Bu gün Azərbaycan Dillər Universitetinin Elmi Şurasının konfransı keçirilib.

Konfransda Elmi Şuranın üzvləri və təhsil nazirliyinin nümayəndəsi Yaqub Piriyev iştirak edib.

Şuranın açılışını rektor Əfqan Abdullayev edib. O bildirib ki, tələbələrin haqlı iradları nəzərə alınıb və onlara iki variant təklif olunub. Onlar həm test üsulu ilə imtahan verməyi, həm də hesabat işi yazmağı seçə bilərlər.

Bununla da Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Şurası tələbələrin tələbi ilə 720 sual və 55 esselik dövlət imtahanını "ləğv edib", əvəzində onlara iki seçim verib.

"Bizim xeyrimizə qərar verilib. Ya 5 səhifəlik elmi iş, ya da ki iki fəndən hərəsi 50 sual olmaqla test yazacağıq", pedoqoji fakültənin tələbələrindən biri bildirib.

Çərşənbə axşamı ADU-nun IV kurs tələbələri 2008-ci ildə ləğv edilən və 2016-cı ildə bərpa olunmuş dövlət imtahanının ləğvini tələb edib.

Tələbələr bildiriblər ki, 4 il əvvəl ADU-a daxil olarkən onlarla bağlanan müqavilədə bu yazılmayıb.

Həmin gün Təhsil Nazirliyinin nümayəndələri və ADU rəhbərliyi tələbələrin istəklərinin Elmi Şurada müzakirə edilməsinə qərar verib.

Çərşənbə günü təxminən saat 2-də keçirilən Elmi Şurada tələbələr də iştirak edib.

Bunu "BBC Azərbaycanca"nın müxbiri Günel Səfərova bildirib.

Şuradan qabaq universitet rəsmiləri məsələnin "tələbələrin ürəkləri istədikləri kimi həll olunacağını" bildirib.

Tələbələr müxbirimizə bildirib ki, onlara iki təklif edilib: Yazılı imtahan və 50 suallı test və ya istənilən fəndən referat yazmaq.

Filologiya və Jurnalistika fakültəsinin tələbəsi Aydan Heydərova bu təkliflərlə bağlı bildirib ki, test imtahanı "daha çətin" olacaq.

Başqa bir tələbə Mələk Əsgərli isə bildirib ki, indiyədək verdikləri hesabatın referatlar və ya sərbəst işlərlə əvəz edilməsinə razıdır:

"Problemimiz bu böyük tipli imtahanın olması - 720 sual və 55 essenin olması idi", deyə tələbə əlavə edib.

Regionşünaslıq fakültəsinin dekanı Samir Həmidov bildirib ki, "məsələ həll olunub":

"Son nəticə tələbələrin ürəkləri istədikləri kimi, qanunvericiliyə uyğun olaraq, təhsil normalarına uyğun olaraq məsələ tənzimləndi", deyə cənab Həmidov bildirib.

Pedoqoji fakültənin dekanı Fikrət Cahangirov isə əlavə edib ki, qərar hazırda gedən Elmi Şurada veriləcək və tələbələr "o variantdan razı qalacaqlar".

Müxbirimizin "Ötən gün "tələbələrin çoxu savadsızdır və imtahandan qorxduqları üçün etiraz etdiyi deyilirdi. Buna münasibətiniz?" sualına cənab Cahangirov belə cavab verib:

"Mən düşünürəm ki, təhsil üçün barometr yoxdur. Hamının bilik və bacarıqları fərdidir. Ola bilməz ki hamı eyni olsun... Mən savadsız deməzdim bizim tələbələrimizə. Dillər Universiteti olaraq, tələbələrin fikrinə hər zaman hörmətlə yanaşılıb...".

Qeyd edək ki, may ayının 30-da ADU tələbələri etiraz aksiyası keçirərək, dövlət imtahanın ləğv olunmasını tələb ediblər.

Etiraz aksiyasında təxminən 200-300 tələbə iştirak edib. Məsələnin həlli üçün təhsil naziri Mikayıl Cabbarov öz müavini Ceyhun Bayramovu hadisə yerinə göndərib. C.Bayramov etirazçı tələbələri universitetin konfrans zalına dəvət edib. Tələbələr isə media nümayəndələrinin də konfrans zalına buraxılması şərti ilə dəvəti qəbul ediblər. Görüşdə C.Bayramov tələbələrin şikayətini dinlədikdən sonra alınan qərarın Elmi Şurasının konfransında açıqlanacağını bildirib.

Xatırladaq ki, ADU-nun keçmiş rektoru Səməd Seyidovun ləğv etdiyi dövlət imtahanını bu il hazırki rektor Əfqan Abdullayev bərpa edib. Dördüncü kurs tələbələri isə iddia edir ki, onlar universitetə qəbul olduqları zaman imzalanan müqavilədə dövlət imtahanı olmayıb. Ə.Abdullayev isə bu qərarın Nazirlər Kabineti tərəfindən təsdiqləndiyini bildirir.

May ayının 26-da pedaqoji təcrübənin yekunlaşması ilə bağlı keçirilən konfransda dördüncü kurs tələbəsi ilə rektor arasında gərginlik yaşanmışdı. Həmin hadisə böyük ajiotaja səbəb olmuşdu.