Türk Cümhuriyyətinin müxtəlif muzey və kitabxanalarında XIII əsrdə yaşamış görkəmli Azərbaycan alimi Hiduşah ibn Səncər Naxçıvaninin "Əs-Sihəhül Əcəmiyyə” adlı farsca-türkcə lüğətinin əlyazma nüxsələri qorunub saxlanılır.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindıən Mia.az-a verilən məlumata görə, bu günlərdə AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev Türkiyənin İstanbul şəhərinin Süleymaniyə Kitabxanasından və Topqapı Sarayı Muzeyindən Hiduşah ibn Səncər Naxçıvani tərəfindən XIII əsrin sonlarında fars və türk dillərində qələmə alınan "Əs-Sihəhül Əcəmiyyə” adlı əlyazmanın XV əsrə aid iki nüxsəsinin foto surətlərini əldə edərək bölməyə gətirib.
AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev tərəfindən tədqiqata cəlb olunan əlyazmanın bir nüxsəsi 108 səhifədən, o biri nüxsəsi isə 77 səhifədən ibarətdi. Qeyd edək ki, əsər təkcə lüğət olmamış, eyni zamanda Qafqaz, Anadolu, Balkanlar və Yaxın Şərq mədrəsələrində dərs vəsaiti kimi də istifadə olunub. Buna görə də dünyanın müxtəlif kitabxana və muzeylərində sözügedən əsərin bu günə kimi 100-ə qədər nüxsəsi mühafizə olunmaqdadı.
Məlumat üçün onu da qeyd edək ki, əldə olunan əlyazmaların foto surətləri AMEA Naxçıvan Bölməsinin Əlyazmalar fondunun balansına daxil edilib.