Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. 

Şuradan Mia.az-a verilən məlumata görə, Şura sədrinin müavini Vüsal Quliyev iclası açaraq gündəliyə təklif olunan Şuranın 2017-ci il qrant müsabiqəsinin qayda və şərtləri haqqında məsələni elan edib. 

Gündəlik yekdilliklə təsdiq olunub. 

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın Əsasnaməsinə və QHT-lərə dövlət dəstəyi Konsepsiyasına uyğun olaraq qurumun 2017-ci il qrant müsabiqəsinə təklif olunan mövzular, şərtlər, qaydalar və yenilənmiş elektron proqram təminatı haqqında məlumat verib. 

İcraçı direktor Şuranın 2017-ci il qrant müsabiqəsinin mövzularının müəyyən edilməsi məqsədi ilə yüzlərlə QHT-nin iştirakı ilə keçirilmiş ictimai müzakirədə səsləndirilən rəy və təkliflərin nəzərə alındığını bildirib.

Şura üzvləri Nərgiz Xələf, İlqar Məmmədov, Emin Həsənli Şahin İsmayılov, Əliməmməd Nuriyev və Rufiz Qonaqov 2017-ci il qrant müsabiqəsinin mövzuları, şərtləri, QHT-lərin layihələrin qəbulu üzrə elektron xidmətlə bağlı təlimatlandırılması və digər məsələlərlə bağlı təkliflərini səsləndiriblər. 
Müzakirələrdən sonra iclasın gündəliyində olan məsələ səsə qoyularaq qəbul edilib.

Müzakirələrdən sonra 01 dekabr 2016-cı il tarixdə Şuranın 2017-ci il üçün qrant müsabiqəsinin elan olunması haqda qərar qəbul edilib.