Zərdab rayonu Şahhüseynli kənd orta məktəbinin direktoru Ceyhun Tofiqli tərəfindən zorlandığı bildirilən 11-ci sinif şagirdi Nazilə Abduləliyevanın (ad şərtidir-red.) atası Rəmzi Abduləliyev olke.az-ın suallarını cavablandırıb.

- Ceyhun Tofiqlinin ailəsini necə tanıyırsınız?

- Eyni kənddənik, qohumluğumuz yoxdur.

- Bəs necə olub ki, bu işdən xəbər tutmusunuz?

- Qayınanam ağır xəstədir. Həyat yoldaşım qalxıb ki, anasının paltarını dəyişsin, görüb qız yerində yoxdur. Qızın səsinə evdən çıxıb. Gedib görüb ki, darvazanın ağzında...

- Ceyhun Tofiqli ilə?

- Bəli, Ceyhun zəng edib ki, gəl, sənə kitab gətirmişəm. Qızım da hazırlığa gedir. İnanıb, gedib. Bu gün 17 yaşı tamam olur.

- Söhbət konkret intim münasibətdən gedir?

- Qızım anasına deyib ki, elə bir şey olmayıb. Anası beş dəqiqə də gec çıxsaydı, iş işdən keçəcəkdi.

- Direktor məktəbdə ona hansısa xoşagəlməz hərəkət edirmiş?

- Bu barədə eşitməmişəm.

- Ceyhun Tofiqlinin ailəsi bildirir ki, ekspertiza zorlamanın olmadığı qənaətinə gəlib.

- Deyiblər ki, qalsın həftənin altıncı gününə. Mənə müəmmalı gəlir ki, niyə şənbə gününə qalsın. Ucarın eksperti pulgir adamdır.

- Axı bu iş Zərdab ərazisində baş verib. Niyə Ucardan baxılsın?

- Mənə də müəmmalı gələn budur. Zərdabın eksperti elə adamdır ki, nə də təklif etsən, düzgün nəticə çıxaracaq. Mənə elə gəlir ki, bu işi uzatmaq üçün belə edirlər.

- Ceyhun Tofiqlinin həbsini istəyirsiniz?

- Bütün kənd camaatı, vəzifə adamları deyir ki, bu adam ömürlük həbs cəzası almalıdır.

- O ailəyə get-gəliniz olub?

- Olmayıb.

- Adətən kənd yerlərində qızları tez ərə verirlər, nişanlayırlar...

- Xeyr, qızım təhsil alırdı. Onun üçün əsas olan dərsidir, oxuduğu məktəbin ən nümunəvi və yaxşı oxuyan şagirdidir. Məktəb direktorları, icra başçısı da onu tanıyır, fotoları var.

- Sizin vasitənizlə qızınızla danışa bilərik?

- Mən ailəmdən ayrılmışam, ailə qurmuşam. Amma qızımla yaxşı münasibətlərim var, rayona hazırlığa mən aparıb gətirirdim.

- Ceyhun Tofiqlini necə insan kimi tanımısınız?

- Yaxşı adam kimi tanımamışam.