım zaman qatıldığım mədəni tədbirlərdəki saz ifalarım uğurlu alınmışdı. İndi artıq o dövrlər arxada qalıb, uşaqlar böyüyüb, universitetdə təhsil alır, əlaçı oxuyurlar. İşlədiyim Heydər Əliyev adına orta məktəbdə bütün müəllim yoldaşlarım da mənim kimi Qubadlının, bizim kəndin azad olunacağı günü gözləyirlər. Söz veriblər bizə qonaq gedəcək, Qarabağ plovundan Başaratda dadaçaqlar. İnşallah! Dualarımız əsgərlərimizlədir! 

Hər insan məncə, yurd həsrətini qaçqınlar kimi yaşaya bilməz. Atasız ata yurduna qayıtmaq! On il əvvəl atam Sumqayıtda son nəfəsində “Bura Qubadlıdırmı?”,- demişdi. O qayıda bilmədi, amma biz qayıdırıq Qarabağa! Böyük və güclü Azərbaycanın bir parçası olan Qarabağ bizimdir! Və hər zaman da bizim olacaq! İndi bir arzum var, İnşallah Qubadlıya yola çıxanda, Naxçıvanın müqəddəs Əshabi-Kəhf ziyarətgahından bir ovuc torpaq da aparacam ata ocağıma. Paklansın deyə!

Burada torpaq təmizdir, ona heç zaman erməni ayağı dəyməyib. Sağ olsun ölkə başçımız cənab İlham Əliyev bütün Azərbaycana bu sevinci yaşatdı. İndi yazılan bu dastan yüz illər sonra da xalqımızın tarix səhifələrini bəzəyəcək, əsgərlərimizin qəhrəmanlığı dillərə dastan olub, övladlarımız üçün vətənpərlik salnaməsinə çevriləcək. 

Əgər şeirlə desəm: 

Bu dərdlər, ağrılar ölçüyə gəlməz,
Bu dərdlə, ağrıyla ölçülən bizik.
Sıyrılıb ağrılar məngənəsindən, 
Hər gün zərrə-zərrə ucalan bizik! 

Şəlalə Cabbarova,

Naxçıvan şəhər Heydər Əliyev adına məktəbin müəllimi 
 


Digər xəbərlər
SON XƏBƏRLƏR