Səxavət Tağlar,
Əməkdar müəllim, yazıçı
***
...Arxada qalan illər... Birdən-birə o illər gözlərimdə kino lenti oldu. Sevincli günlərim, kədərli günlərim. Ömrümün naxışları!
O naxışlar məni necə ovsunladısa elə bildim ki, tamaşadayam, yaxud maraqlı bir filmə baxıram. Baxdıqca düşüncələrə daldım: Bu film mənə niyə bu qədər yapışıqlıdır?! Məni niyə bu qədər özünə çəkir?! Sanki əlimdə punkt ötən illəri saxlayıb, təkrar-təkrar baxmaq istəyirəm. Ay Allah, bu nə tamaşadır?! Nə filmdir?! Özümü cəmləyib diqqətimi daha da artırdım...
Bu dəm telefonum zəng çaldı.
-Alo
-Salam, müəllim!
- Salam, salam, Simarə xanım.Necəsiniz?
- Yaxşılıqdır, müəllim, sevimli insan!
- Allah Siz istedadlı gənclərimizi qorusun! Səsin-sorağın maşallah...
- Əlimdə " Ədəbiyyat qəzeti” var. Yazıçılar Birliyinin "Səxavət Tağlar-60” təbrik məktubunu oxuyuram. Dedim Sizi təbrik edim...
-Təşəkkür edirəm! Var olun...
Xalq artisti Simarə İmanova ilə danışa-danışa mənə aydın oldu ki, nə filmdəyəm, nə tamaşada. Evdəyəmmiş! Sanlı günlər qalan 60 illik yubileyimin təşkilati işlərini o qədər "dağ-aran” etmişəm ki, ötən günlərim, aylarım, illərim xəyalımda filmləşib.
Öz həyatımı, xəyalımın, düşüncəmin, baxışlarımın şirinliyini yaşayırammış...
Yadıma düşdü ki, axı mən evdən çıxıb "Bu da 60”ın çəkilişinə getməliyəm...
Mia.az