Beynəlxalq əlillər günü ilə əlaqədar Səbail rayon İcra Hakimiyyəti təşkilatçılığı və Dövlət Xəzər Dəniz Gəmiçiliyinin dəstəyi ilə  rayondakı əlil uşaqlar, Daun Sindromlu Şəxslərin Assosiasiyası və UAFA əlil uşaqlar təşkilatının üzvləri, həmçinin əlil uşaqların təhsil aldığı rayondakı 219 saylı evdə məktəbdəki əlil uşaqlar - ümumilikdə 150-dən çox əlil uşaq üçün Dənizkənarı Milli Parkdakı «Yaxt-klub»da müsiqili-əyləncəli  tədbir keçirilib.

İcra Hakimiyyətindən Mia.az-a verilən məlumata görə, tədbirdə qeyd olunub ki, Səbail rayonunda qeydiyyatdan keçmiş 2963 nəfər müxtəlif əlillik dərəcəsinə malik  vətəndaş yaşayır:

"Bunların arasında əmək, Böyük Vətən və Qarabağ müharibəsi əlilləri, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edənlər, həmçinin gözdən əlillər, anadangəlmə xəstələr və müxtəlif səbəblərdən əlil olmuş insanlar vardır. Hazırda rayon Sosial Müdafiə Fondunda 362 nəfər tənha, əlil qeydiyyatdadır ki, onlara 31 nəfər sosial işçi xidmət göstərir".

Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Xalidə Bayramova və Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəsmisi Tural Abbasov, İcra Hakimiyyəti başçısının müavin Eldar Ağayev çıxış edib.

Sonda əlillərə ərzaq yardımları təqdim olunub.