Bu gün Tural Abbaslının anası Başxanım Abbaslı oğlu ilə saxlanıldığı Binəqədi təcridxanasında görüşməli olduğunu dedi: "Bu gün saat 15.00-da ola bilsin ki, Turalla görüşə imkan versinlər.”

Başxanım xanım bu yaxınlarda RATİ-də oğlunun qanunsuz həbsi ilə bağlı mətbuat konfransı keçirəcəyini bildirdi. Bundan əlavə, Azərbaycanda olan bütün siyasi məhbus analarını Prezident Administrasiyası önündə aclıq aksiyası keçirməyə dəvət etdi: "Əgər PA önündə aksiyaya icazə verilməsə, Müsavat Partiyasının mərkəzi qərargahında aclıq aksiyasına başlayacağıq.”

B. Abbaslı musavat.com-un müxbirinə deyib ki, Turalın həbsi ilə əlaqədar Amerika səfirliyindən, BBC-dən ona zəng edib maraqlandırlar: "Mən özüm Ombudsmana zəng etdim. Onlar da bu məsləni nəzarətdə saxlayırlar”, - deyə Başxanım Abbaslı bildirib.

Vəkil Əsabəli Mustafayev Tural Abbaslının həbsi ilə bağlı artıq apellyasiya şikayətinin hazır olduğunu bildirdi. Vəkil daha sonra qeyd etdi ki, Turala olan təzyiqlər yaranmış səs-küydən sonra dayandırılıb.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu Turalın təcridxanada öz kamerasında əlinin qandallanaraq döyülməsi ilə bağlı artıq bir neçə səfirliklərə xəbər verib: "Turala təcridxanada göstərilən fiziki təzyiqlərlə bağlı bütün səfirliklərə məlumat vermişik. Onlar Tural Abbaslının işini nəzarətdə saxlayırlar.”

Müsavat Gənclər Təşkilatının sədri və Müsavat Partiyasının Divan üzvü Tural Abbaslıya Nəsimi Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 313-2.3 (inzibati işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırma) maddəsinə əsasən inzibati xətada təqsirli bilinərək 15 gün müddətində inzibati qaydada həbs olunub.