Xətai rayonunda yaşayış binasının həyətində aparılan qanunsuz tikinti ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub.
Bu barədə Mia.az-a rayonun S.Vəzirov küçəsi 15-də yaşayan binanın sakinləri məlumat veriblər.
Sayt vasitəsi ilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova üz tutan bina sakinləri həyətlərində inşaası nəzərdə tutulan tikintinin dayandırılmasını xahiş ediblər:
"Təxminən 5-6 ay əvvəl binamızın təxminən 12-15 sot olan ərazisində tikinti aparmaq istədilər. Lakin sakinlər bir nəfər kimi ayağa qalxıb, etiraz elədi. Bundan sonra rayon İcra Hakimiyyəti tikintini dayandırdı. Lakin bu günlərdə həyətimizdə yenidən hərəkətlənmə var. Rayon rəhbərliyi uşaqlarımızın oynadığı, yaşlı insanlarımızın dincəldiyi həyətimizdəki park-fason ərazini yenidən kiməsə satıblar. Artıq bir neçə gündür naməlum adamlar həyətimizdə tikinti işinə başlamaq üzrədirlər.
Cənab prezident, xahiş edirik, biz və ətraf binaların sakinlərinin yay aylarında dincəldiyi, uşaqlarımızın oynadığı bu 10-15 sotluq ərazini bizə çox görməyəsiniz. Çox xahiş edirik, kimlərsə pul qazanmaq üçün mövcud qanunvericiliyi və tikinti normativ qaydalarını kobud şəkildə pozmaqla, bizim ali hüquqlarımızı əlimizdən almalarına imkan verməyin".
Sakinlər şikayətlərində deyirlər ki, bu ərazini rayonun icra başçısının satdığına inanırlar:
"Görəsən, icra başçısının nəvəsi, yaşlı ata-anası yoxdurmu? Bəlkə onlar belə bina evində yaşamırlar, ona görə bu meydançanın bina sakinləri üçün əhəməiyyətini anlamırlar. Çox yaxşı olardı ki, bu prosesin qarşısı vaxtında alınsın. Buradan açıq deyirik, gərəkirsə, bütün bina sakinləri - böyükdən kiçiyə hamı həyətda gecələsə də, bu tikintiyə imkan verməyəcəyik".
Məsələ ilə bağlı Xətai İcra Hakimiyyətindən mövqe öyrənə bilmədik. Onları da dinləməyə hazırıq.
Mia.az