15 may Birləşmiş Millətlər Təşkilatının qərarı ilə bütün dünyada Beynəlxalq ailə günü kimi qeyd olunur. Azərbaycanda ailə bütün zamanlarda cəmiyyətimizin ən müqəddəs təməl daşı hesab olunub. Ulu öndər Heydər Əliyev Azərbaycan ailəsi və onun problemlərini həmişə diqqətdə saxlayırdı. Bu münasibət indi də dövlət başçımız İlham Əliyev tərəfindən həssaslıqla davam etdirilir. Dövlət ailə siyasəti Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarda, bir sıra dövlət proqramlarında özünün uğurlu inkişafını tapmışdır. Ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlar ailə institutunun inkişafında da öz təsdiqini tapmaqdadır.
Nəsimi rayonunda Xalq Cumhuriyyətinin 100 illiyi və Beynəlxalq Ailə günü münasibəti ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə birgə tədbir keçirilmişdir. Tədbirdə Nəsimi rayonunda yaşayan 50 ilə yaxın birgə ömür sürmüş 25 ailə, ağsaqqal və ağbirçəklər, yeni ailə quracaq 4 cütlük və qonaqlar iştirak edirdilər.
Tədbirdə Nəsimi rayon Qeydiyyat Şöbəsinin rəisi Aynur Sabitova çıxış edərək bildirdi ki, Azərbaycanda ailə institutunun sütunları böyüyə hörmət, ailə başçısına sədaqət, qarşılıqlı sevgi və digər dəyərlərə söykənir. Amma dəyişən zaman, müasir inkişaf, qloballaşma, heç şübhəsiz, kiçik dövlət modeli sayıla biləcək Azərbaycan ailələrinə də öz təsirini göstərib. Bir həqiqət vardır ki,bu gün bütün dünyada boşanmaların sayı çoxalmışdır. Bunun əsas səbəblərindən biri də gənc cütlüklərin əsl ailə barədə biliklərinin olmamasıdır. Həmçinin ailələrin dağılmasına səbəb olan amillərin biri də gənc ailələrə kənar müdaxilələrin olmasıdır. Sosial dayağımız olan gənc ailələrin qorunması üçün hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik.
Tədbirdə iştirak edən ağsaqqallar, ağbirçəklər və 50 ilə yaxın birgə ömür sürmüş ailələrin üzvləri nikahı kəsiləcək cütlüklərə xeyir-dua verərək dəyərli məsləhətlərini və tövsiyyilərini bildirdilər.Daha sonra təntənəli şəraitdə yeni ailə quracaq gənclərin nikah mərasimi keçirildi. Bayram tədbirində fəallıq göstərən 25 ailəyə fəxri diplomlar təqdim olundu.
Tədbirin sonunda nikaha daxil olmuş cütlüklər rayon ərazisindəki parklarda və yaşıllıq zolaqlarında 100 ədəd qızılgül kolları əkdilər.