Bakı sakini Şəhla Atakişiyeva  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə açıq məktub yazıb.

Surəti Mia.az-a göndərilən məktubu qısa ixtisarla təqdim edirik:

"Hörmətli Cənab Prezident!

Sultan Suleyman bir qarışqa ailəsini əzməmək üçün böyük bir ordunun yolunu dəyişməyə qərar verdi. Sizin təyin etdiyiniz məmurlar isə bir yol layihəsini həyata keçirmək üçün yüzlərlə insanın haqqını vermədən ata-baba yurdlarını traktor altına verərək qarışqaları yox, insanları evsiz-eşiksiz qoymağa üstünlük verdilər. Demək, biz bu ölkədə qarışqa qədər də əhəmiyyət kəsb etmirik.

Deyirsiz, məmur özbaşınalığından mənə yazın. Özbaşınaları uzaqda axtarmaq lazım deyil, onlar sizin təyin etdiyiniz və özləri dedikləri kimi, bütün qanunsuzluqları Prezidentin göstərişi ilə həyata keçiririk, söyləyən Baş nazirdən üzü aşağı bir sürü qanuna məhəl qoymayan, özünüz dediyiniz kimi, qudurmuşlardir.

24.07.2016-cı il tarixdə Bakı şəhəri Zərgərpalan küçəsi dalan 7, ev 2 ünvanında ulu babamın 1905-ci ildə 54 kv.m torpaq sahəsi üzərində öz vəsaiti hesabına tikdirdiyi 3 mərtəbəli mülk alqı-satqı edilmədən, məhkəmə qətnaməsi olmadan, Konstitusiya və qanunlara məhəl qoyulmadan, Nazirlər Kabinetinin "Torpağın alınmasını zəruri edən dövlət ehtiyaclarının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” 11.11.2015-ci il tarixli 358 saylı qərarını əsas gətirərək başımıza uçuruldu,12 nəfər ailə üzvüm küçəyə atıldı.

Mən, sizin imzaladığınız "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" AR Qanununa, "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə" AR Prezidentinin 2011-ci il 15 fevral tarixli 382 nömrəli Fərmanına, 05 iyun 2012-ci il tarixli AR Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında AR Qanununa (maddə 246-249), AR Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanına, AR Torpaq Məcəlləsinə (maddə 4; 50.1), AR Mülki Məcəlləsinə (maddə 178.6;179.2) əsaslanaraq, Yasamal rayonu, Zərgərpalan küçəsi, dalan 7, ev 2 ünvanında sökülmüş şəxsi mülküm üçün Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında AR Qanununun 47-ci maddəsinə əsasən hesablanmış kompensasiya ilə bağlı tələbimi 11 avqust 2016-cı il tarixdə Nazirlər Kabinetinə, Maliyyə nazirliyinə,Yasamal rayon İcra Hakimiyyətində yaradılmış köçürmə komissiyasına təqdim etmişəm.

Tələbin qanunauyğun olduğunu inkar etməyən bu məmurlardan aldığım cavab ancaq bundan ibarət oldu: "Qanunlar bizi maraqlandırmır, bizə nə göstəriş verilibsə, onunla işləyirik”.

Əgər bu qanun və fərmanların bir qəpik qiyməti yoxdursa, niyə əziyyət çəkib onları imzalayırsınız? 

Düzü, bu məktubu sizə çatdıracaqlarına da inanmıram, çünki onlar sizi əsla sevmirlər, ancaq öz məqsədləri üçün çalışırlar.

Hər kəs öz ətrafını özü seçir. Allah yar və yardımçınız olsun!".