Amerikalı politoloqdan Qarabağla bağlı açıqlama: "Vaşinqtonda keçiriləcək görüşlərdən müsbət nəsə gözləməyə dəyməz"

img

21-10-2020 [14:15]


"Oktyabrın 23-də Vaşinqtonda dövlət katibi Mayk Pompeonun Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə nəzərdə tutulan görüşü Donald Tramp administrasiyasının beynəlxalq nüfuzunu artırmaq məqsədi daşıyır və hər hansı səmərə verəcəyi inandırıcı deyil".

Bu fikirləri amerikalı politoloq, beynəlxalq əlaqələr eksperti Piter Teys (Peter Tase) deyib.

“Ermənistan qüvvələri geri çəkilərkən dövlət katibi Pompeo birdən-birə oyanıb Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu görüşmək üçün Vaşinqtona dəvət edir. Həmçinin Pompeo Ermənistan xarici işlər naziri ilə də ayrıca görüşəcək. Bu, Qafqaz təmasları sırf Tramp administrasiyasının beynəlxalq nüfuzunu qaldırmağa, dünyadakı geosiyasi mövqeyinə diqqəti cəlb etməyə yönəlib”, – o, diqqətə çatdırıb.

P.Teys oktyabrın 23-də keçiriləcək Vaşinqton görüşlərinin “boşa çıxacağ”ını bildirib: “Beynəlxalq hüququ pozaraq hələ də Azərbaycanın şəhərlərini atəşə tutan, azərbaycanlı uşaqları, qadınları, günahsız insanları öldürən Ermənistan tərəfi bununla vaxt qazanmış ola bilər”.

Ekspertin fikrincə, qarşıdakı görüşlərin daha bir məqsədi Rusiyanın regiondakı rolunu azaltmaq ola bilər:

“ABŞ-ın diplomatik təsiri, dövlət katibi Pompeonun ikili standartlar mövqeyi də ATƏT-in Minsk qrupu formatının artıq köhnəldiyinə dəlalətdir. Odur ki, Vaşinqtonda keçiriləcək görüşlərdən müsbət nəsə gözləməyə dəyməz. Bu görüşlərin yeganə nəticəsi Ermənistanın vaxt qazanaraq Nikol Paşinyan və başqa erməni terrorçulara siyasi mötəbərlik təmin etməsi ola bilər. Halbuki bu şəxslər Dövlət Departamenti və Avropanın başlıca diplomatik qurumları tərəfindən arzuolunmaz şəxs elan edilməlidir”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR