Mingəçevir şəhəri, 20 Yanvar küçəsi ev 39, mənzil 17-də yaşayan Ruslan Hüseynov Yevlax rayonun yol polisindən şikayətçidir.
Bu barədə o, Mia.az-a göndərdiyi məktubunda bildirir ki, 2017 -ci ilin may ayının 22-də şəxsi avtomobili ilə Yevlax şəhəri, C.Mustafayev küçəsi ilə hərəkət edirkən onu Yevlax yol polisinin əməkdaşı əsassız saxlayıb:
"Mən, həmin küçədən H.Əliyev prospektinə dönərkən Yevlax rayon Polis Şöbəsi Dövlət Yol Polisi bölməsinin Emin Məmmədov adlı əməkdaşı məcburi avtomobilimi dayandırmağı tələb etdi.
Saxlanma səbəbini soruşduqda yol ayrıcını keçmə qaydalarının tələblərinə əməl etmədiyimi dedi. Mən isə ona baş yolda avtomobilin olmadığı və yolun tamamilə boş olduğu bir şəraitdə, qarşıdan gələn nəqliyyat vasitəsinin çox uzaqda olmasını, digər yol hərəkəti iştirakçılarına heç bir maneə törətmədən sola dönmə hərəkətimi başa vurduğumu bildirdim.
Bu zaman E.Məmmədov mənə naməlum texniki vasitənin görüntülərini (noutbuk vasitəsilə!?) göstərməyə çalışdı. Mən bir daha ona yol hərəkətinin intensivliyinə uyğun olaraq, digər hərəkət iştirakçılarına maneçilik törətmədən hərəkət etdiyimi bildirdim. Lakin bu təkzibolunmaz faktlara və mənim etirazlarıma baxmayaraq, inadla cərimə protokolu tərtib etdi. DYP əməkdaşının inzibati xətalara zidd olan hərəkət və ya hərəkətsizliyi isə təəcüb doğurur.
Belə ki, Polis əməkdaşı tərəfindən imzalanaraq tərtib olunmuş 22.05.2017-ci il tarixli Protokolda (İXP 1007306) "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsində qeyd olunan xəta ilə heç bir əlaqə yoxdur. Belə ki, iddia edilən "yol verməmə” həmin Qanunun 76-cı maddəsində öz əksini tapır.
Bundan başqa, xəta hər hansı texniki vasitə ilə qeydə alınıbsa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1 maddəsinə uyğun olaraq DYP-nın Mərkəzi İnformasiya Sisteminə inteqrasiya edilməli və tərtib olunmuş Protokola görüntü və xüsusi texniki vasitə barədə məlumatlar daxil edilməlidir (Azərbaycan Respublikası İXM, Maddə 81.1; 81.2; 81.3; 100.1.8). Lakin bunların heç birinə əməl olunmayıb".
Şikayətçi məsələ ilə bağlı aidiyyatı qurumların araşdırma aparmasını istəyib.