Bu gün cəmiyyətimizdə aktual məsələyə çevrilən problemlərdən biri də boşanmalardır. Çünki son illər boşanmaların sayı aybaay artır. Statistik rəqəmlər də boşanmaların artdığını təsdiq edir. Hələ rəsmi nikahda olmayıb ayrılan cütlüklərin sayı isə bəlli deyil. Boşanmaların artmasına müxtəlif amillər təsir göstərir. Sosial-iqtisadi çətinlik, zorakılıq, sonsuzluq, tərəflərin bir-birini başa düşməməsi və digər səbəblər göstərilir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov mediaya açıqlamasında bildirib ki, bu gün Azərbaycanda boşanmaların əsas səbəbi ailədaxili məişət zorakılığı hallarının çox olmasıdır: "Ailələrdə qadınlar zorakılıq hallarına dözmək istəmir və öz hüquqlarından istifadə edir. Ailədə iqtisadi vəziyyətin dəyişməsi də boşanmaya səbəb ola bilir. Hətta ailə üzvlərindən birinin işini itirməsi də birbaşa ailəyə təsir göstərir".
Həmsöhbətimizin sözlərinə görə, heç bir nikah boşanmaq məqsədilə qurulmur: "Qadın və ya kişinin ailə qurarkən əsas məqsədi xoşbəxt olmaqdır. Amma bəzən ailədaxili münaqişələr, maddi problemlər, spirtli içkilərə aludəçiliyin təsiri ilə ailədə sıxıntılar müşahidə olunur və boşanmaya gətirib çıxarır. Əvvəllər boşanma cəmiyyətimizdə çox pis qarşılanırdısa, hazırda buna münasibət bir qədər dəyişib. Boşanma hadisələri ilə bağlı insanlar arasında fərqli düşüncələr müşahidə olunur. Bəzi insanlar boşanma hadisəsini çox normal qarşılasa da, bəziləri buna yaxşı baxmır. Boşanmanın səbəblərindən biri nikahdan qabaq tərəfdaşların hər birinin öz partnyoru qarşısında, bilərəkdən və ya bilməyərəkdən, özünün ən yaxşı mənini seçilmiş şəkildə nümayiş etdirməsidir. Nikahdan sonra onların hər birinin əsl məni üzə çıxır. O zaman onlar şok yaşayır. Bu da münasibətlərin pozulması ilə nəticələnir".