Mia.az-da "Təfəkkür” Universitetindən təhsil haqqını ödəyə bilməyən 42 kasıb tələbənin qovulması ilə bağlı xəbərə adıçəkilən universitetdən rəsmi reaksiya verilib.
Universitetin Tədris metodiki idarəsinin rəisi İ.Musayevin imzası ilə Mia.az-a göndərilən rəsmi cavabı olduğu kimi təqdim edirik:
"Sizin xəbər saytında "Təfəkkür” Universitetində 42 nəfər tələbənin Universitetdən xaric olması barədə məlumat verilmişdir.
Nəzərinizə çatdırırıq ki, 2015/2016-cı tədris ilinin sonunda müvafiq əsasnaməyə uyğun olaraq qeydiyyatdan keçməyən 26 nəfər tələbə (bir neçə dəfə xəbərdarlıq edildiyinə baxmayaraq) yalnız təhsil haqqını ödəmədiyinə görə universitetdən xaric olunmuşlar.Akademik borcu olan tələbələrə gəldikdə isə, əsasnaməyə uyğun olaraq onlardan heç biri universitetdən xaric olunmamışdır.
Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, universitetdən xaric olunmuş tələbələr, əgər təhsil haqqını ödəyərək qeydiyyata düşərlərsə, onlar bir semestr keçdikdən sonra universitetə bərpa oluna bilərlər.
Yuxarıda qeyd olunanları xəbərlər saytınızda nəzərə almağınızı xahiş edirik".
Xatırladaq ki, Mia.az saytı həmin xəbəri Avropa.info saytına istinadən yaymışdı.