"Aqrolizinq" ASC-nin lisenziyası ləğv olunan "Texnikabank" ASC-də yerləşdirilən vəsaitlərinin məbləği açıqlanıb.
Mia.az "Aqrolizinq"in 2016-cı ilin audit hesabatına istinadən xəbər verir ki, dövlət müəssisəsinin 31 dekabr 2016-cı il tarixinə "Texnikabank"da olan hesablaşma hesabında 706 min 591 manat, 3 mln. 888 min 695 avro (7 mln. 250 min 695 manat), 4,2 mln. dollar (7 mln. 436 min 940 manat) vəsaiti olub.
Beləliklə, manat ekvivalentində "Aqrolizinq"in bankda təxminən 15,4 mln. manat vəsaiti qalıb.
Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov "
APA-Economics"ə bildirib ki, adıçəkilən bankda hüquqi şəxslərin vəsaitlərinin qaytarılması prosesinə hələlik başlanılmayıb: "Bankda qiymətləndirmə prosesi davam etdirilir. Məhz bu proses yekunlaşdıqdan sonra dəqiq məlumat vermək olar".
Qeyd edək ki, 2016-cı ilin fevral ayının 2-də Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyətinin qərarı ilə "Texnikabank" ASC-nin bank fəaliyyətinə verilən lisenziya ləğv edilib. Buna səbəb bankın məcmu kapitalının tələb olunan minimal məbləğdən az olması, kreditorlar qarşısında öhdəliklərini icra etməməsi, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyi göstərilib.
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Aqrolizinq" ASC-nin səhmlərinin 100%-i dövlətə məxsusdur.