Bir müddətdir ki, Azərbaycanda ərazi vahidlərinin dəyişdirilməsi və vilayətlərin yaradılması məsələsi gündəmə gəlib. Yəni mövcud regional icra hakimiyyətləri ləğv ediləcək və bunun yerinə 13 vilayət yaradılacaq. Azərbaycanın xəritəsindəki 85 rayon isə tarixə qovuşacaq.

Ölkədə bu cür islahatın aparılması nə dərəcədə realdır? Bütün bunlar nəyə hesablanıb. Bəs hazırki 9 iqtisadi rayon bölgüsü 13 vilayət sisteminə necə uyğunlaşdırılacaq?

Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Azər Badamov hafta.az–a açıqlamasında deyib ki, 13 vilayətin yaradılması ilə bağlı onda heç bir rəsmi məlumat yoxdur. Üstəlik bununla əlaqədar Milli Məclisdə heç bir məsələ müzakirə olunmayıb. Yəni yayılan xəbərlərin hələlik heç bir rəsmi əsası yoxdur.

Millət vəkili Tahir Rzayev də həmkarı Azər Badamovun dediklərini təsdiq edib.  Regional Məsələlər Komitəsinin üzvü bildirib ki, deyir ki, bu cür xəbərləri müyyən dairələr yayır:

"Hələlik Milli Məclisə elə bir təklif və ya layihə daxil olmayıb.. Buna elə bir səbəb yoxdur. Bu dövlət başçısının səlahiyyətlərinə aid olan məsələdir. Hazırda dövlət rəhbəri icra strukturları rəhbərinə deyir ki, vətəndaşlara daha da yaxın olmaq lazımdır. Yerli qurum rəhbərləri daima insanların içərisində olmalıdır. Onlarla sıx münasibət yaratmalıdır. Ona görə də bir müddət əvvəl yerli icra strukturları haqqında bir qanun qəbul etdik. Bu qanuna əsasən müəyyən ərazilərdə müəyyən icra strukturları, icra nümayəndəliklərinin əsası qoyuldu. Böyük şəhərlərdə, o cümlədən Bakının əhalinin daha sıx yaşadığı məntəqələrdə əlavə icra nümayəndəlikləri yarandı. Dünən mənə daxil olan məlumata görə, Göyçayda və digər əhalinin sıx yaşadığı rayonlarda əlavə icra nümayəndəlikləri formalaşdırılıb.  Bütün bunlar idarəetmənin daha da yaxşılaşdırılması üçün edilir. Vətəndaşlara yaxın olmaqla onların ərizə və şikayətlərinə vaxtında cavab verilməsi üçündür. Amma idarəetmənin təkmilləşdirilməsi ilə bağlı 13 vilayət məsələsinin də gündəmə gəlməsi istisna deyil. Bu dövlət siyasətidir. Amma bu gün bölgələr üçün hazırki strukturun qalması olduqca vacibdir”.

Bəs bu cür sistemin yaradılması reallaşarsa hazırki 9 iqtisadi rayon sisteminin aqibəti necə olacaq?

İqtisadçı ekspert Qalib Toğrulun sözlərinə görə, 13 vilayətin yaradılması sırf idarəetmə ilə bağlı məsələdir. Azərbaycanda idarəetmə sistemi mərkəzləşdirilmiş bir sistemdir. Əks mərkəzləşdirilmə aparılmalıdır:

"Çox mərkəzləşdirilib. Bu həm də siyasi məsələ olduğu üçün həssas olmaq lazımdır. Çünki gözlənilməz nəticələr verə bilər. Hər bir regionda rəqabət qabiliyyətinin artırılması ilə bağlı indikarorlar işlənib hazırlanmalıdır. Hazırda bizdə 9 iqtisadi rayon var. Həmin iqtisadi rayonlara daxil olan şəhərlərin, rayonların bir sistemə salınması o vaxt əsaslandırılmayıb. Mütləq dəyişikliklər olmalıdır. Ola bilsin ki, iqtisadi rayonların sayı azaldılmalıdır və ya  vilayətlər yaradılmaldır. Burada ən vacib məsələ yerli idarəetmənin təşviq olunmasıdır. Yəni rayonlar vəğv edildikdən sonra vilayətlər yaradılarsa, yerli idarəetmə orqanlarının maddi təminatı yaxşılaşdırılmalıdır. Bələdiyyələr iqtisadi lahiyələrin icrasını həssaslıqla həyata keçirməlidir”.