AMEA Naxçıvan Bölməsində Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Bölmədən Mia.az-a verilən məlumata görə, tədbiri Bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq "Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin birinci cildinin hazırlanması istiqamətində görülən son işlərlə əlaqədar tədbir iştirakçılarına məlumat verib. 

Bildirib ki, artıq birinci cild üzərində işlər İşçi qurupu tərəfindən başa çatdırılıb, bu günlərdə kitabın ikinci cildinin hazırlanması işlərinə başlanılacaq.

İclasda AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun elmi katibi, kimya elmləri üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayevin "Darı dağ sürmə filizinin kopleks emalı” mözusunda elmi məruzəsi dinlənilib. Məruzədə Naxçıvan Muxtar Respublikasının Culfa şəhərindən şimala doğru 9 km məsafədə yerləşən Darıdağ sürmə filiz yatağından, sürmə filizi əsasında aparılan təcrübələrdən, onların nəticələrindən bəhs olunub. Məruzə dinlənildikdən sonra Rəyasət Heyətində müzakirə olunub və gələcəkdə aparılacaq tədqiqatların elmi səmərəliyini yüksətmək üçün müvafiq tapşırıqlar verilib.

Tədbirdə bölmənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Hüseynzadə "Dədə Qorqud yurdu-Naxçıvan” tarix və etnoqrafik atlasının hazırlığı barədə Rəyasət heyətinin üzvülərinə məlumat verib. Bildirib ki, artıq sözügedən atlas hazırdır və sonuncu baxışdan keçirilir.

Daha sonra AMEA Naxçıvan Bölməsində akademik Həsən Əliyevin və professor Məhəmmədhüseyn Təhmasibin 110 illik yubleyləri ilə əlaqədar tədbirlərin keçirilməsi barədə qərar qəbul edilib.

Gündəlikdəki növbəti məsələ AMEA Naxçıvan Bölməsinin bir sıra institutlarında yeni işə götürülən əməkdaşların tədqiqat işlərinin planlarının təsdiq edilməsi barəsində olub. Məsələ ilə bağlı bölmənin Elmi-təşkilat şöbəsinin müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov məlumat verib. Tədqiqat işlərinin planları ilə tanış olduqdan sonra, mövzular ətrafında fikir mübadiləsi aparılıb. Yeni işə götürülən gənc kadrların təqdim olunan mövzuları müzakirə olunaraq Rəyasət Heyətinin qərar ilə təsdiq edilib. Akademik İsmayıl Hacıyev yeni işə qəbul edilən gənc kadrlarla işin təşkili ilə bağlı elmi-tədqqiqat müəssisələrinin direktorlarına müvafiq tapşırıqlarını verib.

İclasda bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinə ictimai əsaslarla rəhbərlik edən, elmi işçi Elxan Məmmədov Rəyasət Heyətinin qərarı ilə həmin şöbənin müdiri, Bioresurslar İnstitutunun "Bitki sistematikası” şöbəsinin elmi işçisi Seyfəli Qəhrəmanov isə böyük elmi işçi vəzifələrinə təyin olunublar.

Sonda cari məsələlər müzakirə olunub. Bölmənin İncəsənət, Dil və Ədəbiyyat, Bioresurslar və Təbii Ehtiyatlar İnstitutunun əməkdaşlarının hazırladıqları kitablar Rəyasət Heyətinin üzvülərinə təqdim edilib. 

Müzakirələrdən sonra 11 kitab və monoqrafiyanın bəzisinin adlarında dəyişiklik edildikdən sonra onların nəşrinə icazə verilib.