Bu gün Bolqarıstan Respublikasının Baş prokuroru Sotir Tsatsarovun rəhbərlik etdiyi nümayəndə heyəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olublar.
Bu barədə Mia.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev qonaqlara ölkəmizdə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində Azərbaycan Resublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan mütərəqqi qanunvericilik aktları, prokurorluğun fəaliyyəti üçün zəruri hüquqi bazanın yaradılması və aparılan əsaslı islahatlar, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti barədə ətraflı məlumat verib.
Nümayəndə heyəti milli memarlıq üslubunda və müasir standartlar səviyyəsində inşa edilmiş Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında normativ-hüquqi aktlarla zəngin və digər dövlət qurumlarının elektron kitabxanalarına çıxışla təmin edilmiş kitabxana, müasir proqram təminatı ilə təchiz edilmiş "161-Qaynar xətt” əlaqə mərkəzi, dövlət orqanlarının məlumat bazalarına çıxışı olan informasiya-kommunikasiya şəbəkəsi və əməliyyatların idarə edilməsi mərkəzi ilə yaxından tanış olmuşdur.
Azərbaycan Respublikası Prokurorluğu orqanları ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edən Bolqarıstanın Baş prokuroru Sotir Tsatsarov korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirmiş və korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycan təcrübəsinin öyrənilməsində maraqlı olduqlarını diqqətə çatdırmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılmışdır.