Jurnalistlərin Həmkarlar İttifaqı və Beynəlxalq Jurnalistlər Federasiyasının təşkilatçılığı ilə iyunun 30-da "Azərbaycanda jurnalistlərin həmkarlar təşkilatlarının durumu və gələcək inkişaf meylləri” mövzusunda  Konfrans keçirilib.
 
Mia.az xəbər verir ki, Beynəlxalq Mətbuat Mərkəzində təşkil olunmuş Konfransda  kütləvi informasiya vasitələrinin  rəhbərləri, jurnalistlər və jurnalist  təşkilatlarının təmsilçiləri  olmaqla  ümumilikdə  80 nəfər iştirak edib. 

Tam gün ərzində davam edən Konfransda Azərbaycan jurnalistlərinin sosial durumu, həmçinin, sosial durumun qorunması və inkişaf etdirilməsi missiyasını daşıyan jurnalistlərin həmkarlar təşkilatlarının durumu, jurnalist təşkilatları arasında həmrəylik məsələsi mövzusunda müzakirələr aparılıb.

 "Azərbaycanda əmək standartları, sosial dialoq və tərəfdaşlıq: mövcud vəziyyət  və yeni çağırışlar  devizi ilə  təşkil edilən Konfransın keçirilməsində əsas məqsəd Azərbaycan mediasında çalışanların peşəkar hüquqlarını və  sosial haqlarını qorumalı olan  təşkilatlar arasında əməkdaşlıq  məsələlərini  müzakirə etmək, uyğun qərarlar vermək idi”.

Bu sözləri Jurnalsitlərin Həmkarlar İttifaqının sədri, "Cənubi Qafqazda Jurnalist Həmkarlar İttifaqlarının Bacarıqlarının Artırılması” layihəsinin  koordinatoru Müşfiq Ələsgərli deyib. 

Ələsgərli əlavə edib ki, "Medianın müxtəlif qütblərinin təmsilçilərini, media sahibkarlarını və  jurnalistləri  bir araya gətirərək  normal diskussuya keçirə bildik. Bu da bizim ən böyük uğurlarımızdan biri oldu”.

Konfransda  Azərbaycan Mətbuat Şurasının sədri  Əflatun Amaşov,  KİVDF-nin  İcraçı direktoru  Vüqar Səfərli,  Avropa Jurnalistlər Federasiyasının təmsilçisi  Mehmet Köksal, Beynəlxalq Jurnalistlər Federasiyasının təmsilçisi Adrien Kollin,  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təmsilçiləri  Ruslan Bağırov, Sevil Zeynalova,  İqtisadi-sosial inkişaf mərkəzinin sədri Vüqar Bayramov,  Orta Asiya və Güney Qafqaz Söz Azadlıq Şəbəkəsinin sədri Azər Həsrət, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli,  hüquqşünas, əmək hüquqları üzrə ekspert  Könül Ələkbərova məruzələrlə çıxış ediblər. 

Həmçinin , BDU-nun jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli,  BAMF sədri Umud Rəhimoğlu,  "Yeni Musavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, "Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, "Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas,  "Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev və digər çıxışçılar konfransın mövzusu ilə bağlı fikirlərini bölüşüblər.

Məlumat üçün bildirək ki, konfrans "Cənubi Qafqazda Jurnalist Həmkarlar İttifaqlarının Bacarıqlarının Artırılması” layihəsi çərçivəsində keçirilib. 

Layihənin müəllifi Beynəlxalq Jurnalistlər Federasiyası, Azərbaycan üzrə icraçısı Jurnalistlərin Həmkarlar ittifaqı, donoru isə Avropa Komissiyasıdır.