Fransanın keçmiş mədəniyyət naziri Odri Azule YUNESKO-nun baş direktoru təyin olunub.
O, təşkilatın İdarə Heyətinin üzvlərinin 58-dən 30-nun səsini qazanıb.
Qeyd olunur ki, Azule bu posta təyinat üçün azı 30 səs toplamalı imiş.
Səsvermənin sonuncu turunda vəzifəyə həmçinin Qətərdən olan diplomat Həmad bin Əbdüləziz Əl-Kəvari də namizədliyini irəli sürsə də, o, 28 səs toplayıb.
Xatırladaq ki, YUNESKO-nun yeni rəhbəri postuna 6 ölkənin nümayəndəsi- Vyetnamın YUNESKO üzrə Milli Komissiyasının rəhbəri Suan Şon Fam, Misirin ailə və məişət məsələləri üzrə keçmiş naziri Muşir Həttab, Qətərdən olan diplomat Həmad bin Əbdüləziz Əl-Kavari, YUNESKO-nun Çin üzrə təmsilçisi Tsyan Tan, Livanın mədəniyyət nazirinin müşaviri Vera Əl-Huri Lakey və Fransanın keçmiş mədəniyyət naziri Odri Azule namizəd idi.


