Bakıda yol polisi ilə sürücü arasında mübahisə yaşanıb.
Hhadisə Tbilisi prospektində qeydə alınıb. Səhər saatlarında Bakı şəhər Dövlət Yol Polis İdarəsinin yol-patrul xidməti alayının komandiri Rəşadət Babayev (DYP 10 AP 400) bir avtomobili saxlayıb.
Həyat yoldaşını işə aparan şəxsə yaxınlaşan polis işçisi avtomobili yolun kənarından götürməyi tələb edib. Sürücü o anda polisdən xahiş edib ki, həyat yoldaşı hamilədir və burada düşməyini xahiş edib.
Ancaq Rəşadət Babayev ərinin yanında qadını söyüb. Bundan əsəbləşən sürücü isə avtomobildən düşərək polislə mübahisə edib. Rəis müavini Rəşadət Babayev sürücüyə sillə vurub və onu da söyüb. Hadisəni kənardan görən mühafisəçi də məsələyə müdaxilə edib. Ancaq polis işçisi ona da arxadan təpik vurub(BAKU.WS).
***
"Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) yol-patrul xidməti (YPX) alayının komandiri Rəşadət Babayevin guya kimisə döyməsi ilə bağlı yayılan məlumatlar qəsdən şou yaratmaq və DYP-nin işinə kölgə salmaq məqsədi daşıyır".
Bunu "Report"a açıqlamasında DYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov R.Babayevin guya hamilə qadını söyməsi və onun ərinə sillə vurması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.
"Şəhərin Tibilisi prospektinin sözügedən ərazisində dayanma-durmanı qadağan edən nişan quraşdırılıb. Bu nişanların təsiri zonasında qanuni xidmət aparan YPX əməkdaşlarının fəaliyyətinə bilərəkdən xələl gətirmək və ictimaiyyət arasında mənfi imic yaratmaq məqsədi ilə bu informasiya yayılıb.
Videogörüntüdən aydın olur ki, orada polis əməkdaşı heç bir hamilə qadına qarşı kobudluq etməyib və heç kəsə sillə vurmayıb. Videoda əvvəlcədən bir neçə şəxsin həmin ərazini mobil telefon ilə video-qeydiyyata alması hadisənin əvvəlcədən planlaşdırılmasından xəbər verir. Əgər YPX əməkdaşı hamilə qadına qarşı kobudluq edibsə və onun ərinə sillə vurubsa onlar niyə şikayət etməyiblər?!
Bu, həmin ərazidə fəaliyyət göstərən bəzi şirkətlərin əməkdaşları tərəfindən ona görə hazırlanıb ki, həmin ərazidə dayanma-durmanı qadağan edən nişan ləğv edilsin və onlar öz avtomobillərini çalışdıqları şirkətin qabağında saxlaya bilsinlər. Bu isə mümkün deyil. Çünki həmin ərazi Bakının şimal girişidir. YPX əməkdaşları da həmin ərazidə xidmət apararaq süni tıxacların yaranmaması üçün qanunsuz parklanmalara qarşı mübarizə aparır. Həmin sürücü avtomobilini yolun hərəkət hissəsində qanunsuz olaraq park edib və polis əmədaşının qanuni tələblərinə əməl etməyib".
V.Əsədov vurğulayıb ki, həmin video-görüntü qeyri-peşəkar jurnalistlər tərəfindən araşdırılmadan, qərəzli olaraq yayımlanıb: "Video-görüntülərdə qeyd olunan görüntü yoxdur, jurnalistin belə bir xəbər yazmaqda məqsədi nədir?! Əgər iş məhkəmə səviyyəsinə qaldırılsa, həmin jurnalist nə cavab verəcək?!".