“Azərbaycan əsgəri düşməni pərən-pərən salır" - Deputatlar bu ölkələrə təşəkkür etdilər

img

20-10-2020 [12:39]


“Azərbaycan əsgəri düşməni pərən-pərən salır, həmin ərazilərə üçrəngli bayrağımızı sancır”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fatma Yıldırım deyib.

O bildirib ki, hazırkı məsuliyyətli dövrdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Türkiyə hökuməti, xalqı Azərbaycanın yanındadır: “Bəzi dövlətlər bu gün Azərbaycana təzyiqlər göstərməyə çalışır. Türkiyə bütün dünyada diplomatik sahədə Azərbaycanın haqq işini təbliğ etməkdədir. Ordumuzun peşəkarlığının artmasında da Türkiyə ilə birgə keçirilən hərbi təlimlər rol oynayır. İşğal altında olan torpaqlarımızı işğaldan azad edən hərbçilər arasında da Türkiyədə təhsil alanlar var. İtkilərimizin qarşısının alınması üçün istifadə olunan “Bayraktar” PUA-ları da Türkiyədən alınıb”.

İclasda çıxış edən deputat Qənirə Paşayeva isə deyib ki, Azərbaycan tarixində yeni, şanlı və şərəfli səhifələr yazılır.

O bildirib ki, son 100 ildə ilk dəfə Azərbaycan itirdiyi torpaqlarını geri alır: “Bu gün Azərbaycanın xalqının haqq səsini dünyaya qardaş Türkiyənin televiziyaları çatdırır. Mən onlara təşəkkür edirəm. Eyni zamanda qardaş Pakistana təşəkkür edirəm. Onlar rəsmi dəstəkləri ilə bərabər, Tvitter səhifələrində də Pakistanın rəsmiləri Azərbaycanın haqq səsini dünyaya çatdırır. Biz özümüz də informasiya müharibəsində daha fəal olmağa çağırıram. Xüsusilə Rusiyada, Fransada yaşayan ziyalılarımızdan bunu gözləyirik”/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR