Hərbi-ekspert, ehtiyatda olan  polkovnik Üzeyir Cəfərov hərbi qulluqçulara verilən ərzaq pulu ilə bağlı sərt etirazını bildirib.

Mia.az Ü.Cəfərovun bu barədə firkilərini təqdim edir: 

"Sizə çatdırmaq istədiyim fikirlər, təkliflər ola bilsin ki, bəzilərində istehza, bəzilərində isə qəribə hisslər yaratsın. 

Ancaq, gəlin imkan daxilində mənim fikirlərimi bir yerdə təhlil edək və qoy hər kəs öz mövqeyində haqlı olsun. Əgər yazdıqlarım həqiqətdən uzaq olsa, hər birinizdən üzr istəyərək, qiymətli vaxtınızı mənə sərf etdiyinizə görə halal etmənizi xahiş edəcəyəm. 

Mən Silahlı Qüvvələrin zabit və gizirlərinə verilən ərzağa görə pulun miqdarı ilə bağlı bəzi düçüncələrimi sizin diqqətinizə çatdırmaq istəyirəm. 

Xatırladım ki, bu məbləq 2017-ci ilin yanvarın bu gününə kimi səhv etmirəmsə, 64 manat civarındadır. Sadə dillə desək, yəni hökumətimiz öz zabit və gizirinə gündəlik qidalanmaq üçün 2 manat (!) pul nəzərdə tutur. Mən doğrusu 25 ilə yaxın müddətdə istər keçmiş SSRİ, sonra isə müstəqil Azərbaycan Silahlı Qüvvələrinin zabiti olaraq bu məbləğdə gündəlik ərzağ (qida) rasionunun olmasını xatırlamıram. Və bu məbləğı bu gün öz zabit və gizirlərinə rəva görən hökumətin başbilənlərindən soruşmaq istəyirəm: hörmətli baş nazir Artur Rəsizadə və komandanın üzvləri, siz axırıncı dəfə ərzağa görə mütəxəsisslərin sizə əsaslandırılmış hesabatlarına, rəqəmlərinə nə vaxt baxmısınız və onlar sizi inandıra biliblər ki, 64 manata zabiti, giziri indiki şəraitdə qidalandırmaq olar? 

Onu da gözəl bilirəm ki, böyür-başınızda olan "ağıllı yoldaşlar" o dəqiqə gözə soxmağa çalışacaqlar ki, bəs zabit və gizir çox böyük məvacib alır və onun məvacibi onun özünün və ailəsinin qidalanmasına da, digər təlabatlarına da bəs edir. 

Xeyr və min dəfə, xeyir, hörmətli hökumətin rəhbər şəxsləri!!! Bu illər ərzində ərzağın,kommunal xərclərin miqdarı dəfələrlə artmasına baxmayaraq, bu ərzağa görə qəpik-quruş olan məvacib nədənsə dəyişməyib. 

Və ən əsası, siz 62 manatın istər gənc ailəsi olan zabit və ya gizirin, eləcə də 3-5 nəfər ailə tərkibi olan insanların hansı ehtiyac meyarlarını ödəyə biləcəyini kobud da olsa, təsəvvürünüzə gətirə bilirsinizmi? Bildiyiniz kimi, Azərbaycan prezidentinin 21 yanvar tarixli fərmanı ilə Azərbaycanda minimum əməkhaqqı 11 manat artırılaraq 116 manat olub. Minimum əməkhaqqı son dəfə 4 il öncə 11 manat 50 qəpik artırılaraq, 105 manata çatdırlmışdı.

Azərbaycan Avropa Sosial Xartiyasına qoşulduğundan, onun 4-cü maddəsinə əməl etməli və minimum əməkhaqqını tədricən orta aylıq maaşın 60 faizinə çatdırmalıdır. Ötən il 11 ayın nəticəsinə görə, Azərbaycanda nominal orta aylıq əməkhaqqı 493 manat 8 qəpik. Bu o deməkdir ki, Azərbaycanda minimum əməkhaqqı, ən azı, 296 manat 28 qəpik olmalıdır. Sutkanın 24 saatını gecə və gündüz bilmədən Vətənin müdafiəsinə, təhlükəsizliyimizin təmininə sərf edən hərbçisinə hökumət adi vətəndaşın minimum əmək haqqı miqdarında məvacib verir, ərzaq payı isə çox gülməli - 64 manatı göstərən rəqəmlə ifadə olunur. 

Sizcə, bu ədalətlidirmi və sizə elə gəlmir ki, yaxın gələcəkdə ölkənin müdafiəsinə öz həyatını bağlamaq istəyən insanlarda bir qədər məyusluq və tərəddüd yaranmasına gətirib çıxaracaq? 

Mən başa düşürəm ki, indiki ağır iqtisadi bir şəraitdə bu mövzunu gündəmə gətirmək çoxlarına qeyri-ciddi təsir bağışlaya bilər. Amma və lakin, mən o vəsaiti büdcə vəsaitlərini 1 qəpik belə artırmadan çox asanlıqla tapa da, yollarını da göstərə bilərəm. Sadəcə, ölkənin hökumət və dövlət strukturlarının cavabdeh şəxsləri tez bir zamanda bir araya gələrək həddindən çox şişirdilmiş güc strukturlarının minlərlə lazımsız ştat vahidlərini ixtisara salmalı, dövlətin on milyonlarla vəsaitini mənasız yerə dağıdan harınlamış məmurları hökmranlığına son qoymaq lazımdır. Çox çətin bir prosesdir, amma bir qədər dövlətçilik mövqeyindən yanaşma olsa, bu işin səmərəsi də olacaq, insanlar da bürokratik məmurlardan, statlardan canlarını qurtarmış olarlar. 

Vallah, bu gün büdcəni şüurlu sürətdə o qədər dağıdanlar var ki, onların dövlətə və xalqa verdikləri faydanın əmsalı sıfırdan da aşağıdır. Bu ballastdan qurtulmaq lazımdır. "Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında qeyd edilir ki, işləyən vətəndaşların layiqli həyat səviyyəsini təmin etmək məqsədi ilə, iqtisadiyyatın inkişafından asılı olaraq, minimum əməkhaqqı məbləğinin tədricən minimum yaşayış standartlarına və Avropa ölkələrində müəyyənləşdirilmiş normativə - orta aylıq əməkhaqqının 60 faizi məbləğinə çatdırılması üçün tədbirlər görüləcək. Bu göstərici ilə bağlı hökumətin digər öhdəliyi də var: Azərbaycanda minimum əməkhaqqı mərhələlərlə ölkə üzrə yaşayış minimumu səviyyəsinə yüksəldilməlidir. 

Bu barədə 2004-cü ildə qəbul edilmiş "Yaşayış minimumu haqqında” qanunda qeyd olunub. Hətta bu və digər qanunlara əsaslanaraq demək istəyirəm ki, hökumətin hərbi qulluqçulara ərzağa görə verdiyi pulun miqdarı heç bir normaya və normativlərə uyğun deyil. Əgər bunun əksini sübut edə biləcək hansısa mütəxəssis və ya struktur varsa, buyursun. Bizim yazdıqlarımızı təkcə özümüz oxumuruq deyə, bəzi xırda, amma çox önəmli məsələləri geniş xırdalamağa lüzum görmədim. Hesab edirəm ki, yuxarıda qeyd etdiklərim də, hərbçi dostlarımız tərəfindən obyektiv və ədalətli şəkildə təhlil ediləcək.

Silahlı Qüvvələrimizin bütün şəxsi heyətinə-haqqı olan sıravi əsgərindən tutmuş generalına kimi çətin və şərəfli xidmətlərində yalnız və yalnız uğurlar arzulamaq istərdim!! Tanrı Sizi və hamımızı qorusun!!".

Mia.az