Ölkənin ən çox adı qalmaqallarda və mənimsəmə faktlarında hallanan icra başçılarından biri olan Beyləqanın icra başçısı Vaqif Abdullayev yeni ittihamla üzləşib.
Beyləqanlı müəllim və tibb işçilərindən ibarət qurupun AzMedia.info-ya verdiyi məlumata görə, icra başçısı onların pambıqpulunu mənimsəyib.
Məktubda bildirilir ki, Beyləqan şəhər məktəblərinin müəllimləri və Beyləqan Mərkəzi Xəstəxanasının tibb personalı məcburi şəkildə pambıq yığımına cəlb olunub.
Onlara bildirilib ki, yığdıqları pambığın pulunu 15 qəpikdən alacaqlar.
Şikayət məktubunda göstərilir ki, ağır hava şəraitində min cür əziyyətlə Beyləqan şəhər məktəblərinin müəllimləri 8 ton, Beyləqan Mərkəzi Xəstəxanasının tibb personalı isə 3 ton pambıq yığıblar. Bundan sonra isə müəllim və tibb işçiləri ümumilikdə yığdıqları 11 ton pambığın pulunu istəsələr də, onlara deyilib ki, pambığın pulunu icra başçısı götürüb.
Qeyd edək ki, 11 ton pambığın 0,15 manatdan qiyməti 1650 manat edib. Yəni faktiki olaraq Vaqif Abdullayev müəllimlərin 1200 manatını, tibb işçilərinin isə 450 manatını ata malı kimi cibinə qoyub.
Maraqlıdır ki, müəllim və tibb işçiləri pambıq yığarkən icra başçısı da yaxasına fartuk taxaraq pambıq yığarkən şəkil çəkdirib: "Vaqif Abdullayevin pambıq yığması cəmi iki dəqiqə də çəkməyib. Başqalarının yığdığı pambıq fartukunu belinə bağlayan icra başçısı jurnalistə poza verdikdən sonra tarlanı tərk etdi...".