"Bizə rəis müavini Arif Qəmbərovun döyülməsi ilə bağlı heç bir məlumat daxil olmayıb. Qurumun bu cür hallar və şikayətlərlə bağlı "Qaynar xətt”i var. Şikayət daxil olduğu zaman məsələ ilə bağlı mütləq araşdırma aparılacaq".
Bu sözləri Axar.az-a Dövlət Neft Şirkətinin mətbuat katibi İbrahim Əhmədov şirkətdə qurğu rəisinin müavini Arif Qəmbərovun bölümün rəisi və digər müavin tərəfindən döyülməsi ilə bağlı yayılan məlumatı şərh edərkən deyib.
İ.Əhmədov qeyd edib ki, şirkətdə çalışan hansısa şəxsə təzyiq olunursa, bunu şirkət daxilində həll edə bilər:
"Hər bir işçinin müraciətini və şikayətini araşdırmaqda, həmçinin həll etməkdə şirkət özü maraqlıdır. Şikayət daxil olacağı təqdirdə mütləq araşdırlacaq”.
Qeyd edək ki, Kompleks Qazma İşləri Trestinin Günəşli İstehsalat Bölümünün qurğu rəisinin müavini Qəmbərov Arif Azad oğlunun Bölüm rəisi Cəbrayıl Qədirov və müavini Şahin Bayramov tərəfindən döyülməsi ilə bağlı xəbəri Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı yaymışdı.
M.Qəhrəmanlının sözlərinə görə, məsələ ilə əlaqədar Arif Qəmbərov hüquq mühafizə orqanlarına, respublika prokuroruna və ölkə rəhbərliyinə müraciət edib.