Orta məktəblərin mərkəzləşmiş buraxılış imtahanlarının nəticələrinə dair məlumat bazası Təhsil Nazirliyi tərəfindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) təqdim olunub. TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, bu məlumatlar əsasında 2011-ci ildə orta ümumtəhsil müəssisələrini bitirən abituriyentlərin attestat məlumatları TQDK tərəfindən onların elektron ərizələrinə daxil edilib. Buna görə də qəbul imtahanlarında iştirak etmək üçün ərizə vermiş orta ümumtəhsil müəssisələrinin builki məzunlarından buraxılış imtahanlarını müvəffəqiyyətlə verərək attestat alanların böyük əksəriyyətinin Sənəd Qəbulu Komissiyasında (SQK) attestat məlumatlarını təsdiqlətmələrinə ehtiyac olmayacaq. Həmin abituriyentlərin sayı 54400 nəfərdir. Lakin mərkəzləşdirilmiş buraxılış imtahanlarına cəlb olunmayan, elektron ərizə doldurarkən şagird kodunu yanlış qeyd edən və ya qeyd etməyən abituriyentlər SQK-da attestat məlumatlarını təsdiq etdirməli olacaqlar. Belə abituriyentlərin sayı təqribən 6300 nəfərdir. Həmin abituriyentlərin imtahana buraxılış vərəqələri saytda yerləşdirilməyəcək və onlar iş nömrələrini və şifrələrini həmin səhifəyə daxil etdikdə ekranda bu barədə xəbərdarlıq elanı görünəcək. Həmin abituriyentlər attestatlarını elektron ərizələrini təsdiq etdirdikləri SQK-ya təqdim edib attestat məlumatlarını təsdiq etdirdikdən sonra ?İmtahana buraxılış vərəqə?sini çap edə biləcəklər.