"Bu gün ictimai nəqliyyatda rastlaşdığımız əsas problemlərdən biri də avtobusların sərnişinlə dolu vəziyyətdə yanacaqdoldurma məntəqəsinə girməsidir. Bununla bağlı Bakı Nəqliyyat Agentliyinin 141 çağrı mərkəzinə də kifayət qədər müraciət daxil olmaqdadır. Həmin müraciətlər əsasında dəfələrlə müntəzəm sərnişindaşıma ilə məşğul olan fiziki və hüquqi şəxslərə xəbərdarlıqlar edilib. Nəticədə, sərnişinlərin təhlükəsizliyi baxımından ciddi qayda pozuntusu hesab edilən belə hala yol verən sürücülər dərhal işdən azad edilib”.

Bu sözləri Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib. Bildirib ki, 02.06.2017 tarixində Bakı Nəqliyyat Agentliyi əməkdaşları tərəfindən 24 nömrəli müntəzəm marşrut üzrə fəaliyyət göstərən 90-OE-457 dövlət qeydiyyat nişanlı avtobusun sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olması müəyyən edilib. Fakt dərhal nəzarətə götürülüb və avtobusun sürücüsü Füzuli Yolçıyev və daşıyıcı Bakı Nəqliyyat Agentliyə çağrılıb, sürücünün izahatı alınıb. 08.06.2017 tarixində isə daşıyıcının müvafiq əmri ilə sürücü işində yol verdiyi nöqsanlara görə işdən azad olunub.

Qeyd edək ki, avtobus sürücülərinin yanacaqdoldurma məntəqəsinə sərnişinlərlə daxil olması baş verə biləcək bədbəxt hadisə zamanı vətəndaşların xəsarət almasına, həyatlarını itirmələrinə səbəb ola bilər. Bunu nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi paytaxtın inzibati ərazisində fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin sahiblərinə məktub ünvanlayıb. Tövsiyə edilib ki, yanacaqdoldurma məntəqəsinin məsul şəxsləri də avtobusların sərnişinlə məntəqəyə daxil olmasına icazə verməməlidir.


Onu da qeyd edək ki, "Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikasının Qanununun 56-cı maddəsinə əsasən, ümumi istifadədə olan nəqliyyat vasitələrinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olması qadağandır.