Astara rayonunda bir nəfərin “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsilə ayır-ayrı şəxslərə koronavirus infeksiyası ilə (COVID-19) bağlı dövlət qurumlarının rəsmi məlumatlarına istinad etmədən, reallığı əks etdirməyən və cəmiyyətdə çaşqınlıq yarada biləcək uydurma məlumatlar göndərdiyi müəyyən edilib.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Mia.az-a verilən məlumata görə, həyata keçirilmiş müvafiq tədbirlərlə həmin məlumatları yayan şəxsin rayonunun Səncərədi kənd sakini Dunyamalı Məmmədov olması müəyyənləşib və o, Astara RPŞ-yə dəvət olunub.
Aparılmış araşdırmalarla D.Məmmədovun hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 388-1-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) maddəsində nəzərdə tutulmuş xətanın əlamətləri aşkarlanıb və o, inzibati qaydada həbs edilib.